11 Dekabr 2024
Haaqa Məhkəməsi erməniləri sevindirdi - İkibaşlı qərarın PƏRDƏARXASI

Haaqa Məhkəməsi erməniləri sevindirdi - İkibaşlı qərarın PƏRDƏARXASI

Haaqa Məhkəməsi erməniləri sevindirdi - İkibaşlı qərarın PƏRDƏARXASI

24 Fevral 2023 05:53 | Baxış sayı: 544

Dünən Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib. Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbirlər barədə iddiası ilə bağlı çıxarılan qərarı Haaqa Sülh Sarayında hakim Joan Donoghue elan edib.

Onun səsləndirdiyi hökmə əsasən, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq, iş üzrə yekun qərarın qəbul olunmasına kimi insanlar, nəqliyyat vasitələri və yüklərin Laçın yolu ilə hər iki istiqamətdə "maneəsiz hərəkətini" təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir.

Qərar 13-2 səs çoxluğu ilə qəbul edilib ki, orada əleyhinə səs verən 2 hakimdən biri də Azərbaycanın hakimlər heyətinə dəvət etdiyi şəxslərdən olub. Məlumat üçün qeyd edim ki, tərəflərin işə 1 hakim dəvət etmək haqları var.

Beynəlxalq Ədalət Məhkəməsinin ədalətsiz qərarları rəsmi Bakını zərrə qədər də olsun narahat etməməlidir. Çünki Azərbaycanın daha əvvəl məhkəməyə verdiyi açıqlamada da bildirilirdi ki, Ermənistanın tələb etdiyi tədbirlər "effektiv olmayacaq, çünki hazırda nə Azərbaycan, nə də azərbaycanlı etirazçılar nəqliyyatın qarşısını kəsmir. Bakı həmçinin Laçın yolu ilə nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunduğunu bundan öncə də Haaqa Məhkəməsinin diqqətinə çatdırmışdı.

Demək ki, burada Azərbaycanın uduzduğu heçnə yoxdur. Ona görə ki, Azərbaycan qərarda göstərilənləri 100% təmin edib. Yüklər, nəqliyyat vasitələri və sərnişinlər Laçın yolundan maneəsiz keçə bilər. Əgər məhkəmə qərarında göstərsəydi ki, həmin yoldan narkotik maddələrin, silahların, əlvan metal filizlərinin, minaların maneəsiz daşınmasını təmin etsin, o zaman problem ola bilərdi.

Hə, MİNA demişkən...

Azərbaycan Ermənistandan "Azərbaycan ərazilərini minalamağı dayandırmağı və əvvəlki illərdə basdırılan minaların yerini bildirməyi" tələb etmişdi. Hətta Azərbaycan XİN-dən səsləndirilən bəyanatda o da qeyd edilmişdi ki, işğaldan azad edilən ərazilərdə basdırılan minalar məcburi köçkünlərin təhlükəsiz şəkildə Qarabağa qayıtmalarına təhdid yaradır.

Məhkəmə Ermənistana qarşı işğaldan azad edilmiş ərazilərdə minaların basdırması ilə bağlı müvəqqəti tədbirlər görülməsinin tələblərə uyğun olmadığını bildirib.

Belə olan təqdirdə Beynəlxalq Qanun "keşikçisinin" bu qərarını necə ədalətli hesab edə bilərik?

Axı, Halbuki Haaqa Tribunalının Azərbaycandan Laçın yolunda ermənilərin maneəsiz hərəkətinin təmin edilməsi ilə bağlı qərarı da ikibaşlıdır:

✔️ Çünki ilk öncə yol bağlı deyil: Təkcə dekabrın 12-dən bu günədək, - bizim vətəndaş cəmiyyətindən olan fəallarımız blokpostda olduğu dövrdə, oradan 2500 nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəqliyyat vasitələri keçib. Qırmızı Xaç Komitəsi tərəfindən 100-dək pasiyent Qarabağdan Ermənistana müalicəyə aparılıb. Əgər yol bağlıdırsa, bu gediş-gəlişlər necə reallaşıb?

✔️ Ötən ilin sonlarında Azərbaycan ərazilərində Ermənistanda istehsal olunan 2700-dən çox mina aşkar edildi. Buradan belə nəticə çıxır ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına kontingentin qurduğu postlardan keçirməklə Azərbaycan ərtazilərinə ermənilər dayanmadan müxtəlif üsullarla silah-sursta, mina daşımaqla məşğul olublar.

Nəzərə alsaq ki, Qarabağla Ermənistan arasında yeganə əlaqə məhz Laçın yolu vasitəsi ilə mümkündür, demək ki, erməni separatçıları məhz həmin yol vasitəsi ilə açıq şəkildə mina daşımaqla məşğul olublar. Bu da həmin yolun Ermənistana təyinatı üzrə yox - humanitar məqsədlər üçün yox, hərbi məqsədlərə görə lazım olduğunu sübut edən növbəti önəmli faktdır.

Lakin indi Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycandan Laçın yolundakı vəziyyətin əvvəlki qaydaya qaytarılması üçün qərar çıxarması düşmən dəyirmanına su tökmək, onu bu tip cinayət əməllərinə təşviq etmək, hərbi cinayətlərini davam etdirmək üçün zəmin hazırlamaqdan başqa bir şey deyil.

Bakının mövqeyi dəyişməz və qətiyyətli olaraq qalacaq. Şübhə edilmir ki, bundan sonra da Azərbaycan dövləti Ermənistana qarşı haqlı iddialarını davam etdirəcək.

Erməni mediası hazırda Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin bağlanması ilə bağlı qərar çıxarmasını və Azərbaycanın əks iddiasını rədd etməsini qələbə kimi qəbullansa da, əslində, Haaqa Tribunalının Ermənistanın müvəqqəti və təxirəsalnmaz tədbirlərə dair ikinci vəsadəti üzrə çıxardığı qərardan çox da narahat olmağa da dəyməz.

Düzdür, bununla Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin əlinə Azərbaycan vurmaq üçün böyük bir dəyənək verdi. Azərbaycanın haqqı ayaq altına alınır.

Qarabağın etnik erməniləri istədikləri qədər bu yoldan istifadə edə bilərlər. Onların qarşısı kəsilməyib və yaşamaları üçün bütün şəraitin yaradılacağını Azərbaycan zəmanət verib. Amma bütün Ermənistan və havadrları bilməlidirlər ki, Azərbaycana inteqrasiya etmədikcə yaşadıqları o ərazi onlara ancaq nəfəslik olacaq. Onu qapadıb istəyini icra etmək səlahiyyəti isə tamamilə Bakının əlindədir.

Azərbaycan praqmatik siyasətin tərəfdarıdır. Beynəlxalq ictimaiyyət erməni təbliğatının təsiri altına düşməməlidir, yni zamanda, ermənilərin manipulyasiya cəhdlərinə lazımi cavab verməlidir.

Rəsmi İrəvan, nəhayət, konstruktiv siyasət yürütməli, təxribatlardan uzaq olmalı, diasporun, lobbinin təsirinə düşməməlidir. Əks halda Ermənistanı daha çətin günlər gözləyir.

Beynəlxalq Ədalət Məhkəməsinin son qərarlarına nəzər salsaq aydın şəkildə qeyd edə bilərik ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi xaricdən aldığı pulları regional əməkdaşlığa yox, Azərbaycana qarşı beynəlxalq təşkilatlara, qurumlara təzyiq üçün yönəltməyə üstünlük verir. /Milli.Az/