20 Aprel 2025
ABŞ-da bu il 17 mindən çox insan silahlı hücumların qurbanı olub

ABŞ-da bu il 17 mindən çox insan silahlı hücumların qurbanı olub

ABŞ-da bu il 17 mindən çox insan silahlı hücumların qurbanı olub

05 İyun 2023 10:02 | Baxış sayı: 465

ABŞ-ın Silah Zorakılığı Arxivinin (GVA) məlumatına görə, bu il Birləşmiş Ştatlarda ümumilikdə 17,737 nəfər silahlı hücumlar nəticəsində həyatını itirib. Yanvardan iyunun əvvəlinədək bu ölkədə 268 kütləvi atışma baş verib, həlak olanlarla yanaşı, 14 723 nəfər yaralanıb. Həyatını itirənlərin 113-ü 11 yaşa qədər uşaqlar, 642-si isə 12-17 yaş arası gənclərdir. Bundan başqa, silahlı hücumlar nəticəsində 1894 azyaşlı yaralanıb.

Məlumatda 2022-ci ildə ABŞ-də 44,362 nəfərin silahlı zorakılıq nəticəsində öldüyü, 38,592 sakinin isə yaralandığı qeyd olunub. Hər il iyunun ilk cümə günündə qeyd olunan Silah Zorakılığına qarşı Milli Maarifləndirmə Günündə ölkədə bir daha avtomatik silahların sərbəst satılması probleminin həlli yollarını müzakirə edilir. ABŞ Prezidenti Co Bayden də bununla bağlı Konqresə müraciət edib. Bu ölkədəki silahlanma əleyhinə qruplar uzun müddətdir bəyan edirlər ki, ABŞ mülki şəxslərə məxsus odlu silahların insanların sayından çox olduğu dünyada yeganə ölkədir. Onlar şəxsi silah gəzdirmək hüququna qanunvericilik səviyyəsində daha çox maneələr yaratmağa çağırırlar.

Ötən il Texasdakı Uvalde məktəbində 21 nəfərin həyatına son qoyan atışmadan sonra aparılan araşdırmaya görə, ABŞ şəxsi silah sahibliyi baxımından dünyada birinci yerdədir. Burada hər 100 nəfərə 120,5 odlu silah düşür. Amerikalıların dünyada 857 milyon mülki odlu silahdan 393 milyonuna sahib olduqları təxmin edilir ki, bu da təxminən 46 faiz təşkil edir. Bundan başqa, Birləşmiş Ştatlarda böyüklərin 44 faizi bir neçə silah olan evlərdə yaşayırlar.

ABŞ-da illik kütləvi atışmaların sayı yüzlərlədir. GVA-nın məlumatları göstərir ki, hər 100 min nəfərdən dördü silahlı zorakılıq nəticəsində ölür. Bu, digər inkişaf etmiş ölkələrdəki orta göstəricidən 18 dəfə çoxdur. Rəqəmlərə görə, planetin əhalisinin yalnız 4 faizini təşkil edən ABŞ-ın payına dünyada odlu silahla baş verən intiharların 44 faizi düşür. “Gallup”ın 2020-ci ildə apardığı sorğunun nəticələrinə görə, burada hər üç nəfərdən birinin silahı var.

Birləşmiş Ştatlar dünyada odlu silah gəzdirməyin və ya saxlamağın konstitusion hüquq kimi təsbit edildiyi üç ölkədən biridir. Bununla belə, digər iki ölkədə - Meksika və Qvatemalada mülki şəxslərin silaha malik olması ABŞ-dan 10 dəfə azdır.