04 May 2024
“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” üzərində işlər davam etdirilir

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” üzərində işlər davam etdirilir

29 Aprel 2020
Baxış: 452

COVID-19 pandemiyası dövründə AMEA Nəsimi adına Dilçilik İnstitutun əməkdaşları mövcud şəraitdə əldə olan bütün qaynaqlardan istifadə edərək elmi yaradıcılıqlarını genişləndirir, onlayn müzakirələr keçirir, yeni monoqrafiya, kitab və məqalələr hazırlayırlar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, karantin rejimində Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın nəşrə hazırlanma işlərini davam etdirirlər. Atlas “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.5-ci bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi məqsədilə hazırlanır. Elmi-tədqiqat planına uyğun olaraq şöbə müdiri, dosent Kifayət İmamquliyevanın rəhbərliyi altında bölgələrdə aparılan araşdırmaların nəticələri təhlil edilib, zəngin tarixi, coğrafi və linqvistik materiallar əsasında tərtib edilən məlumatlar atlasda öz əksini tapıb.

Sosiolinqvistika və psixolinqvisitika şöbəsinin müdiri Mayıl Əsgərov şöbə əməkdaşlarının karantin dövründə gördüyü işlərlə tanış olmaq, sosial təcrid şəraitində elmi fəaliyyəti davam etdirmək və “Salam, Azərbaycan” layihəsi üzrə davam edən işlərin nəticələri, növbəti plan işləri ilə bağlı tövsiyələrini vermək üçün məsafədən iclas keçirib. İclasda şöbə əməkdaşlarının karantin dövründə gördükləri elmi-tədqiqat işlərinə dair hesabatları dinlənilib.