23 Aprel 2024
“Xaricdən bir mesaj gələn kimi bəzi qızlarımız evlənmək fikrinə düşür” — Deputatdan qalmaqallı AÇIQLAMA

“Xaricdən bir mesaj gələn kimi bəzi qızlarımız evlənmək fikrinə düşür” — Deputatdan qalmaqallı AÇIQLAMA

26 Yanvar 2022
Baxış: 429

“Ölkəmizdə boşanmaların sayı ildən-ilə artır. Gənc ailələr dağılır, uşaqlar atasız, bəzən də anasız yaşayırlar. Əlbəttə ki, bu anlar cəmiyyətin dayaqlarını sarsıdan hallardır, çünki ailə dövlətin tərkib hissəsidir. Azərbaycan ailəsi nə qədər möhkəm olarsa, cəmiyyət də, dövlət də o qədər qüdrətli, möhkəm olar”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, ölkəmizdə artan boşanmaların əsas səbəblərindən biri ortada möhkəm sevginin olmamasıdır:

“Çünki bir çox hallarda gənclər fikirləşmədən, gələcəyi görmədən, ailə münasibətlərinin davamlı olması, ailənin idarə edilməsi barədə məsələlərlə tanış olmadan nikaha girirlər. Bu da tez bir zamanda müəyyən çətinliklər törədir Nəticədə ailə həyatına hazır olmayan gənclər bunun qarşısında tab gətirmirlər və boşanmalara üstünlük verirlər. Mən heç zaman istər qadına, istərsə də kişiyə qarşı zorakılığın tədqiq olunmasının tərəfdarı olmamışam. Düzdür, qarşılıqlı münasibətlər zəmində qurulan ailədə söz-söhbət ola bilər, müəyyən küsüşmələr, barışmalar baş verə bilər. Ancaq kişi qadını döysün, ona xətər yetirsin, yaxud evdə qadın kişini saymasın, onun dedikləri ilə oturub durması kimi hallar, əlbəttə ki, yolverilməzdir”.

Millət vəkilinin sözlərinə görə, çətinliyə tab gətirən, zəhmət görən, işdən zövq alan insanların ailəsi hər zaman möhkəm olur: “Sovetlər dövründə belə idi ki, insanlar hansısa bir təsərrüfatda işləyirdilər, orada müəyyən sevgi münasibətləri yaranırdı və belə şəraitdə ailələr qurulurdu. Əlbəttə ki, həmin gənclər çətinlik görən gənclər idi. Çünki onlar hansısa bir fabrikdə, zavodda, yaxud kolxozda işləyirdilər və bir-birilərinin xasiyyətinə bələd olurdular, həmçinin bir-birlərinin ailəsiylə onların tanışlığı var idi və bu münasibətlər zəminində ailə qurulurdu. Bu ailədə xırda, kiçik söz-söhbətlər olsa da, o ailənin dağılmasına şərait yaratmırdı. Digər tərəfdən, həmin ailələr bir-birilərini yaxşı tanıdıqlarına görə, onlar gənclərin ailələrinin dağılmasına heç vaxt imkan vermirdilər. Ancaq çox təəssüflər olsun ki, indi zaman və dövran dəyişib. Bir çox gənclər internet, sosial şəbəkələr vasitəsilə ailə qururlar. Yaxud toyda, bir başqa şənlikdə kimisə görür və bir də görürsən ki, iki gündən sonra bunlar ailə qurmaq qərarına gəliblər. Onlar bir-birini yaxşı tanımadığına, xarakterinə bələd olmadıqlarına görə, ailədə kiçik söz-söhbət yaranan kimi məhkəmələrə üz tuturlar və boşanırlar”.

T.Rzayev əvvəl boşananlara qarşı güclü ictimai qınağın olduğunu da diqqətə çatdırıb:

“Əvvəllər boşananlar yaxşı qarşılanmırdılar. Onlar dözümsüzlükdən, ailəni qədrini bilməməkdən, ata-anaya hansı yollasa xəyanətdə günahlandırılırdılar. Ancaq indi belə deyil. Bu gün “Mən öz hüququmu müdafiə edirəm”, “Belə yaşamaq istəyirəm”, “Ərə tabe olmaq istəmirəm”, “Qaynananı eşitmirəm”, “Mən qohumlarla münasibət saxlamaq fikrində deyiləm” və “Sərbəstəm, istədiyim kimi hər bir şeyə edə bilərəm” fikrində olan gənclərimiz var. Lakin bunlar yanılırlar və bədbəxtçiliyə yol açırlar. Sovetlər İttifaqının adət-ənənələri təbliğ etmək fikrində deyiləm, amma o dövrdə ailənin möhkəmlənməsi üçün çox ciddi tədbirlər görülürdü. Və uzun müddət boşanmaq istəyən gənclərlə söhbətlər aparılırdı. İstər onu kollektivində, istərsə də ictimai orqanlarda boşanmaların səbəbləri çox ciddi qaydada öyrənilirdi. Araşdırılırdı ki, nəyə görə bu ailə dağılır? İndi əksər ərizələrdə bircə kəlmə ilə göstərilir ki, münasibətlərimiz tutmur. Məhkəmə də qərar verir ki, boşansın”.

Deputat təəssüflə qeyd edib ki, bu gün də neçə-neçə 15-16 yaşlı qızlarımızın nişanlanması, qoşulub qaçması faktları var:

“Bu gənclər hələ ailə nədir, övlad nədir, ailənin idarə olunması nədir bilmədikləri halda evlənməyə qəti qərar verirlər. Bəzi qızlarımız özündən 20-25 yaş böyük adamlara qoşulub qaçır, bəziləri uşaqlarını ailəsinin üstünə atıb qaçır, bəziləri bir balaca incilikdən ailəni dağıdırlar. Bilirsiniz, bu bizim cəmiyyət üçün, gələcəyimiz üçün yolverilməzdir. Ona görə də, gənclərimiz ailə qurarkən dönə-dönə fikirləşməlidirlər, götür-qoy etməlidirlər, ailə qurduqları adamları tanımalıdırlar, onların baxışları bir-birilə üst-üstə düşməlidir. Təəssüflər olsun ki, elə qızlarımız var ki, bu gün hardasa bir xarici ölkədən bir mesaj gələn kimi və ona xoş bir söz söylənilən kimi evlənmək fikrinə düşür. Yaxud xaricdə yaşayan qız Azərbaycana gəlib, burada ailə sahibi olmaq istəyir. Qarşılıqlı münasibətlərin əleyhinə deyiləm. Ancaq bələd olmadan, xarakteri ilə xasiyyəti ilə tanış olmadan, ailəsini nəslini-nəcabətini tanımadan qurulan ailələrin əksəriyyəti davamlı, möhkəm olmur. Ona görə də, birinci növbədə gənclərimizə sevgi münasibətlərini, bir-birinə hörmət münasibətlərini, qarşılıqlı etimad münasibətlərini tərbiyə etməliyik, möhkəmləndirməliyik. Belə olmasa bizim ailələrimiz dağılacaq və uşaqlar yetim qalacaq. Bu məsələdə cəmiyyət daha çox kömək etməlidir. Onlar bu barədə ciddi düşünməli və yollar axtarmalıdırlar. Əks təqdirdə boşanmalarım sayı arta bilər və bu, bizim cəmiyyətimiz üçün ağrılı bir hal yarada bilər”.