SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBakıda 12 ildən sonra üstü açılan DƏHŞƏTLİ QƏTL - Vəzifəli şəxs prorektoru kimə ÖLDÜRTDÜRÜB? + VİDEO
09 Fevral 2024 16:44 | Baxış sayı: 528
İttihamda deyilir ki, təqsirləndirilən Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb. Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyanətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb.
AJMEDİA.İNFO xəbər verir ki, Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi. S.Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.
Müttəhimlər D.Quliyev və S.Quliyev ittihama münasibətdə özlərini təqsirli biliblər. Qətlin sifarişçisi kimi ittiham edilən professor Atakişiyev isə verilmiş ittihamla razılaşmır. Lakin sabiq rektor cinayətdən tam da boyun qaçırmır. O, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə-ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilir.
Atakişiyev deyir ki, mərhum prorektorla əvvəllər yaxın dost olublar, lakin rektor təyin ediləndən sonra Əhmədov onu qısqanıb. Bir müddət sonra isə iş o yerə çatıb ki, Əhmədov onu tutdurub rektor olmaq istəyib. Bundan sonra cinayət planı ortaya çıxıb: “Mənə məlumat verdilər ki, bəs Tariyel müəllim hər şeyi həll edib, yaxın vaxtlarda rektor olacaq. Deyim ki, Tariyel çox narahat adam idi. Ora-bura şikayət edirdi, mediaya çıxırdı. Yerimə keçmək istəməsindən əlavə, məni həbs etdirməyi planlayırdı. Belə bir xəbər də çatmışdı mənə… Vəzifə mənə maraqlı deyildi, əsas məni həbs etdirmək istəməsi idi. Ona görə narahat idim. Elə yerlərlə əlaqəsi var idi ki, məni tutdura bilərdi.
Nə isə axırda məcbur qaldım bacım oğlu Dəyanətə tapşırıq verdim ki, Tariyelə yüngül xəsarət yetirsin. Qətiyyən öldürtdürmək niyyətim olmayıb. İnsan çörək kəsdiyi adama elə zərbə endirməz axı… Bir-iki aylıq xəstəxanada yatması mənə kifayət idi. Həmin müddətdə işlərimi həll edəcəkdim. Həm ölməsi mənə sərf etmirdi, onunla prinsipdə olan adam kimi ilk məndən şübhələnərdilər. Düşündüm ki, xəsarət alsaydı, uzağı bir yolla həll edərik. Dəyanət mənim bacım oğludur, ona valideyn kimi olmuşam. Ailəsinə mən baxmışam, universitetə girməsinə və işləməsinə kömək etmişəm. Buna görə Dəyanətə etibar etdim. Samiri isə ilk dəfə istintaq vaxtı görmüşəm. Mənə verilmiş ittiham absurddur, 120-ci maddə ilə özümü təqsirli saymıram. Mən Dəyanətə demişdim ki, Tariyelə maksimum yüngül xəsarət yetirsin. Hadisə günü eşidəndə ki, Tariyel ölüb, şoka düşdüm”.
Sərbəst ifadələr zamanı məlum olub ki, cinayət əməlinin üstü elə Dəyanət Quliyev vasitəsilə açılıb. Dəyanət hadisədən 12 il sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng edərək T.Əhmədovu öldürdüyünü deyib. Prokuror Cövdət Mehraliyev D.Atakişevə məhz bu epizodla bağlı sual verib, ondan bu məsələ ilə əlaqəsini soruşub.
Atakişeyevin cavabından məlum olub ki, həmin gün Dəyanət ona zəng edib 4 min manat pul istəyib: “Dedi ki, qumarda 4 min manat pul uduzmuşam. Mən də əsəbiləşdim, qumarda uduzan adama verəcək pulum yoxdur dedim. Bundan sonda 102-yə zəng edəcəyini dedi. Dəyanət qumara pis alışmışdı.”
Daha ətraflı video-materialda: