19 Aprel 2024
“Toyota”nın əməliyyat gəlirlərinin 80 faizədək azalacağı gözlənilir

“Toyota”nın əməliyyat gəlirlərinin 80 faizədək azalacağı gözlənilir

12 May 2020
Baxış: 465

Yaponiyanın “Toyota” avtomobil konserni koronavirus pandemiyasına görə 2021-ci ilin martınadək əməliyyat gəlirlərinin 80 faizədək azalacağını proqnozlaşdırır.

AJM Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, istehsalçının mayın 12-də dərc etdiyi hesabata əsasən, cari ildə 8,9 milyon ədəd avtomobilin satışı planlaşdırılır. Bu, əvvəlki illə müqayisədə 14,9 faiz azdır.

Hesabatda satışdan konsolidasiya olunmuş gəlirin 24 trilyon Yaponiya yeni olacağı bildirilir ki, bu da əvvəlki illə müqayisədə təqribən 20 faiz aşağıdır. Proqnozlara görə, əməliyyat gəlirləri 79,5 faiz və ya 500 milyard yen (təqribən 4,7 milyard dollar) azalacaq.

Martın 31-də başa çatmış ötən maliyyə ilinə gəlincə, şirkətdən bildirilir ki, konsolidasiya olunmuş təmiz gəlir 1 faiz azalaraq 29,9 trilyon yen (təqribən 280 milyard dollar) təşkil edib. Əməliyyat gəlirləri də 1 faiz azalaraq 2,4 trilyon yenə (22,8 milyard dollar) bərabər olub.

Qeyd edək ki, şirkət koronavirus pandemiyasına görə bütün dünyada yerləşən zavodlarını müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalıb. Eyni zamanda, şirkətin Çindəki istehsalı bərpa etdiyi, Avropa və ABŞ-da yerləşən zavodları isə bu ay mərhələlərlə açacağı bildirilir. Lakin şirkətin satışda uzunmüddətli təsirdən qaça bilməyəcəyi də qeyd edilir.

“Toyota” şirkətinin əməliyyat direktoru Kon Kenta onlayn mətbuat konfransı zamanı bildirib ki, indiki halda perspektivi qiymətləndirmək çox çətindir. Vəziyyətin regionlar üzrə fərqləndiyini qeyd edən K.Kenta qiymətləndirmənin satışın apreldə dibə çatdıqdan sonra cari ilin sonunadək artım tempini saxlayacağı ehtimalı ilə aparıldığını bildirib.