04 May 2024
2019-cu ildə dünya ölkələri hərbi sahəyə təqribən 2 trilyon dollar xərcləyiblər

2019-cu ildə dünya ölkələri hərbi sahəyə təqribən 2 trilyon dollar xərcləyiblər

28 Aprel 2020
Baxış: 488

Ötən il dünya ölkələri hərbi sahəyə 2 trilyon dollar xərcləyiblər.

AZƏRTAC Stokholm Dünya Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) məlumatına istinadla xəbər verir ki, 2019-cu ildə bütün dünya ölkələrinin hərbi xərcləri artaraq, 1917 milyard ABŞ dollarına çatıb. Faiz ifadəsində hərbi xərclər 2018-ci illə müqayisədə 3,6 faiz artıb və bu da 2010-cu ildən etibarən ən böyük illik artım olub.

2019-cu ildə bütün dünyanın hərbi sahəyə xərclərinin 62 faizi beş ən iri ölkənin - ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanının payına düşüb. 2019-cu ildə məcmu hərbi xərclər dünyanın ümumi daxili məhsulunun 2,2 faizini, yaxud adambaşına 249 dollar təşkil edib. SIPRI-nin silahlanma və hərbi xərclər proqramının elmi işçisi Nan Tyan deyib: "2019-cu ildə dünyanın hərbi xərcləri 2010-cu illə müqayisədə 7,2 faiz artaraq, son illərdə hərbi xərclərdə artım sürəti meyilini nümayiş etdirib". O bildirib ki, bu, 2008-ci ilin qlobal maliyyə böhranından etibarən bu sahədə ən yüksək səviyyədə xərclər olub.

Dünyanın hərbi xərclərində artımı ABŞ-ın hərbi xərclərinin artması şərtləndirib. 2019-cu ildə ABŞ-ın hərbi xərcləri 5,3 faiz artaraq 732 milyard dollara çatıb. Ümumi hərbi xərclərin 38 faizi ABŞ-ın payına düşüb. Üstəlik, 2019-cu ildə ABŞ-ın xərclərində artım Almaniyanın 2019-cu il üçün hərbi xərclərinin ümumi həcminə ekvivalent olub. SIPRI-nin böyük elmi işçisi Piter Vezemanın fikrincə, "son vaxtlar ABŞ-ın hərbi xərclərində artımın müşahidə olunması xeyli dərəcədə böyük dövlətlər arasında rəqabətin geri qayıtması ehtimalına əsaslanıb".

2019-cu ildə Çin və Hindistan dünyada hərbi sahəyə ən böyük xərc çəkən ölkələrin reytinqində müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. Ötən il Çinin hərbi xərcləri 2018-ci illə müqayisədə 5,1 faiz artaraq 261 milyard dollara çatıb. Hindistan hərbi xərclərini 6,8 faiz artıraraq 71,1 milyarda çatdırıb. "Hindistan, Pakistan və Çin arasında rəqabət və gərgin münasibətlər Hindistanın hərbi xərclərinin artmasının əsas amillərindən biridir", - deyə SIPRI-nin böyük elmi işçisi Simon Vezeman bildirib.

Asiyada və Okeaniyada Çin və Hindistandan başqa Yaponiya və Cənubi Koreya da hərbi xərclərini müvafiq olaraq, 47,8 milyard dollar və 43,9 milyard dollar artırıblar. Bütövlükdə Asiya ilə Okeaniyanın hərbi xərcləri ən azından 1989-cu ildən etibarən hər il artıb.

2019-cu ildə Almaniya da hərbi xərclərini artırıb. Hərbi məqsədlərə 49,3 milyard dollar vəsait yönəldilib ki, bu da bir il əvvəlkindən 10 faiz çoxdur. Bu, 2019-cu ildə dünyada hərbi sahəyə ən çox sərmayə yatıran 15 ölkənin xərcləri arasında ən böyük artım olub. Amma Fransanın və Böyük Britaniyanın hərbi xərcləri nisbətən sabit qalıb. NATO-nun Mərkəzi Avropadakı üzv ölkələri də 2019-cu ildə hərbi xərclərini artırıblar. Məsələn, Bolqarıstanın hərbi xərcləri əsas etibarilə yeni hərbi təyyarələr üçün ödəmələrə görə 127 faiz artıb. Rumıniyanın hərbi xərcləri isə 17 faiz artıb.

NATO üzvü olan 29 ölkənin hərbi xərclərinin ümumi həcmi hesabat dövründə 1035 milyard dollar təşkil edib.

2019-cu ildə Rusiyanın hərbi xərcləri 4,5 faiz artaraq 65,1 milyard dollara bərabər olub. 2019-cu ildə Rusiya dünyada ən yüksək hərbi xərcləri olan ölkələrin siyahısında dördüncü yeri tutub. SIPRI-nin elmi əməkdaşı Aleksandra Kuimova deyib: "2019-cu ildə Rusiyada hərbi xərclər ÜDM-nin 3,9 faizini təşkil edib ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.