29 Mart 2024
Tanınmış siyasətçinin təcavüzə uğrayan qızı Sənayın işinə İcra başçısı Əhəd Abıyev mane olub? - AÇIQLAMA

Tanınmış siyasətçinin təcavüzə uğrayan qızı Sənayın işinə İcra başçısı Əhəd Abıyev mane olub? - AÇIQLAMA

13 Oktyabr 2021
Baxış: 927

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Yağmur öz xalası oğlu tərəfindən təcavüzə məruz qalması ilə bağlı sosial şəbəkədə paylaşım edib. Gənc fəal paylaşımında istintaqın düzgün araşdırılmamasına görə Yasamal Rayon Prokurorluğunu ittiham edib.

Daha sonra isə jurnalist Azər Kazımzadə sosial şəbəkədə paylaşım edərək məsələnin ört-basdır edilməsində Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin əli olduğunu iddia edib. O qeyd edib ki, Yasamal rayonunun prokuroru Elman Süleymanovun icra başçısı Əhəd Abıyevlə yaxın dostluq əlaqələri olub, buna görə də iş araşdırılmayıb. Hətta E. Süleymanov bir neçə il Daşkəsəndə prokuror da işləyib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo” sözügedən məsələdə adı hallanan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevlə əlaqə saxlayıb.

İcra başçısı bildirib ki, onun Elman Süleymanovla münasibəti olmayıb:

“Daşkəsəndən gedəndə də onunla küsülü olmuşam. Aramızda münasibət olmayıb. Sonra isə heç onu görməmişəm. Digər baş verən hadisədən isə ümumiyyətlə xəbərim yoxdur”.

Qeyd edək ki, Ə. Abıyev zərərçəkmiş S. Yağmurun anası yazıçı Zümrüd Yağmurun əmisidir. Sosial şəbəkələrdə iddia olunur ki, icra başçısı təcavüzdə ittiham olunan qardaşı nəvəsi Əsgər Ağayevi qoruyub.