28 Mart 2024
Şəhidin medalları ailəsinə təqdim olundu

Şəhidin medalları ailəsinə təqdim olundu

16 Oktyabr 2021
Baxış: 686

Biləsuvar rayonunun Ağalıkənd kəndində Vətən müharibəsi şəhidi baş leytenant Elmar Mirzəyevin anım mərasimi keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki,tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.Mirzəyevin Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunduğu "İgidliyə görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları şəhidin ailəsinə təqdim edilib.

Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlət daimi şəhidlik zirvəsinə ucalan igidlərin ailələrinin yanında olacaq.

Həmçinin şəhidin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, Elmar Şahin oğlu Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2016-cı ildə hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun baş leytenantı E.Mirzəyev Vətən müharibəsi zamanı Murovdağda, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 15-də Füzuli uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub. Oktyabrın 16-da Biləsuvarın Ağalıkənd kəndində dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə E.Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Report.az