SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlGəlinin belinə bağlanan qırmızı lentin mənası əslində, bu imiş...
29 Yanvar 2024 10:24 | Baxış sayı: 980
Türkiyədə gəlinlik geyinən bir qızın nənəsi ilə söhbəti sosial şəbəkələrdə gündəm olub. Belinə qırmızı kəmər bağlamaq istəməyən gəlin qurbanlıq olmadığını və bu kimi adətlərin mənasız olduğunu bildirib.
Azərbaycanda da bir sıra qızlar bu adətdən imtina edirlər.
Mövzu ilə bağlı folklorşünas Ağaverdi Xəlilov “Yeni Sabah”a bildirib ki, məsələyə ənənə və müasirliyin tələblərini diqqətdə saxlamaqla baxılmalıdır:
“Xalqın keçmişindən gələn adət-ənənəsi iki şəkildə qorunur. Ya bunu dövlət dəstəyi təmin edir, ya da cəmiyyət özü könüllü olaraq dəyərlərinə sahib çıxır. Birinin yoxluğu adət-ənənələri qorumaq və yaşatmaq üçün kifayət etmir. Söhbət milli-mədəni kimliyimizin tərkib hissəsi olan adətlərimizin xalqın öz istəyi ilə yaşatmasından gedir.
İndi köhnəlmiş kimi görünən adətlərin tərkibində yaşayan mədəni institut və mənəvi dəyərlərimiz milli-mədəni varlığımızın göstəricisidir. Məişət mərasimlərimiz, toy adətlərimiz də mədəniyyətimizin zənginliyini yaşadan hadisələrdir.
Toy adətlərimizdə gəlinin geyimi bizim milli simvollarımızın mifoloji köklərindən qaynaqlanır. Gəlin və bəy geyimlərinin yaranması, formalaşması və şəkillənməsinin də tarixi böyük bir dövrü əhatə edir. Orta əsrlər dövründə milli mərasim geyimlərimiz müəyyənləşib. Bu dövrdən sonra Qərb adətlərinin təsirləri başlayıb”.
Ekspert qeyd edir ki, Azərbaycan mədəniyyətində gəlinin belini bağlamaq mənəvi dəyər məzmunudur:
“Bizim ənənədə gəlin paltarının ipəkdən, rəng simvolikasının isə xoşbəxtlik mənası ifadə edən al qırmızı rəngdə olması fikri doğrudur. Ağ rəngli gəlinliklər yeni dövrün Qərb ənənəsindən gələn təsirləridir. Ağ rəngə ənənəvi mədəniyyətdə müsbət münasibət olduğuna görə ağ rəng normal qarşılanmışdır. Milli mədəniyyətimizdə bel bağlamağın mənəvi dəyər məzmunu vardır. Bel bağlamaq etibar, vəfa anlayışlarını ifadə edir. Gəlinin belinə bağlanan qırmızı rəngli lent xoşbəxtlik və etibarlılığın rəmzidir. Belə etibarlıq rəmzinin bəyin ən etibarlı adamı-qardaşı tərəfindən bağlanması da rəmzin gücləndirilməsinə xidmət edir. Bu geyim və rəng simvollarının mənası gələcək ailəyə göstərilən mənəvi dəstəkdir, xoşbəxtlik arzusudur, alqış və duanın rəmzlərlə ifadəsidir”.