04 May 2024
Bakıda ətin qiyməti niyə bahadır?

Bakıda ətin qiyməti niyə bahadır?

01 Dekabr 2022
Baxış: 335

Ölkədə ərzaq qiymətlərində bahalaşma ardıcıl bir neçə aydır ki, davam edir. Belə ki, gündəlik tələbat məhsullarında bu, daha çox müşahidə edilir. Ət məhsulları da bu siyahıya daxildir. Paytaxtın pərakəndə satış məntəqələrində ətin qiyməti müxtəlifdir. Qiymətlər 11-18 manat arasında dəyişir. Lakin bəzi regionlarda qiymətlər paytaxtla müqayisədə xeyli aşağıdır.

AJMEDİA.İNFO xəbər verir ki, deputat Elnur Allahverdiyev Milli Məclisin iclasında ətin Ağcabədi və Bərdə rayonlarında ortalama qiymətinin 11 manat, Bakıda isə 18 manat təşkil etdiyini bildirib.

Deputatın sözlərinə görə, səhər tezdən ət topdansatıcılardan 8 manata alınır: "Belə olan halda, mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır. Ətin qiyməti hansı metodologiya ilə hesablanır? Bəlkə həqiqətən ölkə daxilində hansısa rüsum var, biz bilmirik? Təkcə 2 ay ərzində ətin qiyməti 13 manatdan 15 manata, sonra isə 18 manata qalxıb".

Bəs qiymətlərin regionlarla müqayisədə baha olmasının səbəbləri nələrdir?

Bununla bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, paytaxtda ətin qiymətinin regionlara nisbətən baha olmasının bir neçə səbəbi var: "Bunun əsas səbəbi odur ki, paytaxt sakinlərinin alıcılıq qabiliyyəti rayon əhalisinin alıcılıq qabiliyyətindən daha yüksəkdir. Maaşlar da paytaxtda daha yüksəkdir. İkinci səbəb logistik xərclərdir. Belə ki, regionlardan Bakıya gətirilmə xərcləri də qiymətlərə təsir göstərir. Nəticə etibarilə paytaxda ətin qiyməti regionlara nisbətən daha baha olur".

Əlavə edək ki, Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 62,7 milyon dollar dəyərində 33,8 min ton ət idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,2%, həcm baxımından isə 4,3% çoxdur. Bu ilin 10 ayında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 470,8 min ton ət istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,9% çoxdur.