20 Aprel 2025
Maduro beynəlxalq axtarışa verildi

Maduro beynəlxalq axtarışa verildi

Maduro beynəlxalq axtarışa verildi

24 Sentyabr 2024 10:32 | Baxış sayı: 435

Buenos-Ayres məhkəməsi Venesuela Prezidenti Nikolas Maduronun insan hüquqlarının pozulması iddiaları ilə bağlı beynəlxalq axtarışa verilməsinə qərar verib.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Məlumata görə, məhkəmə Venesuela liderini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edən Demokratiyanın Müdafiəsi üçün Argentina Forumu qeyri-hökumət təşkilatının şikayətini qəbul edən Argentina prokurorlarının tələbinin təmin edilməsini qərara alıb.

Argentina məhkəməsi hesab edib ki, bu cür ittihamlar universal yurisdiksiyaya aiddir və buna görə də, məhkəmənin Maduronu axtarışa vermək səlahiyyəti var.

“Venesuela Prezidenti Nikolas Maduro Moros və Venesuela daxili işlər naziri Diosdado Kabelyonun Argentinaya ekstradisiyası üçün “İnterpol” vasitəsilə təcili həbs edilməsinə göstəriş verilsin”, - deyə nəşr hakimlərin qərarından sitat gətirib.

Qeyd edək ki, bu ilin iyul ayında Argentina Xarici İşlər Nazirliyi ölkə hökumətinin Maduro administrasiyasına qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilən şikayəti yenidən dəstəkləmək qərarına gəldiyini bəyan etmiş, 2018-ci ilin sentyabrında Argentina, Kanada, Kolumbiya, Paraqvay, Peru və Çili BCM-dən Venesuelada insanlığa qarşı mümkün cinayətlər barədə istintaq başlamasını xahiş etmişdi. Şikayət 2017-ci ildə ölkədə bir neçə ay davam edən etiraz dalğasından sonra verilmişdi. Bu müddət ərzində 120-dən çox insan həlak olmuş, minlərlə insan yaralanmış, 5 mindən çox insan isə həbs edilmişdi.

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurası protokolların demək olar ki, 97%-nin işlənməsindən sonra vətəndaşların 51,95%-i Maduroya, 43,18%-i isə Qonzales Urrutiaya səs verdiyini bəyan edib. Ertəsi gün Karakasın mərkəzində etiraz aksiyaları başlayıb. Venesuela hakimiyyətinin məlumatına görə, 2200-dən çox adam yandırma və digər cinayətlərə görə saxlanılıb.//Yeniavaz.com