22 Aprel 2025
Bu alkoqollu içkilərin reklamı qadağan OLUNUR

Bu alkoqollu içkilərin reklamı qadağan OLUNUR

Bu alkoqollu içkilərin reklamı qadağan OLUNUR

22 Aprel 2025 13:27 | Baxış sayı: 199

Milli Məclis bir neçə qanuna təklif olunan dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib.


AJMEDİA.İNFO xəbər verir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" qanunlara təklif olunan dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.


Layihəyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə, bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.


Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir. Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.


Qüvvədə olan qanunvericilikdə istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.


Bundan başqa, mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq. Belə ki, mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər, reklam daşıyıcısı olan rəqəmsal platforma - reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri, o cümlədən rəqəmsal platforma təsirçisi - maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs daxil edilir.


Həmçinin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü beş faizdən yuxarı olan alkoqollu içkilərin reklamı qadağan olunur.


"Reklam haqqında" qanun ölkə ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək. Beləliklə, rəqəmsal platforma təsirçisi reklam subyektləri sırasına daxil edilir. Rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur.


Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.(oxu.az)