20 Aprel 2024
Simonyanın zülmündən qurtulan 4 azərbaycanlı jurnalist - onlara iş təklif edən varmı?

Simonyanın zülmündən qurtulan 4 azərbaycanlı jurnalist - onlara iş təklif edən varmı?

10 Avqust 2022
Baxış: 2002

Xəbər verildiyi kimi, ötən həftəsonu “Sputnik Azərbaycan” (rus versiyası) 4 azərbaycanlı redaktor - Gülzar Mustafayeva, Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina istefa veriblər. Gülzar Mustafayeva mətbuata açıqlamasında bildirib ki, “Sputnik Azərbaycan”da onlardan ölkəmizin mövqeyinə qarşı məlumatın getməsini tələb ediblər.

“Detallar barədə danışmaq istəmirəm. Çünki biz işə qəbul olunanda öhdəliyə imza atmışıq və bunları danışmaq ixtiyarım yoxdur. Sadəcə, onu deyə bilərəm ki, bizdən Azərbaycanın mövqeyinə qarşı məlumatın getməsini tələb etdilər. Biz də dörd redaktor - Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və mən bununla razılaşmayıb istefa verdik”, - o bildirib.

Xatırladaq ki, “Sputnik” informasiya agentliyinin sahibi və rəhbəri qatı antitürkçü Marqarita Simonyandır. Bəs istefa verən redaktorlar iş təklifləri alırlarmı? Hazırkı planları nədir?

Sputnik”dən istefa verən redaktor: Bizdən tələb etdilər ki...

Gülzar Mustafayeva

Həmin redaktorlardan biri olan Gülzar Mustafayeva məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Dostlar, həmkarlar sağ olsunlar, bizi tək qoymadılar. Bizə gözlədiyimizdən də böyük dəstək oldular, hazırda da işlə bağlı təkliflər alırıq və təklifləri dəyərləndirməyə çalışırıq. Bəzən bizi qınayırdılar ki, ”niyə hələ də “Sputnik-Azərbaycan”da çalışırsız". Amma deyə bilərəm ki, kənardan qınamaq çox asandır. Biz daxildə hər zaman Azərbaycanın maraqlarını qorumağa çalışmışıq. Vətən müharibəsi zamanı heç bir zaman ölkəmiz əleyhinə bir dənə də olsun material verməmişik, ola da bilməzdi. Çünki hamımız Azərbaycan vətəndaşıyıq. Yalnız xalqımızın birlik nümayiş etdirməsindən, ordumuzun necə döyüşməsindən, zəfər qazanmağımız haqqında xəbərlər vermişik. Bizim redaktorlardan biri Yelena Starostina etnik baxımdan rus olsa da azərbaycanlıdan da çox azərbaycanlıdır. Hər zaman Azərbaycanın maraqlarını əks etdirən informasiyalar verib".

Bəs “Sputnik-Azərbaycan”, ümumiyyətlə, bağlana bilərmi?

Oxu.az - Qulu Məhərrəmli: “Ofisi bağlayıb, şələ-şülələrini qoltuqlarına  vermək olar”

Qulu Məhərrəmli

Tele-tənqidçi, professor Qulu Məhərrəmli məsələyə bu cür şərh bildirdi: “”Sputnik-Azərbaycan"nın bağlanıb-bağlanmaması ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr səslənib. Bunun necə olacağı əlbəttə ki, hamını düşündürür. Mənə elə gəlir ki, burada biz “Sputnik-Azərbaycan”ı bağlamaqdan daha çox onun təsisçisi qarşısında məsələ qoymalıyıq ki, xəbər yayımı standartlarına əməl etsin. Yəni Simonyan və yaxud qeyrisi bu cür istəyir kimi davranışlar yolverilməzdir. Xəbər işinin prinsipləri, standartları, parametrləri var və ona uyğun fəaliyyət göstərilməlidir. Arzulayardıq ki, “Sputnik-Azərbaycan” ölkəmizdə, o cümlədən Qarabağda gedən prosesləri obyektiv, dəqiq, beynəlxalq normalar kontekstindən işıqlandırsın. Yəni burada oturub Rusiyanın maraqlarını daşımaq və o prizmadan çıxış edib, Azərbaycan əleyhinə məlumatlar vermək olmaz.

Bu baxımdan hesab edirik ki, əgər “Sputnik” Azərbaycan qanunlarına və jurnalistikamızın qızıl qaydalarına əməl etməyəcəksə, onu burada saxlamağın heç bir mənası yoxdur. Əgər təsisçi ilə müəyyən dialoqa nail olsaq, akkreditasiya şərtləri ilə bağlı qaydalara əməl edilsə, əlbəttə ki, bundan sonra da ölkəmizdə çalışa bilərlər.

Burada həm də məsələnin siyasi aspekti var ki, bu, Rusiya ilə Azərbaycan arasında olan məsələ ilə bağlıdır. Məlum olduğu kimi, bir müddət əvvəl Rusiya-Azərbaycan arasında müttəfiqlik müqaviləsi bağlanıb, informasiya təhlükəsizliyi ilə müəyyən razılaşmalar var. Ona görə də “Sputnik-Azərbaycan” heç bir halda Azərbaycanın informasiya təhlükəsizliyinə zərər gətirən addımlar atmamalıdır. Rusiya Müdafiə Nazirliyi hadisələr barəsində nə deyirsə, o bizim üçün önəmli ola bilməz. Önəmli olan hadisə yerində baş verənlərin obyektiv əks etdirilməsidir. Əgər müxbirin və yaxud “Sputnik-Azərbaycan” ofisinin bunun dəqiqləşdirmək imkanı yoxdursa və Rusiya Müdafiə Nazirliyinin xəbərini verirsə, mütləq xəbər standartına uyğun olaraq orada Azərbaycanın da mövqeyini əks etdirməlidir. Yoxsa bir tərəfi verib, yanlış ictimai rəy yaratmaq yolverilməzdir və informasiya işinin qaydalarına da ziddir".



“Yeni Müsavat”