04 May 2024
“Azərbaycandakı feministlər boşatdıqları hər qadına görə pul alırlar” – SENSASİON AÇIQLAMA

“Azərbaycandakı feministlər boşatdıqları hər qadına görə pul alırlar” – SENSASİON AÇIQLAMA

22 Dekabr 2022
Baxış: 945

Ötən gün deputat Fəzail Ağamalının Milli Məclisin iclasında səsləndirdiyi fikir sosial mediada müzakirələrə yol açıb.

“Ailə institutunun zəifləməsinə feministlərin ciddi təsiri var. Xaricdən maliyyələşən feminist institutları qızları öz təsirləri altına salır. Bu təsirlərin qarşısını almaq üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinə ehtiyacın olduğunu düşünürəm”, deyə Ağamalı qeyd edib. Bu istiqamətdə fikirlər isə birmənalı deyil.

Maraqlıdır, Azərbaycanda feministlərin ailə institutuna təsiri nələrdən ibarətdir?

AJMEDİA.İNFO-nun məlumatına görə, bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, feministlər əslində nə istədiklərini bilməyən kəsimdir:

“Nə uğrunda mübarizə apardıqları onlara məlum deyil. Ölkəmizdə qadın hüquqları tapdalanmır, qadınlar kişilərdən aşağı səviyyədə tutulmur, aralarında qeyri-bərabərlik yoxdur. Azərbaycanda kifayət qədər qadın rəhbər vəzifələrdə, hüquq, icraedici orqanlarda təmsil olunurlar. Ona görə də hesab edirəm ki, feminizm hərəkatı Azərbaycan üçün çox gərəksizdir. Feministlərin zaman-zaman paytaxtda aksiyalarını görürük. Həmin zaman onların “şüar” deyə başlarının üzərinə qaldırdıqları o “plakatlar”da yazılan sözləri, əxlaqsız ifadələri yəqin ki, xatırlayırsınız. Feminizm budurmu? Feminizm bədəninin üzərində hər əxlaqsızlığı törətmək iddiasıdırmı? O ifadələri dilimə gətirməyə belə utanıram. Nəyə lazımdır, bu hərəkat? Millət vəkilinin fikirləri ilə razıyam. Qərbdən maliyyələşən təşkilatlar bu işdə böyük canfəşanlıq edirlər. Hətta feministlərin səsyazısı yayılmışdı, boşanan hər bir qadına görə onlar Qərbdən ödəniş alırlar. Bu baxımdan onlar ailə dağıtmağa meyllidirlər, bunda təmənna güdürlər”.

Müsahibimiz deyib ki, feministlər ailəsində kiçik problemləri olan qadınlara çıxış tapır, şirnikləndirici təkliflər verirlər:

“Onların xüsusi təsir mexanizmi var. Xüsusilə sosial mediada qadın qruplarında feministlər aktivdirlər. Ailəsində problemi olan, həmcinsləri ilə dərdləşmək istəyərək fikirlərini yazan qadınlarla əlaqə yaradırlar, boşanacağı halda, alacağı təzminat, aliment, onu gözləyən dırnaqarası azad həyatla bağlı şirnikləndirici təsirlər edirlər. Eyni zamanda qadının həyat yoldaşı ilə aralarındakı problemlərin şiddətlənməsinə səbəb yaradır, nəticədə bir çox hallarda boşanmaya nail olurlar. Xanımlarımıza məsləhətim odur ki, bu cür problemləri sosial mediaya daşımasınlar. Ümumiyyətlə, ailə daxilindəki problem kənara çıxırsa, bu, artıq özəldən çıxmaq, ailə strukturunun zəifləməsi deməkdir. Bu cür vəziyyətlərdə qadınlar ona kömək təklifi edən, feminizmdən, boşanmaqdan əldə edəcəyi imtiyazlardan danışan şəxslərdən uzaq dursunlar, ailələrini qorumağa çalışsınlar. Əgər ailədə şiddət, təzyiq, zorakılıq yoxdursa, xırda problemlərlə onun dağılmasının tərəfdarı deyiləm”.