SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Etno müxtəlifliyin qarantı-Milli Konstitusiyamız" - AYNA ƏLİXAN
18 Mart 2025 16:02 | Baxış sayı: 699
Azərbaycan müxtəlif millətlərin və xalqların əsrlər boyunca qarşılıqlı hörmət, ehtiram və anlaşma şəraitində yaşadığı, fəaliyyət göstərdiyi tolerant bir ölkədir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik idealogiyasına çevrilmiş millətlərin qarşılıqlı anlaşması, mədəniyyətlərarası dialoq bu ölkədə yaşayan azsaylı xalqların sülh, əminamanlıq şəraitində yaşayıb yaratması üçün əsas vermişdir. Ulu Öndər deyirdi: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq hürriyyət imkanları verir”
Həqiqətən də minilliklər boyu Azərbaycan xalqının tarixində bu məkanda yaşayan müxtəlif milli, dini məsəb mənsubları arasında heç bir ayrı seçkilik olmamış və bu səbəbdən də, ciddi ziddiyyətlər yaranmamışdır. Müxtəlif mədəniyyətlərin fərqli dil və dinlərin vətəni olan Azərbaycan həqiqətən də qoynunda hər bir xalqın övladına bir Ana kimi yer ayıra bilmişdir. Bu gün Azərbaycanın daş salnaməsi sayılan qədim tarixi abidələr, Atəşgah, məscid, kilsə və sinaqoqlar və onların eyni məkanda rahatlıqla insanların ibadət yeri olması söylədiklərimizə canlı sübutdur.
Bir çox dinlərin, etiqadların vətəni olan Azərbaycanda e.ə. III əsrdə zərdüştilik geniş yayılmışdısa daha sonrakı əsrlərdə dağ yəhudiləri ilə təmsil olunan yəhudilik dini və ehramları sərbəst fəaliyyət göstərmişdir.
Bunun bariz nümunəsi olan Azərbaycan-İsrail arasında tarixi, mədəni əlaqələr çox qədim dövrlərdən başlayır.
Müasir dövrümüzdə Hər iki dövlət arasında diplomatik,siyasi,iqtisadi,enerji və digər sahələrdəki sıx əməkdaşlıq bu Tarixi Dostluğun Davamıdır !
Alban tarixçisi Moisey Kalankatuklu e.ə. I əsrdən etibarən dağ yəhudilərinin Qafqazda məskunlaşdığını bildirir. Onlar mənşəcə vaxtı ilə Assursiya və Babil hökmdarları tərəfindən Fələstindən Midiyaya köçürülmüş İsrail oğulları nəslindəndir. Onlar hələ Midiyada yaşadıqları dövrlərdə tatlarla ünsiyyət quraraq asan anlaşdıqlarından dağ yəhudilərinin dilində Qədim Arami və Yəhudi kəlmələri ilə yanaşı Tat dilindən gəlmə sözlər də çoxluq təşkil edir. Dağ yəhudiləri Azərbaycana təxminən 15 əsr bundan əvvəl gəlmiş və əsasən sərhəd bölgələrində məskunlaşdırılmışlar. Həmən dövrdə sasanilərin siyasətiylə bağlı olaraq atılan bu addım nəticəsində Dağ yəhudiləri Azərbaycan xalqının tərkibində yaşasa da dinlərini, düşüncə tərzlərini milli-adət və ənənələrini qoruyub saxlaya bilmişlər.Bu gün də Azərbaycanda yeni eranın ilk əsrlərinin yadigarları olan məscidlərlə yanaşı kilsə, sinaqoq kimi tikililərin izlərinin qorunub saxlanması vaxtilə bu yerlərdə Musəvilərlə yanaşı xristianlığı yaymağa gələn insanların rahat yaşamasından soraq verir. Halbuki Qərb və Avropa ölkələrində məscidlərin yandırılması, dinc müsəlmanlara qarşı zorakılıq işlədilməsi bütün əsrlərdə mövcud olub.
XX yüzillikdə öz müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin göstəricisi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük önəm və üstünlük vermiş,müxtəlif dini və etnik icmaların Azərbaycanda asudə qardaş kimi birlikdə yaşamasına hər cür zəmin yaradılmışdır. Ölkə prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi “İslam-Sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yoluyla yanaşma tələb edir”.
Təsadüfi deyil ki, Azərbaycanda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaratmaqla da ölkə başçısı Azərbaycanda Milli və Dini Tolerantlığın, Multikulturalizmin qorunub saxlanmasına xidmət etmiş oldu.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mübariz Qurbanlının “Azərbaycan” qəzetindəki məqaləsində də bu fikir öz düzgün əksini tapmışdır:
“Müasir Azərbaycanda tolerantlıq hər ötən gün daha da möhkəmlənən, təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində,münasibətində və həyat tərzində öz əksini tapan dəyərə çevrilmişdir.Azərbaycan Konstitusiyasında, “Dini etiqad azadlıq haqqında” qanunda təsbit edilmiş müddəalar Respublikamızda tolerantlıq, dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları,o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılmışdır.”
Bəli, Azərbaycan əsas etibariylə müsəlman ölkəsi olsa da, digər mədəniyyət və din mənsublarının da rahat ömür sürüb əmək fəaliyyətiylə məşğul olduğu ümumi bir Vətəndir. Təsadüfi deyil ki, Azərbaycanda yaşayan xalqların “Bir xalçanın rəngləriyik” ədəbiyyat antologiyası kitabında talış, ləzgi, avar, tat, udin, kürd, dağ yəhudiləri, saxur ədəbi nümayəndələrinin hər biri, o cümlədən dağ yəhudisi Simax Şeyda, İkinci Vətən-Azərbaycan” bölümündə yazır: “Biz Azərbaycanda yaşayan dağ yəhudiləri bu ölkənin mədəniyyəti və ədəbiyyatından bəhrələnmişik, çörəyini yeyib suyunu içdiyimiz ölkənin, havasıyla nəfəs almış, onu II Vətən bilmişik”.
Müasir Azərbaycanın ərazisində yaşayan Dağ yəhudilərinin tarixini araşdıran tədqiqatçı alim olan professor Yakov Aqarunov “Kiçik xalqın böyük tarixi” adlı kitabında dünyada dağ yəhudilərinin təxminən 2000 nəfərdən ibarət olduğunu deyirdi və onlar İsrail, ABŞ, eləcə də Almaniyada mühacir həyatı sürürlər.
Keçmiş Sovet ölkələri arasında yalnız Azərbaycanda Yəhudi icmasına normal münasibət göstərilib. Təsadüfi deyil ki, qubada Qırmızı Qəsəbə, şamaxı, Göyçay, Oğuz, Bakının Balaxanı kəndində dağ yəhudiləri əsrlər boyu öz dillərini milli mənəvi dəyərlərini, ədəbiyyatlarını qoruyub saxlamaqla yanaşı yeni ədəbi nümunələr də yaratmışlar. Azərbaycanda yaşayan dağ yəhudilərinin istər gündəlik danışıq dilində, istərsə də yazdıqları, qələmə aldıqları bədii əsərlərdə Azərbaycan dilindən alınma sözlər çoxluq təşkil edir. Uzun illər ərzində azərbaycanlılarla doğmalaşan, adət-ənənələrini mənimsəyən dağ yəhudiləri, bəzən o sözləri heç fərqinə varmadan öz dilinin sözü kimi işlədir və getdikcə həqiqətən dilin tərkib hissəsinə keçir. Əslində bu da çox təbiidir ki, “Şairlər, qələm adamları xalqlar arasında məhəbbət körpüsü yaradan ən duyğulu insanlarda Sənət adamı, qələm sahibi yaratdığı əsərləri ilə nümayəndəsi olduğu millətə deyil, bəşəriyyətə xidmət edir”.
Görünür bu səbəbdəndir ki, dünya xalqlarının folkloru, layları, nağılları, ninni və oxşamaları bir-birinə çox yaxındır. Yazılı ədəbiyyatda da ümumi bəşəri ideyalar, söz-qələm əhlinin duyğularını bir məcraya gətirir. Dünyada sülhün, bərabərliyin, barışın bərqərar olması əsl söz-sənət sahiblərinin ən müqəddəs toxunulmaz arzusu və söz dühalarıını doğmalaşdıran əsas amildir.
Azərbaycanda yaşayan dağ yəhudilərinin yaradıcılığına yaxından bələd olduqca irili-xırdalı bədii parçaların hər birində bu arzunun işartılarını görmək mümkündür. Dağ yəhudiləri ədəbiyyatının ötən əsrin əvvəllərində yaranmış nümunələri arasında pyes və tamaşa üçün yazılmış librettolara çox rast gəəlmək mümkündür. Xüsusilə Cənubi Dağıstan ədəbi məktəbinin nümayəndələri tərəfindən Rus və Yəhudi diində qələmə alınmış belə əsərlərə çox rast gəlinir. Belə ki, Yakov Aqarunov, (“Царь, Раввин, богач”) – Падшол, ради və hoшир) Q.Qorskinin “Плоды рук отцу и матери”- Bəhər dəs bəbə-dədəy” P.Şerbatov “Cırn kynya-революционер”-Kuk Sevdaqor-revolyüsioner və s. əsərlər ötən əsrin XX illərində Dərbənddə bədii öz fəaliyyət dərnəklərində səhnəyə qoyulub. O illərin pyeslərində istər dramaturji süjet quruluşu, istərsə də hadisələrin psixoloji həlli və sadə xalqın içindən seçilmiş qəhrəmanların taleyinə həsr edilməsi baxımından Azərbaycan dramaturgiyasının təsiri duyulmaqdadır.
Bu isə sözsüz ki, Azərbaycanın müxtəlif ərazilərinə səpələnmiş dağ yəhudilərinə yerli xalqın göstərdiyi diqqət və qayğıyla yanaşı qarşılıqlı anlaşmanın bədii təzahürüdür həm də.
Təsadüfi deyil ki, bütün gəncliyi Azərbaycanda, Qubanın “Qırmızı Qəsbində keçmiş, sonralar yalnız ötən əsrin 90-cı illərində Vətəni – İsrailə köçmüş yazıçı Xananil Abramov Qubanın dağ yahudiləri” (Горские Евреи Кубы) kitabında bu barədə yazır: “Dağ yəhudiləri bu yerlərdə bütün ömrünü çox rahat yaşayıb öz xırda ticarəti işi, gücü ilə məşğul ola bilib. Çünki azərbaycanlılar son dərəcədə qonaqpərvər, humanist, nəhayət başqa dinlərə hörmət və ehtiramla yanaşan bir xalqın övladları olaraq dağ yəhudilərinə belə əmin-aman həyat sürmələri üçün hər cür şərait yaradırdı. Bu xalqın bizim taleyimizdəki böyük xidmətlərini heç cür inkar etmək, unutmaq olmaz. Var olun mənim əziz azərbaycanlı qardaşlarım. Mən ürəyimin bir parçasını orada qoymuşam!”
Abramovun bədii yaradıcılığına da xüsusi yer ayrılıb. Və bu əsərlər ədəbi tənqidin də diqqətini çəkə biləcək təsirdədir. Ölkəmizin mədəni-mənəvi irsi və tolerantlıq ənənələrinə malik olması artıq beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bunun tarixi, yəni dini dözümlülüyün, tolerantlığın dövlət siyasəti səviyyəsində təbliğinin, qorunmasının əsası isə əsrlər boyu davam etməkdədir.
Səfəvilər dövründən başlayaraq, XIX-XX əsrlərdəki maarifçilik hərəkatı, eləcə də xalq cümhuriyyəti dövründə ölkəmizdə yaşayan müxtəlif etnoslara, dini qrupların nümayəndələrinə heç bir ayrıseçkilik edilməmiş, onların milli – mədəni dəyərlərinə ehtiramla yanaşılmışdır.
Yəhudi mədəni irsi Azərbaycanda dəyər verilən, qorunub saxlanılan milli-etnik irslərdən biridir. Qeyd etdiyimiz kimi Azərbaycanda yəhudilərin məskunlaşmasının təxminən 2000-illik tarixi var. Və bu gün yəhudi icması Azərbaycandakı ən fəal və nüfuzlu dini icmalardan sayılır. Təsadüfi deyil ki,bu 2019- cu ildə AŞPA-nın payız sessiyasının sonuncu iş günündə Azərbaycanın Avropa Şurasındakı təmsiçisi akademik Rafael Hüseynovun “Yəhudi mədəni irsinin qorunması” adlı məruzəsində bu yöndə səslənən fikirlər Avropada çox böyük maraq və rəğbətlə qarşılanıb.Azərbaycandan İslandiyaya qədər təxminən 820 milyon insanı əhatə edən, 47 avropa millətini birləşdirən Avropa Şurası Parlament Assambleyasında Yəhudilərin mədəni irsinin qorunmasına plenar iclasın həsr edilməsinin özü yaxşı bir faktdır. Çünki dünyanın müxtəlif yerlərindəki dini qarşıdurmalar, müxtəlif siyasi, ideoloji məqsədlər üçün din adı altında tökülən qanlar həqiqətən də, ürəksıxıcıdır.
Lakin əhalisinin demək olar ki, 95%-i müsəlman olan Qədim Azərbaycanda yəhudilər 2000-ildən çoxdur ki, sülh və əminamanlıq içində yaşayırlar.Akademik Rafael Hüseynov məruzəsində əslən yəhudi olan Qərb alimi Rəşidəddin Fərzullanın kitabından rəsmi məlumatlara əsaslanaraq gətirdiyi sitatda Azərbaycanda 2000 -dən artıq sinaqoqun fəaliyyət göstərməsini və bu günə qədər də həmən dini abidələrin qorunub saxlanmasını xüsusi qeyd etmişdir:
“Bu gün təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində sinaqoqların fəaliyyət göstərməsi təsadüfi deyil. Bu yəhudi irsinə 100-illərdən bəri Azərbaycanda göstərilən ehtiramın təzahürüdür. Azərbaycan ərazisindəki yəhudi məzarları da eyni hörmət və ləyaqətlə qorunur. Bu mənada Azərbaycandakı etnik-dini və mədəni müxtəlifliyə münasibət yəhudi mədəni irsinin uğurlu taleyi nümunəsində ciddi şəkildə öyrənilməsi, müsbət təcrübə kimi təbliğ edilməlidir.
Azərbaycan milli məclisinin Beynəlxalq münasibətlər komitəsinin sədri, AŞPA-nın vitse prezidenti Səməd Seyidovun başçılıq etdiyi Plenar iclasda Azərbaycan parlamentariləri Avropada yəhudi mədəni irsinin daha ciddi şəkildə qorunmasını təbliğ etmək üçün Azərbaycandakı müsbət nümunəni əsas götürərək, bütün dünyada sülhə və milli irsə ləyaqətli münasibətin ilhamverici modeli kimi təqdim etdilər.Azərbaycan nümayəndə heyətinin digər üzvi millət vəkili Sevinc Fətəliyevanın da bu yöndə fikirləri maraqlıdır:
“Azərbaycanda yəhudi irsinin qorunması məqsədilə br sıra müştərək təşkilatlar yaradılıb.Xüsusilə, Azərbaycan-İsrail Dostluq Mərkəzi, “Soxnut” yəhudi agentliyi,yəhudi adət-ənənələrinin qorunması komitələri –“Birgə” və Vaad-L-Xetzola,dini məktəblər, Yəhudi Mədəniyyət Mərkəzi, ölkədə fəaliyyət göstərən “Eva” qadın cəmiyyəti, “Hesed-Kershon” xeyriyyə cəmiyyəti, “Alef” gənclər klubları, “Hillel” Tələbə Təşkilatı, bir sıra yeni qəzetlər var.Yəhudi icmalarının köməyi ilə bir çox mədəni tədbirlər keçirilir,yəhudi ədəbiyyatı nəşr olunur. 2010-cu ildə Heydər Əliyev Fondunun “Azərbaycan- dözümlülüyün ünvanı” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün Khabad-Or-Avner təhsil mərkəzi tikilib.450 şagirdlik təhsil mərkəzi yəhudi mədəniyyətinin əsaslarını tədris edir. Bu gün Azərbaycanın paytaxtında,eləcə də Quba və Oğuz şəhərlərində onlarla sinaqoq fəaliyyət göstərir.2003-cü ildə Bakıda açılmış sinaqoq Avropada ən böyük sinaqoqdur.Azərbaycanın Quba şəhərinin yaxınlığında yerləşən, yeddi sinanqoqu olan Qırmızı Qəsəbə-Krasnaya Sloboda Azərbaycanda və ondan kənarda dağ yəhudilərinin maddi və mənəvi mədəniyyətinin inkişafı və qorunması mərkəzi kimi tanınıb.Bu qəsəbənin “Qafqazın Qüdsü” adlandırılması təsadüfi deyil. Yəhudilik ənənələrinin qorunması və inkişafı yəhudi icmasının həyatı ilə ayrılmaz dərəcədə əlaqəlidir.Hazırda fəaliyyət göstərən altı qübbəli sinaqoq Tövratın səhifələrini oxumaq üçün geniş təlimata (təxminən 70) malikdir. Qırmızı qəsəbədəki yəhudi icmasının qorunması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının öhdəlikləri Konstitusiyada və parlamentin qəbul etdiyi qanunlarda əksini tapıb.1991-ci ildə Azərbaycan hökuməti Qırmızı Qəsəbədə yəhudi adət-ənənələrinin öyrənilməsi işinə başlayıb.Son illərdə ümumi təhsil proqramı ilə yanaşı, yəhudiliyin əsaslarını öyrənən bir neçə təhsil müəssisəsi yaradılıb. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanın etnik azlıqların öz ana dilində təhsil müəssisələri yaratmaq hüquqlarını təmin edir. Bütün bunlar göstərir ki, Azərbaycanda yəhudi irsinin qorunması həm ənənədir, eyni zamanda, dövlət siyasətinin tərkib hissəsidir.
Həqiqətən də Azərbaycanda multikultiralizm, tolerantlıq və dini dözümlülüyünün dövlət siyasəti səviyyəsində təbliğinin əsaslarını ölkənin dövlətçilik tarixi bu ənənələrin inkişafı təşkil edir.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı diyar kimi milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük məkanı olaraq dünya miqyasında mədəniyyətlərarası dialoqların bənzərsiz nümunəsi,dəyərli bir örnəyidir. ATƏT, BMT, Avropa Şurası, GUAM, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər Beynəlxalq Qurumların tam hüquqlu üzvi olan Azərbaycan Beynəlxalq aləmdə tolerantlıq mühitinin genişlənməsi yönündə qətiyyətli, mütərəqqi addımlar atmaqdadır. Bu isə müasir dövr üçün olduqca aktualdır. Çünki əxlaqa çevrilmiş tolerantlıqdan fərqli bir tolerantlıq mövcuddur. Avropa ölkələrində ola bilsin ki, gəlmələrin hüququ qorunur, ancaq hər addımda yad olduğu hiss etdirilir. Azərbaycanda isə bu artıq bizim milli dəyərimiz –identikliyimizin, alicənablığımızın əlamətidir. Azərbaycançılıq məfkurəsinin əsasıdır. Biz öz milli dəyərlərimizə necə hörmət və ləyaqətlə yanaşırıqsa, dünya xalqlarının mədəniyyətinə, o cümlədən Yəhudi milli irsini də eyni ehtiram və sevgi ilə qoruyuruq. Bu –tarix boyu belə olub, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini davam etdirən Müstəqil Azərbaycanın uğurlu gələcəyində də belə olacaq!
Sual oluna bilər ki , Bəs Yəhudilərin Azərbaycana tarixən gəlişi necə olub ?
Azərbaycanlı tədqiqatçı Məhəmməd Həsən Vəliyev (Vəlili) Baharlı qeyd edir ki, yəhudilər Qafqaza tatlarla birlikdə gəlsələr də, Sasanilər dövründə deyil, daha əvvəl köçürülmüşlər. O, yazır: “Azərbaycan yəhudilərinin Assuriya çarları tərəfindən əsir alınmış, əvvəlcə Assuriyada, sonra isə Midiyada məskunlaşmış qədim yəhudilərin övladları olduğu hesab edilir. Assuriya hökmranlığı öz qüdrətini itirdikdən sonra e.ə 720-ci ildə Salmanasar şahın dövründə yəhudilər indiki Azərbaycana, Gürcüstana və Dağıstana köçürülmüşlər. Danışdıqları cuhuri dilini isə onlar İran hökmranlığı dövründə mənimsəyiblər .
Yəhudilərin Azərbaycana yerləşmələri ilə bağlı tədqiqatçılar arasında bir-birini təsdiq və təkzib edən müxtəlif fikirlər var. Məsələn, dağ yəhudilərinin mənşəyinin araşdırıcılarından olan D.Q.Maqqid iddia edir ki, onlar Qafqaza xristianlıqdan bir neçə əsr əvvəl köçmüşlər.
N.Anisimova görə isə, onların Qafqazlara köçməsinin tarixi haqqında dəqiq məlumat yoxdur.
Dağ Yəhudiləri Ümumdünya Konqresi Rəyasət Heyətinin üzvü, professor Mixail Aqarunov “Bone Monte” jurnalında dərc olunmuş məqaləsində bu barədə yazır: “Əksər tarixçilərin fikrinə görə, dağ yəhudilərinin əcdadları burada 15 əsr bundan əvvəl peyda olublar”
M.Bekkerə görə: “Tatların hamısı əvvəllər öz inancı etibarilə, atəşpərəst olmuşdur. Onların arasında musəviliyi yayan xəzərlər və çox ola bilsin ki, Romadan qaçan yəhudilərdir”
Tarixi qaynaqlarda Miladi tarixinə qədər təxminən 722-ci ildə Assuriyadan sürgün edilmiş yəhudi qəbilələrinin böyük bir qisminin əvvəlcə İrana yerləşmələri, sonra Əhəmənilər və Sasanilərin zülmündən qurtularaq, Cənub-Qərbi İranı tərk edib, Dağıstana köç etməsi fikri ilə çox rastlaşsaq da, cuhurilərin soykökünün Bizans imperiyasınadayanması, nəhayətdə Xəzər xaqanları ilə qaynayıb-qarışdığından Xəzərlərə gedib çıxmasının doğru qənaət olduğunu düşünürük. Albaniyada yerləşən “Yəhudilər Şimal qonşuluqlarındakı Qıpçaq, Xəzər Xaqanlığı ilə təmasa keçir. Yəhudilərlə Qafqaz türklərinin sıx əlaqəsi nəticəsində Xəzər imperiyası yəhudiliyi qəbul edir və 790-cı ildə iudaizm burada dövlət dini elan olunur. O zamanadək zülüm içində yaşayan yəhudilər yeni qurulan türk-yəhudi dövləti sayılan Xəzər xaqanlığına yerləşirlər.
Beləliklə, dağ yəhudilərinin mənşəyi ilə bağlı irəli sürülən iddialar arasında Qafqazda yaşayan dağ yəhudilərinin əcdadlarının Xəzərlər olduğu fikri üzərində xüsusi dayanaraq A.Kostlerin iddiasını daha inandırıcı hesab edirik: “Qafqazdakı dağ yəhudiləri də xəzərlərin qalıntıları ola bilər.
Kostler kimi Böyük Britaniyalı yəhudi əsilli Eran Elhaik da «Avropa aşkenazilərinin (yəhudilərinin) soykökünün Xəzərlərə dayandığını, onların xəzər türkləri olduğunu» iddia edir. Alimin bu nəzəriyyəsi,əlbəttə ki, bir çox elmi tezisləri, xüsusilə yəhudilərin eyni kökdən, ortaq soydan gəldiyini təsdiq edən fikirləri alt-üst edir.
Dağ yəhudilərinin mənşəyi kimi onların dili, bu dilin lüğəvi mənası haqqında da bir sıra fikirlər mövcuddur. Yekdil nəticəyə gəlinməsə də bu məsələ ilə bağlı alimlərin bəzi mülahizə və iddialarını tədqiqata cəlb edərək, öz müddəamızı ortaya qoymağı vacib hesab etmişik.
V əsrin sonu VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatı yatırıldıqdan sonra üsyana yardım etməkdə günahlandırılan İran yəhudiləri dəimperiyadan kənarlaşdırılaraq, Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində yerləşdirilir. Yəhudilərin həmin əcdadları fars dilinin cənub-qərb ləhcəsində danışırdılar. Mixail Aqarunova görə, bu ləhcə, dağ yəhudilərinin dili olan cuhuri dili ilə, demək olar ki, eynidir.
Azərbaycanda, Qafqazda məskunlaşdıqdan sonra Rusiya imperiyasının tələbinə uyğun
olaraq mütləq mənada «kiril» əlifbası ilə yazıb-oxumuşlar… Beləliklə də kiril əlifbası dağ yəhudilərinin cuhuri dilinin, yazı qrafikasına çevrilmişdir.
Maraq doğuran suallardan biri də o ola bilər ki, nəyə görə dağ yəhudiləri ibri dilindədeyil ,fərqli "cuhuri" dilində yazıb yaratmışlar ?
Səmavi kitablardan, o cümlədən Qurani-Kərimdən(Əl-Bəqərə 40-41;49-119; Əl-Maidə 66-70) də məlumdur ki, «İsrail övladı» əsrlər boyu torpaqlarından dünyanın müxtəlif ölkələrinə sürülərək,orada məskunlaşmışdır. Bu səbəbdən də ibri diliassimilyasiyaya uğrayaraq, bir zamanlar hətta itirilmək təhlükəsi yaşamışdır.
Orta əsrlərədək ibri dili əsasən dini aspektdə, ravvin moizə və dualarında, mərasimlərdə varlığını saxlamış, yalnız Haskala maarifçiləri Avraim Mapu(1808-1867) və başqalarının səyi ilə bu dil Bibliya ibrisindən qismən qoparılıb, sadələşdirilmiş, danışıq dilinə yaxınlaşdırılmışdır. Bibliya dilinin ağır və çox vaxt anlaşılmaz olduğunu əsas tutaraq, Haskala maarifçiləri ibri dilinin tərkibini orta əsr yəhudi ədəbiyyatı və yeni qanun kitabının sözləri ilə zənginləşdirərək, dilə neologizmlər gətirmişdir. Bununla belə, həmin dövrdə də Ibri dili ümumişləkdilə çevrilə bilməmişdir.1
Yalnız XIX əsrin sonlarından etibarən bir qrup yəhudi ziyalı və yazıçısı ölməkdə olan ibri dilinin yenidən dirçəlməsində, dil vasitəsilə bu mədəniyyətin sonrakı yüzilliklərə daşınmasında bir məktəb rolunu oynamışlar.
“חשוב לשמור על השפה והספרות לקיום העם”
Ibri dilindən tərcümədə: “Xalqın var olması üçün ana dilini, ədəbiyyatını qorumaq vacibdir”* anlamını verən bu fikri rəhbər tutan yəhudi xalqı çətinliklə də olsa öz dilini yenidən bərpa etdikdən sonra 1948-ci ildə qədim coğrafi əraziləri sayılan torpaqlarda İsrail dövlətini qurmağa müvəffəq olmuşdur.
Azərbaycanda yəhudi irsinin qorunması məqsədilə br sıra müştərək təşkilatlar yaradılıb.Xüsusilə, Azərbaycan-İsrail Dostluq Mərkəzi, “Soxnut” yəhudi agentliyi,yəhudi adət-ənənələrinin qorunması komitələri –“Birgə” və Vaad-L-Xetzola,dini məktəblər, Yəhudi Mədəniyyət Mərkəzi, ölkədə fəaliyyət göstərən “Eva” qadın cəmiyyəti, “Hesed-Kershon” xeyriyyə cəmiyyəti, “Alef” gənclər klubları, “Hillel” Tələbə Təşkilatı, bir sıra yeni qəzetlər var. Yəhudi icmalarının köməyi ilə bir çox mədəni tədbirlər keçirilir,yəhudi ədəbiyyatı nəşr olunur. 2010-cu ildə Heydər Əliyev Fondunun “Azərbaycan- dözümlülüyün ünvanı” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün Khabad-Or-Avner təhsil mərkəzi tikilib. 450 dən çox şagirdlik təhsil mərkəzi yəhudi mədəniyyətinin əsaslarını tədris edir. Bu gün Azərbaycanın paytaxtında,eləcə də Quba və Oğuz şəhərlərində sinaqoqlar fəaliyyət göstərir.2003-cü ildə Bakıda açılmış sinaqoq Avropada ən böyük sinaqoqdur.Azərbaycanın Quba şəhərinin yaxınlığında yerləşən, 7 (yeddi )sinanqoqu olan Qırmızı Qəsəbə-(Krasnaya Sloboda )Azərbaycanda və ondan kənarda dağ yəhudilərinin maddi və mənəvi mədəniyyətinin inkişafı və qorunması mərkəzi kimi tanınıb.
Qırmızı Qəsəbədəki “Altı Günbəz” Sinaqoqu 1888-ci ildə inşa edilmişdir. Altı günbəz,həm də 6 guşəlidir ,qəsəbədəki Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir.
Bu qəsəbənin “Qafqazın Qüdsü” adlandırılması təsadüfi deyil. Yəhudilik ənənələrinin qorunması və inkişafı yəhudi icmasının həyatı ilə ayrılmaz dərəcədə əlaqəlidir.
1991-ci ildə Azərbaycan hökuməti Qırmızı Qəsəbədə yəhudi adət-ənənələrinin öyrənilməsi işinə başlayıb.Son illərdə ümumi təhsil proqramı ilə yanaşı, yəhudiliyin əsaslarını öyrənən bir neçə təhsil müəssisəsi yaradılıb. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanın etnik azlıqların öz ana dilində təhsil müəssisələri yaratmaq hüquqlarını təmin edir. Bütün bunlar göstərir ki, Azərbaycanda yəhudi irsinin qorunması həm ənənədir, eyni zamanda, dövlət siyasətinin tərkib hissəsidir.
Beləliklə ,Azərbaycandakı dağ yəhudilərinin kompakt yaşadıqları ərazilərindən biri Qubadakı " Qırmızı Qəsəbədir"
Azərbaycan Beynəlxalq aləmdə tolerantlıq mühitinin genişlənməsi yönündə qətiyyətli, mütərəqqi addımlar atmaqdadır. Bu isə müasir dövr üçün olduqca aktualdır. Çünki əxlaqa çevrilmiş tolerantlıqdan fərqli bir tolerantlıq mövcuddur. Avropa ölkələrində ola bilsin ki, tolerantlıqdan geniş bəhs edilsə də ancaq hər addımda yad olduğu hiss
olunur.
Azərbaycanda isə qədim , milli-mənəvi dəyərlərə əsaslanan "TOLERANTLIQ" dövlətimiz tərəfindən milli konstitusiyamızda
öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndində göstərilir: “Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Bu bənd dövlətin hər bir vətəndaşı üçün bərabər şəkildə tanınır və dövlət onların qorunmasına zəmanət verir. Bütün insanlar, sosial və hüquqi vəziyyətlərinə görə heç bir ayrı-seçkiliyə məruz qalmamalıdırlar.
Konsitiusiyanın 21-ci maddəsinin 2-ci bəndi isə qeyd edir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. 45-ci maddəsi hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüquqlarının olduğunu təsbit edir, vurğulayır ki, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Bu gün Azərbaycanda kompakt halda yaşayan 30-dan artıq etnik azlıq var və bu azlıqların hər biri öz dillərində sərbəst şəkildə danışırlar. Onların konstitusuiyanın verdiyi hüquqlara əsasən öz dillərində təhsil almaq, radio və televiziyada öz dillərində səslənən proqramları izləmək, ana dilində mütəmadi olaraq kitablar, jurnallar, dərsliklər nəşr etdirmək imkanları var.
Son :
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
AYNA ƏLİXAN VAQİF qızı
Tərcüməçi, şərqşünas, ibri dili və ədəbiyyatı üzrə tədqiqatçı-filoloq, AMEA-nın doktorantı