20 Aprel 2025
"20 manat rüşvət vermədim deyə həbs olundum" - Küçə ticarəti ilə məşğul olan şəxs

"20 manat rüşvət vermədim deyə həbs olundum" - Küçə ticarəti ilə məşğul olan şəxs

"20 manat rüşvət vermədim deyə həbs olundum" - Küçə ticarəti ilə məşğul olan şəxs

21 İyun 2023 21:26 | Baxış sayı: 607

"Polis əməkdaşlarına gündəlik iyirmi manat rüşvət vermədiyim üçün məni on sutkalığına həbs etdilər".
Bunu Meydan TV-yə İsmayıl İkram oğlu Tağıyev deyir.
Onun sözlərinə görə, iki ildir ki, Bakının “Memar Əcəmi” metrostansiyasının üstündə küçə ticarəti ilə məşğul olur:
"Polis əməkdaşlarına gündəlik iyirmi manat pul verirdim. Təxminən altı-yeddi ay onlara pul vermədim. Mənə dedilər ki, küçə ticarəti qadağandır, mallarını yığışdır. Ardınca da Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları məni tabesizlik adı ilə on sutkalıq həbs etdilər".
Vətəndaş deyir ki, onu İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə məhkəmə qarşısına çıxarıblar:
"Maddi vəziyyətim pis olduğu üçün apelyasiya şikayəti verə bilmədim. Mayın 27-dən iyunun 6-dək həbsdə oldum. Üstəlik, 81 manat da cərimə etdilər. Hazırda həmin ərazidə küçə ticarəti ilə məşğul olan yüzlərlə vətəndaş var. Əgər küçə ticarəti qadağandırsa, niyə hamıya tətbiq edilmir? Niyə ayrı-seçkilik edirlər? Çünki onlara gündəlik pul verməkdən imtina etdim. Onlar da məni belə cəzalandırmaq qərarına gəldilər".
"Mənə qarşı haqsızlıq etdikləri üçün Daxili İşlər Nazirliyinə, Bakı Baş Polis İdarəsinə gedib, ərizə yazdım. Əlimə cənab prezidentin şəklini götürmüşdüm. Məni təhdid etdilər ki, sən bu şikayəti davam etdirsən, səni “sroka gönədərəcəyik”. Ona görə də qorxub, şikayətimi geri götürdüm", – deyə o bildirib.
Bildirilir ki, Daxili İşlər Nazirliyinə vətəndaşın şikayəti əsasında göndərilən sorğu cavablandırılmayıb. Həmçinin metro üstündəki ticarət obyektləri ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə edilən zənglər cavabsız buraxılıb. yeniavaz.com