04 May 2024
Ağcabədidə 15 yaşlı oğlanın intiharının səbəbi bəlli olub - TƏFƏRRÜATLAR

Ağcabədidə 15 yaşlı oğlanın intiharının səbəbi bəlli olub - TƏFƏRRÜATLAR

04 Sentyabr 2021
Baxış: 655

Əliyev Aqşin Xəyyam oğlu 2006-cı il yanvarın 5-də doğulub.

AJMEDİA.İNFO-nun məlumata görə, 15 yaşlı yeniyetmə yaşadığı evdən 2 kilometr məsafədən keçən Yuxarı Qarabağ kanalında özünü suya ataraq intihar edib. Ailəsi Aqşinin göz görə-görə ölümə sürüklənməsinə səssiz qaldıqlarına görə özlərini günahkar bilir.

Nənəsi Ruqiyyə Cavadova deyir ki, gərək uşağı həkimə aparardıq: “Söhbət edəndə deyirdi, mən həyatımdan bezmişəm. Düşmənimiz yox, heç kimin günahı yox. Onun xətrinə heç kim dəymirdi. Əvvəldən deyirdi ki, özümü atacağam suya. Gəlib mənə deyirdi ki, nənə, sən get bizdə yat, mən sənin yerində yatacağam. Səhər gəlirdim ki, hələ yatmayıb. Deyirdim, ay bala, bu telefon səni məhv edəcək. Deyirdi, onsuz da mən həyatımdan bezmişəm. Gərək onu həkimə aparaydı”.

Yaxın qohumları isə yeniyetmənin ölümünün arxasındakı sirr pərdəsini qaldırıb, Aqşinin əslində sevdiyi qıza görə intihar etdiyini deyir. Yeniyetmənin əmisi Samir Cavadov bildirir ki, Aqşin özünə çox qapanmışdı, ailədə heç bir problemi yox idi: “İstədiyi qız olub. Qızın nişanı olub. Saytlarda da yazıb ki, ya o nişanı məhv edəcəyəm, ya da özümü. Məncə, qıza görə, başqasına verildiyindən, fikirləşib bu hadisə baş verib“.

15 yaşlı yeniyetmənin istədiyi qızın nişanlanmağı da, onun bu cavabsız sevgi səbəbindən özünü öldürməyi də Aqşindən sonra çox sualları cavabsız qoyub. Aqşinin sevdiyi qız neçə yaşında idi? Kim idi? 9-cu sinfi yeni bitirən yeniyetmənin sevdiyi qızın valideynləri o yaşda qızı kimə, niyə ərə verirdi? Əslində elə o qızın da kimliyini Aqşin sirr olaraq özü ilə apardı.

Yaxınları isə ən çox sosial şəbəkələrdən narazıdır. Aqşinin yaxın qohumu Rza Rzayev deyir ki, telefon ucbatından ailələr dağılır, gənclər yolundan çıxır, müsibətlər baş verir: “Bu telefon ucbatından hər şey olur. Gündə bir sosial şəbəkə yaradılır. Sosial şəbəkələrə qadağalar qoyulsun”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmanın nəticələri açıldıqdan sonra Aqşinin ölümünün gerçək səbəbləri üzə çıxacaq. (Apa)