03 May 2024
Azərbaycanın Özbəkistandakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza ərzaq yardımı edib

Azərbaycanın Özbəkistandakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza ərzaq yardımı edib

03 May 2020
Baxış: 548

Özbəkistana müxtəlif məqsədlərlə gələn bir çox Azərbaycan vətəndaşının dünyada koronavirus pandemiyasının güclənməsi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində vətənə qayıtması qeyri-mümkün olub. Onlar Azərbaycanın Özbəkistandakı səfirliyinə telefonla müraciət edərək Azərbaycan dövlətindən kömək istəyiblər.

AJM xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən xüsusi komissiya və fond yaradılıb, Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dair araşdırma aparılıb. Məlum olub ki, Özbəkistana müvəqqəti və iş məqsədilə gələn 170-dən çox Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində məskunlaşıb. Səfirlik onların siyahısını hazırlayıb, ünvanları, əlaqə telefonları və digər məlumatları dəqiqləşdirib.

Özbəkistanda vətəndaşlarımıza yardım məqsədilə xüsusi fond yaradılıb və bu fonda səfirliyimizin diplomatları, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə veriblər.

Apreldə maddi vəziyyəti çətin və ailəli şəxslərə pul vəsaiti verilib, dövlətimizin onların yanında olduğu bildirilib, vətəndaşlarımızın xarici ölkələrdən təxliyəsi ilə bağlı görülən işlər barədə məlumat çatdırılıb.

Bu günlərdə isə səfir Hüseyn Quliyevin tapşırığı ilə Anqren şəhərində qalan 18 nəfərlik ailəyə 8 qutudan ibarət müxtəlif ərzaq məhsulları aparılıb.

Səfirliyin müşaviri Arif Abbasov və birinci katib, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ərzaq məhsullarını Anqren şəhərində qohumlarının evində yaşayan ailəyə təhvil verib.

Görüşdə Arif Abbasov deyib ki, Azərbaycan xarici ölkələrdə qalan vətəndaşlarının yanındadır və uçuşlar bərpa olunan kimi Özbəkistanda qalan 170 vətəndaşımız Azərbaycana göndəriləcək.

Samir Abbasov bildirib ki, keçən ay Özbəkistanda qalan vətəndaşlarımıza yardımlar olub, pul vəsaiti ilə kömək edilib, bundan sonra da yardımlar davam edəcək.