20 Aprel 2025
Azərbaycanda hansı dövlət orqanları telefonlara cavab vermir? -SİYAHI

Azərbaycanda hansı dövlət orqanları telefonlara cavab vermir? -SİYAHI

Azərbaycanda hansı dövlət orqanları telefonlara cavab vermir? -SİYAHI

09 Oktyabr 2024 09:03 | Baxış sayı: 388

Ekspert deyir ki, bəzi qurumların vətəndaş məmnunluğu istiqamətində hər hansı ölçü meyarı yoxdur

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb. 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb. Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.

Ədliyyə Nazirliyi - monitorinq çərçivəsində stasionar nömrələrə edilən zənglərin 18.2%-nə cavab verilib, 81.8%-nə cavab verilməyib.

Daxili İşlər Nazirliyi - bütün zənglərin mütləq əksəriyyətinə - 86.4%-nə cavab verilib.

Səhiyyə Nazirliyi - stasionar nömrəyə edilən zənglərin 59.1%-nə cavab verilib, 40.9%-nə cavab verilməyib.

Elm və Təhsil Nazirliyi - stasionar nömrələrə günün birinci və ikinci yarısında edilən zənglərə, ümumiyyətlə, cavab verilməyib.

Mədəniyyət Nazirliyi - stasionar nömrələrə edilən zənglərin 13.6%-nə cavab verilib, 86.4%-nə cavab verilməyib.

Aparılan təhlillər nəticəsində stasionar nömrələrlə müqayisədə günün birinci və ikinci yarısında qaynar xəttə edilən zənglərə daha gec cavab verildiyi məlum olub.

Qeyd edək ki, dövlət qurumlarının vətəndaşların zənginə cavab verməməsi barədə illərdir ki, şikayətlər olur. Hətta bu məsələ dəfələrlə Milli Məclisin deputatları tərəfindən də qaldırılıb, “hökumət telefonu kiminsə cib telefonu deyil. Həmin telefona gələn zəngləri götürməyən məmurlar birbaşa olaraq qanunverici orqanın nümayəndəsinə qarşı hörmətsizlik edir”, - deyə Milli Məclisdə deputatlar zaman-zaman narazılıqlarını bildiriblər.

Deputat Fazil Mustafa parlamentdə çıxışları zamanı demişdi ki, bəzi dövlət qurumlarının "Qaynar xətt"lərində bir çox zənglərə cavab verilmir. Deputat hesab edir ki, bəzi dövlət qurumlarının yaratdığı "Qaynar xətt"lər öz adına uyğun fəaliyyət göstərmir:

“Bu termin düzgün tapılmayıb. Bir çox nazirliklərdə bu, nə ilıq, nə də soyuq xətdir. Bir çox zənglərə cavab verilmir. Yaxud da pullu əsasla "Qaynar xətt" anlayışı ortadan qalxmalıdır. Ona görə də məsələ həllini tapmalıdır".

Ekspertlər də qeyd edir ki, dövlət qurumları nəinki müraciətlərə, heç rəsmi məktublara da cavab vermirlər. Belə ki, dövlət qurumlarındakı əksər məmurlar hətta öz səlahiyyətlərinə uyğun olsa belə icazəsiz hərəkət etməkdən qorxurlar. Rəhbərlik tərəfindən cəzalanmaqdan çəkinirlər. Sadəcə, yuxarıdan göstəriş gözləyirlər. Əgər rəhbərlikdən tapşırıq gələrsə, əmri icra edirlər. Yəni şəxsi təşəbbüsləri ilə, öz səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərə bilmirlər.//Musavat.com