25 Aprel 2024
Üç dövlət qurumundan vətəndaşa suvarma suyu verilməməsi məsələsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO/VİDEO

Üç dövlət qurumundan vətəndaşa suvarma suyu verilməməsi məsələsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO/VİDEO

01 Sentyabr 2021
Baxış: 717

Bu gün günorta saatlarında Goranboy rayonunun Qaradağlı kənd sakinlərinin rayonun icra başçısı Məhərrəm Quliyevə məxsus nar plantasiyaları, otlaq sahələri və digər obyektlərinin suvarılması üçün qazıldığı iddia edilən su kanalına daş atdıqları barədə məlumat yayılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı redaksiyayla əlaqə saxlayaraq, burada içməli sudan deyil, suvarma üçün nəzərdə tutulan sudan söhbət getdiyi üçün işin “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC-yə aid olduğunu bildirib.

Caliber.Az-ın müvafiq sorğusunu qəbul edən “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov fakt əsasında araşdırma aparacaqlarını və redaksiyaya əlavə məlumat verəcəklərini qeyd edib.

Bundan əlavə, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məsələ ilə bağlı sorğu göndərib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Qaradağlı kənd sakinlərinin su təchizatının dayandırılması məsələsi nazirlik və adıçəkilən ASC ilə birgə hərtərəfli nəzərdən keçirilərək, araşdırma aparılacaq və müvafiq qərar veriləcək.

16:16

Sosial şəbəkələrdə Azərbaycanın Goranboy rayonunun Qaradağlı kənd sakinlərindən birinin çəkdiyi təxmin edilən video yayılıb.

Çəkilişdən bəlli olur ki, bir qrup yerli sakin (30-40 nəfər) su kanalını daşla bağlayır.

Videonun müəllifi iddia edir ki, bu kanal Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə məxsus nar plantasiyalarının, otlaqların və digər obyektlərin suvarılması üçün qazılıb.

“Suyun yönləndirilməsi nəticəsində kəndə 10 gün su verilməyib. “Azərsu”nun bölgədəki yeni ofisinin rəhbəri insanlara deyib ki, su icra başçısına məxsus əraziyə axır.

Caliber.Az sözügedən məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinə müraciət edib, amma orada sualı eşidəndən sonra deyiblər ki, qurumun bunu aydınlaşdıra biləcək bütün məsul işçiləri görüşdədirlər və yalnız sabah cavab verə biləcəklər (!). Sonra da bir gün davam edəcək görüşün nə barədə olduğunu aydınlaşdırmadan dəstəyi asıblar.

Təəssüf ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonu ümumiyyətlə bağlı olub və dəfələrlə ona zəng olunmasına baxmayaraq, o, geri dönüş etməyib.

Buna baxmayaraq, ümid edirik ki, Goranboy İcra Hakimiyyətində görüş nə vaxtsa başa çatacaq, Anar Cəbrayıllı telefonu açacaq və rayon icra hakimiyyətindən əhalinin narazılığı ilə bağlı məsələyə aydınlıq gətiriləcək. ( Caliber.Az)