04 May 2024
Baydenin İlham Əliyevə məktubu: Vaşinqton Bakıdan nə istəyir?

Baydenin İlham Əliyevə məktubu: Vaşinqton Bakıdan nə istəyir?

25 May 2021
Baxış: 648

Baydenin İlham Əliyevə Respublika Günü ilə bağlı təbrik məktubunun mətnində iki məqam diqqət çəkir.

- ABŞ Xəzərdəki yatağın Azərbaycanla Türkmənistanın birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətliyyətlə dəstəkləyir.

Bu, Vaşinqtonun Transxəzər layihəsinə dəstəyinin ifadə edilməsidir. Türkmənistan, ümumilikdə Mərkəzi Asiya coğrafiyasının enerji resurslarının Avropaya çıxışı üçün irəli sürülən bu layihənin önündə iki praktiki maneə var idi:

- birincisi, Xəzərin hüquqi statusunun həll edilməməsi;

- ikincisi, Bakı və Aşqabad arasında yataq mübahisəsinin mövcudluğu;

Birincisi məsələ 2019-cu ildə həll olundu. Türkmən qazının Cənub Qaz Dəhlizinə qoşulmasına qarşı olan Rusiya kəmərə qarşı “ekoloji problem” maneəsi yarada bilər, hərçənd, bu rıçağın təsiri zəif olacaq.

İkinci məsələ 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı: tərəflər mübahisəli yatağa “Dostluq” adı verərək, birgə istifadə üzərində razılaşdı.

Baydenin təbrik məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsindən bəhs edərkən, Xəzərdəki yataq anlaşmasını qətiyyətlə dəstəkləməsi Transxəzər layihəsinə “yaşıl işığın” yandırıldığı deməkdir. Çünki türkmən qazı Bakıya çatdırılmasa, Avropanın enerji ehtiyacı tam ödənməyəcək. Bayden bu məqamı xüsusi vurğulamaqla Avropaya da enerji təhlükəsizliyinin Vaşinqtondan asılı olduğu mesajını çatdırır.

Bu, Vaşinqtonun “Şimal axını -2” layihəsinə qarşı sanksiyaları götürməsi fonunda diqqət çəkir. Mümkündür ki, “Şimal axını – 2” layihəsinə maneənin yaradılmaması qarşılığında ruslardan Transxəzərə müdaxilə etməməsi istənilib. Moskva öz layihəsini başa çatdırana qədər neytral qala bilər.

- ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiqdir.

Bu ifadə ikimənalıdır. İlham Əliyev Vaşinqtona postkonfilikt dövründə münasibətləri normallaşdırmağa kömək etməsi ilə bağlı çağırış etmişdi. Baydenin münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda köməyə hazır olması bu çağırışa cavab ola bilər. Lakin burada Vaşinqtonun bəhs etdiyi “danışıqlar” Bakının münaqişənin həll edildiyi tezisinə zidd görünür. Əslində Bayden ikimənalı ifadəsi Bakıya ABŞ-ın istəkləri ilə, xüsusilə regionda açılacaq kommunikasiya xətlərindən istifadə məsələsində, razılaşması üçün mesaj hesab oluna bilər.

Asif Nərimanlı