20 Aprel 2025
Azərbaycan SEPAH-ın HƏDƏFİNDƏ - Sərhədimizdə nə baş verir?

Azərbaycan SEPAH-ın HƏDƏFİNDƏ - Sərhədimizdə nə baş verir?

Azərbaycan SEPAH-ın HƏDƏFİNDƏ - Sərhədimizdə nə baş verir?

16 Avqust 2024 06:13 | Baxış sayı: 478

Pezeşkianın prezident seçilməsindən sonra münasibətlərin inkişafı haqda gözləntilər fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun yeni gərginliyə yol açan ittihamları və İran Astarasında hərbi təlimləri nəyə hesablanıb?

İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Pezeşkianın “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan iddialardan sonra SEPAH yenidən düşmən üzünü göstərib.

“İranın reaksiyasından çəkinən Bakı öz ərazisində sionistlərin olmasını inkar edir”. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial şəbəkələrdə dərc olunan mesajında deyilir. “Azərbaycan hökuməti bəyan edib ki, Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi qüvvələri yoxdur.

İsrail televiziyasının 14-cü kanalının yaydığı məlumatı nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Bakının bəyanatı həqiqətə uyğun deyil, çünki İsrail ordusunun öz hərbi qulluqçularını Azərbaycandan çıxarmaq tələbi onların ölkədə olmasının dolayısı ilə tanınmasıdır. Əgər hər hansı bir ölkə İsrailə qarşı əməliyyat zamanı onları müdafiə edərsə, o, İrana hücumda iştirak etmiş ölkə sayılacaq", - SEPAH yazıb.

Yada salaq ki, həftəsonu İsrailin “Kan” dövlət televiziya və radio şirkəti informasiya yaydı ki, yəhudi dövlətinin ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinin Azərbaycan və Gürcüstanda qalmasını qadağan edib. Bildirilib ki, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda “Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal İsrailə qayıtmağa borcludurlar”.

Media Agentliyi Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş bu iddianı dezinformasiya adlandırıb. Qeyd edək ki, İran çoxdan Azərbaycanla sərhəddə İsrailin “kəşfiyyat obyektləri” yaratdığında israr edir. Tehran indiyədək Azərbaycanda İsrail obyektlərinin mövcudluğunun hər hansı dəlilini təqdim etməyib.

Rəsmi Bakı isə dəfələrlə bunu təkzib edib, öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik hərəkətlərinə yol verməyəcəyini bildirib.

Bu informasiya təxribatından sonra İranın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində, Azərbaycanla həmsərhəd Astara sahillərində təlimlər keçirib. “Mehr” agentliyinin məlumatına görə, dəniz müdafiəsi təlimi Astaradakı hərbi dəniz bazasında baş tutub. Təlimlər zamanı hipotetik hədəflərə hücum edilib. Astara qubernatorunun müavini Həmid Musəvinin sözlərinə görə, təlimin məqsədi dəniz qüvvələrinin hazırlığını maksimum dərəcədə artırmaq olub.

Pezeşkianın prezident seçilməsindən sonra münasibətlərin inkişafı haqda gözləntilər fonunda İranın əsas gücü olan SEPAH-ın yeni gərginliyə yol açan ittihamları, İran Astarasında hərbi təlimlər nəyə hesablanıb? HƏMAS liderinin öldürülməsinə görə Təl-Əvivə qisas vədi andı içən İran diqqəti Azərbaycana yönəltməklə hədəfmi dəyişdirmək istəyir? //Musavat.com