05 May 2024
Azərbaycanda daha bir həkim tutuldu

Azərbaycanda daha bir həkim tutuldu

23 Aprel 2021
Baxış: 1614

Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olmuşdur.

Bu barədə AJM xəbər portalı Anons.az-ın Baş Prokurorluğun Mətbuat xidmətindən aldığı məlumata istinadən xəbər verir.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində almış, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat etmişdir.

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.