24 Aprel 2024
Türkiyə və İsraildən birgə ƏMƏLİYYAT: Yəhudi biznesmenə sui-qəsdin QARŞISI ALINDI - İran casusları SAXLANILDI

Türkiyə və İsraildən birgə ƏMƏLİYYAT: Yəhudi biznesmenə sui-qəsdin QARŞISI ALINDI - İran casusları SAXLANILDI

11 Fevral 2022
Baxış: 1825

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İran kəşfiyyatının yəhudi biznesmen Yair Gellerə qarşı hazırladığı gizli sui-qəsd planının qarşısını alıb.

AJMEDİA.İNFO xəbər verir ki, “Sabah” qəzeti əməliyyatın detallarını yayıb.

Bildirilib ki, MİT-in Əks-kəşfiyyat idarəsi İran kəşfiyyatına məxsus qruplaşmanın müdafiə sənayesi sahəsində dünya miqyasında tanınan yəhudi iş adamı Y.Gelleri öldürmək üçün plan hazırladığını müəyyənləşdirib.

Y.Geller aviasiya-müdafiə sənayesi, texnologiya, proqramlaşdırma və CNC (kompüterli rəqəmsal nəzarət) dəzgahlarını hazırlayan “Yüksək Texnologiya və Mühəndislik” şirkətinin sahibi olub. Bildirilib ki, İran kəşfiyyatı biznesmeni həm İstanbulun Çatalca rayonundakı şirkətinin ərazisində, həm də Beşiktaşda – MİT-in İstanbul şöbəsinin yaxınlığında yerləşən evin məhəlləsində müşahidəyə alıb. Lakin eyni zamanda Türkiyə kəşfiyyatçıları da passiv şəkildə İran casuslarını izləyib.

Məlumata görə, planı iz buraxmadan gerçəkləşdirmək üçün İran kəşfiyyatı əməliyyata Türkiyə vətəndaşlarını da cəlb edib.

İranın yəhudi biznesmenə qarşı sui-qəsd hazırladığını öyrənən MİT bu məlumatı İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsi (“Mossad”) ilə paylaşıb. Türkiyə və İsrail kəşfiyyatının paytaxt Ankarada keçirdiyi yüksək səviyyəli toplantıda Yair Gellerə qarşı sui-qəsdin İranın fizika üzrə alim Möhsün Fəxrizadənin (İran nüvə proqramının rəhbəri, 2020-ci ilin noyabr ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb) intiqamını alması məqsədilə hazırladığı qənaətinə gəlinib.

İclasda həm İsrail, həm də Türkiyə vətəndaşı olan biznesmen üçün təhlükəsiz evin ayrılmasına qərar verilib və o, “Mossad” tərəfindən mühafizəyə alınıb. Üstəlik, İsrail Xarici İşlər Nazirliyi iş adamını təhlükəsizlik baxımından Təl-Əvivdə yaşamağa dəvət etsə də, Y.Geller İstanbulu çox sevdiyini bildirərək bu dəvəti qəbul etməyib.

Qeyd olunub ki, İranın sui-qəsdçi komandası 75 yaşlı Yair Gellerin təhlükəsiz evə köçməsindən xəbərsiz olub. İran qruplaşmasının İstanbul üzrə məsul şəxsinin çox sayda ölkədən giriş-çıxışı qeyd alındığı, həmçinin onun mobil telefonunun diqqətçəkici şəkildə müxtəlif vaxtlarda biznesmenə məxsus müəssisənin yerləşdiyi Çatalca rayonunda siqnal verdiyi müəyyənləşdirilib. MİT-in araşdırmalarından sonra əməliyyat qərarı verilib. İstanbul Əmniyyət Müdürlüyünün Mütəşəkkil Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları 9 şübhəli şəxsi saxlamaq üçün əməliyyat keçirib.

Casus qruplaşmasının lideri 53 yaşlı Yasin Taheremamkendinin hazırda İranda olduğu, iranlı Saleh Moştağ Biğouzun isə qruplaşmanın Türkiyə üzrə idarəçisi olduğu üzə çıxıb. Biğouzun da aralarında olduğu 8 şübhəli şəxs barəsində Türkiyə Cinayət Məcəlləsinin cinayət törətmək məqsədilə təşkilat qurmaq, cinayət törətmək məqsədilə qurulan təşkilata üzv olmaq və təhdid maddələri ilə cinayət işi açılıb. Onlar haqqında həbs qərarı çıxarılıb və cəzaçəkmə müəssisəinə yerləşdiriliblər.

İranlıların sui-qəsdə necə hazırlaşdığının təfərrüatları da məlum olub. Belə ki, Y.Gellerin ev və iş yerinin şəkillərini Türkiyə vətəndaşı Osman Çolak tərəfindən çəkilərək İrana göndərilirmiş. 9 nəfərlik casus qruplaşma iz itirmək məqsədilə əməliyyat zamanı birdən çox xətt istifadə edib, qruplaşma üzvləri mütəmadi olaraq telefonlarını dəyişdirib və izlənməsi mümkün olmayan İran mobil şəbəkəsindən yararlanıblar. Bundan başqa, onlar mesajlaşma zamanı vatsap və sair servislərdən istifadə ediblər.

Xatırladaq ki, ötən gün KİV-də MİT-in Türkiyədə yaşayan iranlı müxalifətçiləri öldürmək istəyən İran kəşfiyyatının şəbəkəsini ifşa etdiyinə dair məlumat yayılıb.