04 May 2024
Bu gün Saakaşvilinin taleyi həll olunur – Avropa Parlamenti...

Bu gün Saakaşvilinin taleyi həll olunur – Avropa Parlamenti...

15 Fevral 2023
Baxış: 374

Bu gün Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı qətnaməni səsverməyə çıxaracaq.

AJMEDİA.İNFO bildirir ki, bu barədə qurumun saytında məlumat dərc olunub. Deputatlar beş siyasi qrup - "Avropa xalq partiyası”, "Renew Group”, Sosial Demokratlar, Yaşıllar/Avropa Azad Alyansı və Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu tərəfindən hazırlanmış qətnaməyə səs verəcəklər. Hər beş qrup Saakaşvilinin müalicə üçün xaricə köçürülməsini tələb edib.

Məlumata görə, qətnamənin beş mətni Avropa Parlamentinə təqdim olunub və onlardan ikisində Bidzina İvanişvilinin adı çəkilib.

“Gürcüstanın yeganə oliqarxı Bidzina İvanişvilinin Mixail Saakaşvilinin saxlanmasında və səhhətinin pisləşməsində oynadığı şəxsi rolundan təəssüflənirik”, - deyə qətnamədə bildirilib. Eyni zamanda sənəddə İvanişviliyə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub.

Bidzina İvanişvili kimdir?

İvanişvili Gürcüstanın 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstanın Baş Naziri olub.

1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olan Bidzina mühəndis-iqtisadiyyat fakültəsini bitirib, Moskvada aspirantura təhsili alıb. Gürcüstanın "Kartu" bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. "Unikor" qrupunun sahibi, iqtisad elmləri namizədidir. 2011-ci ildən siyasətlə məşğul olmağa başlayan İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku 2012-ci il parlament seçkilərində deputat yerlərinin yarıdan çoxunu qazana bilib. Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini "Forbes" jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Onun üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır.

Qeyd edək ki, bundan əvvəl Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski Saakaşviliyə qarşı işgəncələrin dayandırılmasını tələb edib. Xatırladaq ki, fevralın 6-da Tiflis şəhər məhkəməsi Saakaşvilinin vəkillərinin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyib.