20 Aprel 2025
Rəsmi Bakı “Taliban” hakimiyyətini tanıyır - səfir Kabilə qayıdır

Rəsmi Bakı “Taliban” hakimiyyətini tanıyır - səfir Kabilə qayıdır

Rəsmi Bakı “Taliban” hakimiyyətini tanıyır - səfir Kabilə qayıdır

10 Yanvar 2024 11:11 | Baxış sayı: 603

“Taliban” Əfqanıstanda real qüvvədir və bu ölkədə yaxın illərdə hakimiyyətin dəyişiləcəyi proqnozlaşdırılmır

2024-cü ildə Azərbaycan Əfqanıstanın paytaxtı Kabildə öz səfirliyini açacaq və bununla da diplomatik münasibətlər bərpa ediləcək. Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bu il Əfqanıstanda diplomatik missiyamızın fəaliyyətə başlayacağını bildirib. Xatırladaq ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-ci il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

Bu barədə qanun layihəsinin hələ parlamentdə keçirilən müzakirəsində deputat Siyavuş Novruzov təklif etmişdi ki, Əfqanıstanla paralel olaraq dostluq qrupu yaradıla bilər: “Mən o qrupa rəhbərlik edə bilərəm. 44 günlük müharibədə Əfqanıstan bizə ciddi dəstək verib. Onlar bizi hər zaman dəstəkləyiblər”. Əfqanıstan bizim Vətən savaşımızda İsrail, Pakistan kimi yanımızda olan və dəstək verən ölkələrdəndir. Prezident İlham Əliyev də çıxışlarında deyib ki, Azərbaycan İkinci Qarabağ savaşında bizə dəstək olmuş ölkələri heç vaxt unutmayacaq, bu dəstəyi həmişə nəzərə alacaq. Səfirliyin açılması bu mənada Bakının Kabilə yaxşı bir jesti olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2000-ci ildən Əfqanıstanda sülhməramlı missiyada iştirak edib. Həmçinin Əfqanıstanın dövlət quruculuğuna dəstək verib. O baxımdan Kabildə səfirliyin açılması əməkdaşlığın güclənməsinə kömək edəcək.

2021-ci ilin yayında Əfqanıstanda çevriliş nəticəsində “Taliban” qruplaşması hakimiyyətə gəldi. O zaman bir çox ölkələr “Taliban”la siyasi əlaqələr qurmaqdan çəkinirdi, bununla belə, silahlı qruplaşmanın hakimiyyətini tanıyan dövlətlər də oldu. Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı hələ ötən ilin sentyabrında Azərbaycanın Kabildəki səfirliyinin işini təmin etməyə hazır olduğunu bəyan edib. Bu barədə hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

Onun sözlərinə görə, “Əfqanıstan İslam Əmirliyi” Azərbaycanın Əfqanıstanda səfirliyinin açılmasına yüz faiz hazırdır: “Biz bununla bağlı zəmin yaratmağa və lazımi işləri görməyə hazırıq”.

Onu da bildirək ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012-ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir.

“Əfqanıstanda bizə məlum olan bir nəfər vətəndaşımız yaşayır”. Bu, Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib. Məlumatda sözügedən şəxsin adı və soyadı açıqlanmayıb. Musavat.com