18 Aprel 2024
Yaponiyada son üç sutkada rekord səviyyədə koronavirusa yoluxma qeydə alınıb

Yaponiyada son üç sutkada rekord səviyyədə koronavirusa yoluxma qeydə alınıb

21 Avqust 2021
Baxış: 859

Yaponiyada son üç sutka ərzində fasiləsiz olaraq rekord sayda koronavirusa yoluxma sayı qeydə alınıb.

AJM Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, avqustun 20-də bütün ölkə üzrə 25 min 800 yeni yoluxma aşkar edilib. Bildirilir ki, paytaxt Tokioda və yaxınlıqda yerləşən rayonlarda virusun sürətlə yayılması nəticəsində xəstəxanalarda çarpayı çatışmazlığı yaranıb.

Qeyd edilir ki, son bir həftə ərzində koronavirus xəstələrindən təcili yardım üçün 2200 müraciət daxil olub. Lakin bunlardan 1400-ü və ya 63 faizi şərait olmadığına görə xəstəxanalara yerləşdirilməyib.

Ölkə üzrə ağır vəziyyətdə olan xəstələrin də sayı artmaqda davam edir. Müstəqil şəkildə nəfəs ala bilməyən və ECMO süni tənəffüs aparatına qoşulanların sayında da rekord müəyyən edilib. “Japan ECMOnet” qeyri-kommersiya təşkilatı belə xəstələrin sayının 117 nəfərə çatdığını qeyd edir.

Bu təşkilatın bildirdiyinə görə ECMO aparatına ehtiyacı olanların orta yaşında gəncləşmə də davam edir. Hazırkı dalğada belə insanların orta yaş həddi 40-a enib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Ohmaqari Norio deyib ki, əgər yeni yoluxmalar belə sürətlə davam edərsə, o zaman Tokio xilas etməyin mümkün olduğu həyatların itirildiyi vəziyyətə düşəcək.

Vəziyyəti şərh edən Tokio qubernatoru Yuriko Koike isə bildirib ki, Tokio mübaliğəsiz böyük böhran dövrünü yaşayır. İndiki vəziyyət təbii fəlakət dövrünü xatırladır.

Xatırladaq ki, vəziyyəti nəzarətdə saxlamağa çalışan Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin əhatə dairəsini və müddətini artırıb. Hazırda rejim 13 prefekturada qüvvədədir və onun sentyabrın 12-də başa çatacağı nəzərdə tutulur.

Teqlər: Yaponiya