03 May 2024
Azərbaycan dənizçisi özünü gəmidən ataraq İNTİHAR ETDİ

Azərbaycan dənizçisi özünü gəmidən ataraq İNTİHAR ETDİ

30 Dekabr 2021
Baxış: 592

Azərbaycan dənizçisi intihar məqsədilə özünü Qazaxıstan limanında gəmidən suya atıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Bildirilib ki, ASCO Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmi-bərəsi 28 dekabr saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb.

29 dekabrdan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.

30 dekabr saat 08:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt üçüncü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.

Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq, dənizçi xilasedici dairəni tutmayıb.

Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.

Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyəti qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.