04 May 2024
Almaniyada 350 min nəqliyyatçı işi buraxaraq tətil edir

Almaniyada 350 min nəqliyyatçı işi buraxaraq tətil edir

27 Mart 2023
Baxış: 412

Almaniyada 350 min nəqliyyat işçisi işi buraxaraq tətil edir.

Hava, su və yerüstü nəqliyyat vasitələri işçilərinin tətil elan etməsi ilə ölkədə sanki həyat durub.

Almaniya Həmkarlar İttifaqı “Verdi”nin məlumatına görə, bu, nəqliyyat sektorunda tarixin ən böyük tətilidir. Tətillə bağlı əvvəldən çağırışlar olub və bunu nəqliyyat sektorundakı bütün həmkarlar ittifaqları dəstəkləyiblər.

Nəqliyyat işçilərinin tətilinin bu gün gecə saat 12-yə kimi davam etməsi gözlənilir. Tətildən sadəcə şəhəriçi, şəhərxarici və hava nəqliyyatı təsirlənmir. Gəmilər və avtobandan istifadə etmək istəyən sürücü və sərnişinlər də saatlardır yollarda qalıblar. Avtobanlardakı tunellər bağlanılıb. Almaniya Avtomobil Klubu (ADAC) sürücülərə avtobanlara alternativ yollardan istifadə etməyi tövsiyə edib. Həmkarlar İttifaqlarının da məqsədi ictimai nəqliyyatı iflic edərək, diqqəti maaş artımı ilə bağlı keçirdikləri tətilə çəkmək, bu yöndə hökumətə etdikləri təzyiqi artırmaqdır.

“Verdi”dən verilən məlumata görə, tətilə 350 min nəqliyyat işçisinin qatılması gözlənilir ki, onlar maaşlara 10,5 % və ən az, 500 avroluq artım tələb edirlər.

Məlumat üçün bildirək ki, sonuncu dəfə bu miqyasda Almaniyada 30 il əvvəl nəqliyyat işçiləri işi buraxaraq, tətil ediblər.