05 May 2024
Azərbaycan Respublikasının beynəlxalq aləmdə müasir enerji diplomatiyası

Azərbaycan Respublikasının beynəlxalq aləmdə müasir enerji diplomatiyası

05 May 2022
Baxış: 624

Ölkəyə külli miqdar xarici investisiya axınlarının getdikcə sürətlənməsinə səbəb olan beynəlxalq, tarixi və siyasi əhəmiyyətə sahib “Əsrin müqaviləsi” dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanın sürətlə inkişaf etməsinə səbəb olmuşdur. Bu aspektdən neft hasilatının artımı və onun dünya bazarlarına çıxışı iqtisadi inkişafa təkan verən əsas amillərdən biridir. Bu gün regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı ölkələrdən biridir. Azərbaycanın beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrilməsində məhz ümumilli lider Heydər Əliyevin rolunu və onun enerji siyasətini mütləq şəkildə qeyd etmək ən vacib faktordur. Belə ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasətinin bariz nümunəsi olan “Əsrin müqaviləsi” qoyulan sərmayelərin həcminə görə dünyada bağlanan ən iri və böyük həcmli sazişlərdən hesab olunur. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq arenada etibarını ciddi bir şəkildə artırmışdır və nəticə etibarı ilə ölkəmiz enerji təchizatçısı kimi qlobal arenada müstəqil formada siyasət həyata keçirmə imkanlarını möhkəmləndirmişdir. İqitisadiyyatın geniş miqyaslı inkişafında misilsiz rol oynayan bu müqavilə eyni zamanda Azərbaycanın geosiyasi mövqelərinin güclənməsinə ciddi şəkildə pozitiv təsir göstərmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin inkişaf etdirdiyi enerji siyasəti nəticəsində Azərbaycanda enerjiyə olan daxili tələbat tam təmin edilmişdir. Beləliklə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrilmişdir. Bu illər ərzində Prezident İlham Əliyevin çevik qərarlarla inkişaf etdirdiyi enerji siyasəti həm ölkəmizin milli, iqtisadi təhlükəsizliyinin, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynamışdır. Belə ki, Energetika Naziri Pərviz Şahbazovun bildirdiyinə görə, Azərbaycan Respublikası indiyə kimi "Azəri", "Çıraq", "Günəşli" yataqlar blokundan 514 milyon ton neft, “Şahdəniz”dən isə 127 milyard kubmetr qaz və 29 milyon tona yaxın kondensat hasil etmişdir. 1995-2019-cu illərdə Azərbaycana qoyulan 140 milyard dollardan çox xarici investisiyanın 85 milyard dolları neft sektoruna cəlb edilib. Bu müddətdə neft sektoruna yatırlan ümumi investisiyanın həcmi isə 106 milyard dollardan çox olub. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Eyni zamanda, Azərbaycanın ən böyük layihələrindən olan, məqsədi Avropaya qaz ixracının təmin edilməsi və artırılması olan Cənub Qaz Dəhlizi barəsində də qeyd etmək lazımdır. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın qaz ölkəsi kimi inkişafında çox böyük rol oynayır. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi olan Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən, 40 milyard ABŞ dollarıdır. Gələcək proqnozlarda da ”Şahdəniz” yatağından ilbəil artan qaz hasilatının 2024-cü ildə 25 milyard kubmetri ötəcəyi gözlənilir. Tarixə nəzər saldığımız zaman ölkəmizin iqtisadi gücünün tamamilə fərqli olduğunu və bu gun isə Prezident İlham Əliyevin yürütdüyü enerji siyasəti nəticəsində Azərbaycanın regionda ən inkişaf etmiş ölkəsi olduğunu görürük. Təbii ki, məhz neft hasilatının artımı və onun dünya bazarlarına birbaşa çıxışı çökmüş iqtisadiyyatın sürətli inkişafı üçün əsas amillərdən biri oldu. Diqqətçəkən bir məqam da odur ki, neft-qaz yataqlarının işlənməsi üzrə qlobal investorlar tam rahatlıq və əminliklə Azərbaycanı etibarlı və təhlükəsiz ölkə hesab etdikləri üçün investisiyalar edirlər. Bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır. Beləliklə, Azərbaycan enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı üçün avantaja çevirmişdir və bu gün regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. Ölkəmizin enerji resurslarının kifayət qədər böyük olmağına baxmayaraq, hal-hazırda qeyri-neft sektorunun, bərpa olunan enerji mənbələrinin inkişafı üzrə böyük addımlar atılır. Sözügedən perspektivli sahənin inkişafı üçün Azərbaycanda hər cür şərait və imkanlar mövcuddur. “Yaşıl enerji”yə keçidin təmin edilməsi üzrə görülən işlər hələ 1994-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. “Yaşıl enerji”yə keçidin bariz nümunəsi İlham Əliyevin iştirakı ilə keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimidir. Belə ki, layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanda ən böyük enerji stansiyası olacaq. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə investisiyaların edilməsi ölkəmizdə olan iqtisadi sabitlik, əlverişli mühit və ölkə başçısının yürütdüyü uğurlu islahatların nəticəsində baş verir.


AJM araşdırmaçı jurnalist

Gülüsüm Məmmədova