25 Aprel 2024
Şahbaz Quliyev: “Məni biabır ediblər, guya həyat yoldaşıma şirniyyat dükanı, mənə isə ferma veriblər”

Şahbaz Quliyev: “Məni biabır ediblər, guya həyat yoldaşıma şirniyyat dükanı, mənə isə ferma veriblər”

02 Aprel 2022
Baxış: 845

“Dünənki aksiyanın nəticəsi hələki yoxdur, məni biabır ediblər. Yalan məlumat yayıblar ki, guya həyat yoldaşıma şirniyyat dükanı, bacım oğluna inkubator, mənə isə rayonda ferma veriblər. Bundan başqa, guya 4 nəfər gəlib evimi ziyarət edib və hər şeylə təmin ediblər. Belə yalan məlumat olmaz axı, jurnalist informasiyanı paylaşmamışdan əvvəl faktı dəqiqləşdirməlidir. Birinci gün yığışacağıq, görək o ferma hardadır? Bəlkə kimdisə öz ferması ilə mənimkini dəyişik salır”.
Bunu Pravda.az-a açıqlamasında 7 il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyev dünən aksiya keçirdikdən sonra yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

“Doğrudan da belə məlumat yayılıbsa, jurnalistlər faktı dəqiqləşdirməli idi. Mən bu gün desəm ki, bir ton qızıl veriblər, inanıb yazacaqsınız?! Həm də qeyd olunub ki, Şahbaz Quliyev ikinci qrup əlildir və hər ay 130 manat pensiya onun kartına köçürülür. 130 manatla dolanışıq olar?! Ona görə də səhv məlumatı paylaşdığına görə həmin jurnalisti məhkəməyə verəcəm”.

Qeyd: Dövlət Məşğulluq Agentliyinin yaydığı məlumatda qeyd olunub ki, Bakı şəhərinin mərkəzində etiraz edərək bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib. Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır. Ş. Quliyevin çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir.

Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir. Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub. Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O öz təsərrüfatının Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib. Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib.

Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası isə həqiqəti əks etdirmir. AMİA.az