20 Aprel 2025
İki müttəfiqimiz TOQQUŞA BİLƏR - Türkiyə ilə İsrail MÜHARİBƏ ASTANASINDA!

İki müttəfiqimiz TOQQUŞA BİLƏR - Türkiyə ilə İsrail MÜHARİBƏ ASTANASINDA!

İki müttəfiqimiz TOQQUŞA BİLƏR - Türkiyə ilə İsrail MÜHARİBƏ ASTANASINDA!

09 Yanvar 2025 08:28 | Baxış sayı: 463

Qardaş Türkiyə ilə dost İsrail Suriyada qarşıdurma vəziyyətindədir - Bakı onları barışdıra biləcəkmi?

İsrailin “Nagel” komitəsinin hazırladığı hesabatda bu ölkənin Türkiyə ilə birbaşa münaqişəyə hazırlaşmalı olduğu bildirilib. Baş nazir Benyamin Netanyahu da sözügedən hesabatı şərh edib.

“Arenaya yeni qüvvələr daxil olur və gözlənilməz vəziyyətlərə hazır olmalıyıq”, - deyə yəhudi baş nazir bildirib. “The Jerusalem Post”un xəbərinə görə, təxminən 15 il əvvəl İsraildə baş nazir Netanyahunun göstərişi ilə qurulmuş və professor Yakob Nagelin sədrlik etdiyi “Nagel” komissiyasının hazırladığı bu hesabat dünya mətbuatının da gündəmini zəbt edib. Netanyahu, müdafiə naziri İsrael Kats və maliyyə naziri Bezalel Smotriçə təqdim edilən hesabatda “təhdidlərə qarşı hərtərəfli strategiya” məsələsinə geniş yer verilib, İsrailin Türkiyə ilə birbaşa münaqişəyə hazırlaşması lazım olduğu bildirilib.

Hesabatda “Suriya təhlükəsi İran təhdidindən daha təhlükəli bir amilə çevrilə bilər”, - deyə qeyd olunub. “Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq. İran uzun müddətdir ki, bizim ən böyük təhdidimizdir, lakin arenaya yeni güclər daxil olur və biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Bu hesabat bizə İsrailin gələcəyini və təhlükəsizliyini təmin etmək üçün yol xəritəsidir”, - deyə Netanyahu sonda bildirib. Bizə müttəfiq, dost olan İsrailin qardaşımız Türkiyə ilə Suriyada toqquşması Azərbaycan üçün arzuolunmaz ssenaridir. Onu da nəzərə alaq ki, bir müddət öncə Suriyadakı proseslərin tənzimlənməsində Azərbaycanın Türkiyə ilə birgə siyasət həyata keçirəcəyi haqda açıqlamalar verilib. Bu səbəbdən İsrail və Türkiyənin Suriyada toqquşması Azərbaycan üçün narahatlıq yaratmaya bilməz. Bəs rəsmi Bakı bu prosesləri normal məcraya yönəltmək üçün vasitəçi ölkə kimi çıxış edə bilərmi? Çünki bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev İsraildə oldu, prezident İsaq Hersoqla görüşdü, sonra növbəti marşrutu Türkiyəyə səfər idi. Analitiklər bu səfərləri Bakının Ankara ilə Tel-Əviv arasında gərginliyi azaltmaq təşəbbüsləri kimi qiymətləndirmişdi. Azərbaycan Türkiyə-Rusiya barışığında da vasitəçi olub. Təbii ki, dost İsrailin və qardaş Türkiyənin üz-üzə gəlməsi xoş hal deyil. Amma bu qarşıdurmanın hərbi fazaya daxil olacağı istisna edilir.

Tramp administrasiyasının Yaxın Şərq siyasətində prioritet məsələ ABŞ-ın iki müttəfiqi - Türkiyə və İsrail arasındakı rəqabəti idarə etmək olacaq. Bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Nəşr qeyd edir ki, Suriya rejiminin süqutundan strateji qazanc əldə edən Türkiyə və İsraildir. Türkiyəli mütəxəssis Gönül Tol bildirib ki, Ankara yeni Suriyanın uğurlu olmasını və Türkiyənin maraqlarının təmin edilməsini istəyir. Türkiyədə hesab edirlər ki, İsrail Suriyaya yalnız zərər vura bilər. “WSJ” qeyd edib ki, İsrail üçün ən böyük nemət İranın “müqavimət oxu”nun süqutudur. “Əsədin devrilməsindən sonra Türkiyə şübhəsiz ki, Suriyada hakim qüvvəyə çevrilib. Bu da öz növbəsində Ərdoğanı keçmiş Osmanlı torpaqları boyunca, Liviya və Somaliyə qədər uzanan coğrafiyada təsir dairəsi yaratmaq hədəfinə yaxınlaşdırır. Bu, həm də İranla rəqabəti özündə ehtiva edir”, - nəşr yazır. Hadisələri nəşrə dəyərləndirən İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteyn isə bildirib ki, Türkiyə ilə münasibətlər pisdir, lakin hər zaman daha da psiləşməsi potensialı var: “Bu mərhələdə biz bir-birimizi təhdid etmirik, lakin Suriyada Türkiyənin dəstəklədiyi qüvvələrlə toqquşma perspektivləri mövcuddur”.