SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlDövlət, 20 yanvar Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirdi - Avraam Berman
20 Yanvar 2024 05:55 | Baxış sayı: 654
XX əsrdə törədilən ən qanlı hadisələr sırasında 1990-cı il yanvarın 20-də Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Qanlı hadisələrdən 34 il keçməsinə baxmayaraq, qırğınlara məruz qalan xalqımız o müdhiş günlərin acısını unutmur, Sovet İmperiyasının o vaxtkı rəhbərlərinə dərin nifrətini bildirir.
Bunu AJMEDIA.INFO-a qanlı 20 yanvar faciəsi ilə bağlı tanınmış yəhudi əsilli vəkil, "Magen David Azərbaycan" İnsan Hüquqlarının Müdafiə Mərkəzinin Hüquq Departamentinin direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Avraam Berman öz müsahibəsində bildirmişdir.
1990-cı ilin 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi, eyni zamanda, ölkəmizin tarixinin salnaməsinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu gün xalqımızın milli istiqlaliyyət və azadlıq uğrunda sarsılmaz iradəsinin və mübarizəsinin simvoluna çevrilmişdir.
Bu hadisələr nəinki Azərbaycan xalqını sındırmadı, əslində ölkənin gələcək inkişafını müəyyənləşdirdi. Bu gün artıq aksioma kimi qəbul edilir ki, Azərbaycan nəinki Cənubi Qafqazda, həm də bütün postsovet məkanında ən uğurlu dövlətdir. Hazırda XXI əsrin ikinci onilliyində olan Azərbaycan siyasi, iqtisadi və hərbi gücə malikdir və öz inkişafında sürətlə irəliləyir. Eyni zamanda, Azərbaycanın bir çox sakinləri həmin faciəli günlərdə ölkənin gələcəyi üçün canlarından keçənləri minnətdarlıqla xatırlayırlar.
Zaman göstərdi ki, Azərbaycan xalqı bu faciədən ləyaqətlə xilas oldu. Dövlət Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini əbədiləşdirdi. Müxtəlif ölkələrdən ölkəmizə təşrif buyuran hörmətli qonaqlar ilk növbədə Şəhidlər xiyabanına gəlir və canları bahasına respublikanın müstəqilliyini qazananların qarşısında baş əyir, ehtiramlarını bildirirlər.