16 Aprel 2024
“Yadplenetlilər bura gəlsə, elə bilərlər ki, şəhid və qazilərə diqqət yoxdur...” - Elman Nəsirov

“Yadplenetlilər bura gəlsə, elə bilərlər ki, şəhid və qazilərə diqqət yoxdur...” - Elman Nəsirov

14 İyul 2022
Baxış: 411

"İnanın ki, başqa planetdən gələn adam olsaydı, elə bilərdi ki, şəhid və qazi ailələrinə diqqət yoxdur. Halbuki, onlara qarşı ən yüksək səiyyədə diqqət və dövlət qayğısı var. Sadəcə, görünür ki, yerlərdə məmular öz üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Sabirabadın icra başçısının laqeyd münasibətinə görə özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun ölümündən danışarkən deyib:

"Həqiqəti söyləmək lazımdır ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi dayanır. Həssas kateqoriyadan olan insanlara, şəhid alələrinə, qazilərə, müharibə veteranlarına dövlətin əlahiddə bir siyasəti var. Bu siyasətin də müəllifi cənab Prezidentimizdir. Ölkə başçısı İlham Əliyevin siyasətində müəyyən edilib ki, bir nəfər də olsun qazi, şəhid ailəsi evsiz, maşınsız qalmayacaq. Hər biri bu kimi təminatlardan yararlanacaq. Amma təəssüf ki, bəzən ayrı- ayrı hallarda qazilərin etirazını görürük, qazilərə münasibətdə məmuların ögey münasibətinə şahidlik edirik. Hətta qazilərin özünəqəsdə qədər atdığı addımlar da baş verir. Əlillik məsələsinin təyinatına xüsusi yanaşmaq lazımdır. Qaziləri narazı salmaq olmaz. Müharibənin içərisindən çıxan, əzalarını itirən insanın əsəb sistemi yerində deyil. Məmur qazi, müharibə veteranı ilə danışanda hesab etməməlidir ki, onun əsəb sistemi qarşısındakı ilə eynidir. Bu, qətiyyən belə deyil. Məmur müharibənin dəhşətini görməyib. Qazinin vəziyyətini hiss etməlidir. Sinirləri pozulmuş insanlara xüsusi yanaşılmalıdır. Onları sakitləşdirmək, problemi həll etmək lazımdır".

Deputat hesab edir ki, qazi, şəhid ailələrinin probemlərinin həlli istiqamətində icra hakimiyyətlərində bir-iki nəfərdən ibarət şöbənin yaradılması lazımı effekt vermir:

"Mən elə gəlir ki, həmin şöbədəki işçilərin sayını çoxaltmaq lazımdır. Məmur dərk etməlidir ki, qarşısındakı siravi adam deyil. Qarşısındakı Vətən ağrılarını yaşamış, fədakarlıq edən insandır. Bu gün alnımızda xəcalət təri sillinib, bunu bu insanlara borcluyuq. Bizim vəfa borcumuzdur ki, onları müdafiə edək. Bütün məmurlar bilməlidir ki, onların otağına qazi, şəhid ailəsi gəlibsə, bu hada maksimum çalışmalıdır ki, onun problemi yerində həll olunsun".

Elman Nəsirov bildirib ki, kondisionerli otaqlarında otururan məmurlar müharibənin od- alovunun içərisindən keçmiş şəhid ailələri, qazilərə öz övladları kimi yanaşmalıdırlar:

"Bu gün soruşsalar ki, ən ali təbəqə kimlərdir? Mən deyərdim ki, şəhid ailələridir. Çünki bizim ləyaqətimizi onlar bizə geri qaytarıblar. Bizi qürurlu, başımızı uca ediblər. Məmur da zəhmət çəkib onların problemini dərhal yerində həll etməlidir. Cənab Prezident özü bir nümunədir. Bütün görüşlərində qazilərə diqqətlə yanaşır. Özünə bloqer deyən, xaricdə oturmuş bəzi insanlar çalışırlar ki, qaziləri ayağa qaldırsınlar. Dövlətçiliyə qarşı çıxışlara təhrik edirlər". Cəbhə.info