04 May 2024
“Azərbaycanda 10 minlərlə insan işsiz qalacaq...” - Dövlət Gömrük Komitəsi “Çin səddi” çəkdi

“Azərbaycanda 10 minlərlə insan işsiz qalacaq...” - Dövlət Gömrük Komitəsi “Çin səddi” çəkdi

07 Sentyabr 2023
Baxış: 471

“Əsasən Çindən idxal edilən, alıcılara "brend mallar" kimi təqdim edilən, əslində isə pirat və kontrafakt olan malların Azərbaycana gətirilməsi qadağan edilib”.

AJMEDİA.İNFO bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, artıq karqolara da belə malları daşımamaq haqqında göstəriş verilib:

“Dövlət Gömrük Komitəsi artıq bu məsələyə sərt münasibət sərgiləməyə başlayıb. Karqolar da müştərilərinə bu haqda məlumatlar göndəriblər. Yəni, Çindən mal daşıyan sahibkarlar artıq hansısa brendin adından, loqosundan, hansısa ticarət nişanından və s. istifadə edərək mal gətirə bilməz. İndiki halda Çindən ölkəyə daxil olan, həmçinin də karqoların gətirdiyi malların böyük əksəriyyəti "brend"dir, yəni kontrafaktdır. Amma bunun üzərində uzun illərdir ki, ölkədə nəhəng bir biznes şəbəkəsi qurulub. Bu zəncir halqasında Çindən bu malları daşıyan, topdan, pərakəndə satan, servisini təşkil edən, anbar xidməti göstərən, pərakəndə satış bazarları və ticarət mağazaları icarəyə verən, on minlərlə şəxsləri işə cəlb edən minlərlə sahibkarlıq subyektləri var. İndi bu sahibkarların, ümumiyyətlə, bu şəbəkənin taleyi necə olacaq? Görəsən DGK-da bu məsələlərlə bağlı ağlabatan bir həll yolu varmı?”.

Ekspert qeyd edib ki, DGK-nın da qeyd etdiyi kimi əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə mövcud normalara görə inzibati və cinayət məsuliyyəti yaradır:


“Amma bunun məhz indiki vəziyyətdə, bu formada tətbiqinin faydası və ziyanını öncədən analiz etmək, təhlillər aparmaq, yol xəritəsi hazırlamaq, sahibkarları, həmçinin istehlakçıları və bütün şəbəkəni buna hazırlamaq daha doğru olardı”.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsi “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna əsaslanaraq gömrük ərazisinə gətirilən pirat və ya kontrafakt malların buraxılışını dayandırmaq hüququna malik olduğunu açıqlamışdı.