26 Aprel 2024
“Qafqaz Albaniyası turizm marşrutu”: Layihə artıq tamamlanmaq üzrədir - FOTO

“Qafqaz Albaniyası turizm marşrutu”: Layihə artıq tamamlanmaq üzrədir - FOTO

04 Dekabr 2021
Baxış: 741

Azərbaycan Turizm Bürosunun üzərində tamamlama işləri apardığı yeni “Qafqaz Albaniyası turizm marşrutu” yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək. Marşrut Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır.

AJMEDİA.İNFO xəbər verir ki, qədim Albaniya tarixi ilə bağlı araşdırmalar, arxeoloji nümunələr bu dövlətin Azərbaycanın tarixi keçmişinin uzun bir dövrü ilə bağlı olduğunu ortaya çıxarsa da, bu mövzuda həllini tapmayan, mübahisəli məsələlər hələ də qalmaqdadır. Ancaq Azərbaycan Turizm Bürosunun üzərində tamamlama işləri apardığı “Qafqaz Albaniyası turizm marşrutu” bu mübahisələrə son qoya bilər. Qarabağla bağlı hazırlanan tematik marşrutlardan biri olan “Alban mədəniyyətinin izi” marşrutunun yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Marşrut Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır.

Üç əsas dəhliz

Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova layihə haqqında Kaspi.az qəzetinə məlumat verərək Alban mədəniyyəti marşrutunun Azərbaycanın 3 əsas dəhlizini - Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə etdiyini bildirdi: “Qarabağda Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adət-ənənələr və s. daxildir. Alban mədəniyyəti islamaqədərki dövrü əhatə edir. Bu marşrutla bağlı layihə artıq tamamlanmaq üzrədir”.

Əsirlikdən çıxan abidələr

Qafqaz Albaniyasının ərazisinin ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab edildiyini deyən Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili Azərbaycanda xristianlığın tarixinin, demək olar ki, Alban kilsələrindən başladığını bildirir: “Bütövlükdə bu dinin tarixində həmin məbədlərin xüsusi yeri var. Ölkə ərazisində, o cümlədən işğaldan azad olunan torpaqlarımızda çox sayda alban məbədləri yerləşir. Təkcə Kəlbəcərdə onların sayı 35-dən çoxdur. Sevinirik ki, Qarabağ işğaldan azad oldu və o ərazilərdə olan qədim alban məbədləri də əsirlikdən çıxdı. Bu məbədlər də əsirlikdə idi.

Bir tərəfdən həmin alban məbədləri erməniləşdirilmiş və saxtalaşdırılmış, digər tərəfdən, bütün simvolları və elementləri dəyişdirilmişdi. Ermənilər bu abidələri dünyaya erməni məbədləri kimi təqdim ediblər. İslamla bağlı bütün abidələri isə dağıdıblar. Bütün bunlar erməni vandalizminə sübutdur. Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam həyata keçirə bilmədilər. Əsas məqam odur ki, ərazi işğaldan azad edildi və tarixi həqiqət bərpa olundu. Gələcəkdə kilsələri bərpa etməklə kanonik ərazini də alacağıq və Alban kilsələri Azərbaycanın tam nəzarətində olacaq. Prezident İlham Əliyev də qeyd edir ki, gələcəkdə ərazidəki bütün abidələr bərpa olunacaq. Çünki tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir”.

Bərpaya ehtiyac

Hazırda Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda “kilsələrin anası” hesab olunan apostol Yelisey məbədi bərpa edilib. 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı baş tutub. 2020-ci ildə Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən daha bir tarixi kilsə – Müqəddəs Məryəm Ana kilsəsi əsaslı şəkildə bərpa edilib. İcma rəhbəri bildirir ki, xüsusən işğaldan azad edilən ərazilərimizdə olan, ermənilərin saxtalaşdırmağa çalışdığı abidələrin də ciddi bərpaya ehtiyacı var: “Bu abidələri bərpa etməyə maliyyə və vaxt tələb olunur. Həmin abidələrlə həm yerli, həm xarici turistlərin tanış olması, tarixini öyrənməsi çox vacibdir. Bunların hər biri qədim alban mədəniyyətinin ayrılmaz hissəsidir”.

İnfrastruktur olmalıdır

R.Mobili Qafqaz Albaniyası üzrə turizm marşrutunun yaradılmasını xüsusən indiki vaxtda vacib hesab edir. Bununla belə, turistləri cəlb etmək üçün infrastrukturun yaradılmasına ehtiyac olduğunu deyir: “Hələ ki, turist cəlb eləmək üçün infrastruktur lazımı səviyyədə deyil. İlk növbədə yol çəkilməli, abidələr bərpa olunmalıdır ki, turistlər bərpa olunmuş abidələri görsünlər, o əraziləri ziyarət etsinlər. Düzdür, hazırda dövlət tərəfindən quruculuq işləri həyata keçirilir, infrastruktur yaradılır. Hesab edirəm ki, bu proseslər başa çatandan sonra ən böyük turist axını Qarabağa olacaq. Turistlər həm Qarabağı görəcək, həm məbədlərə baş çəkəcəklər. Elə öz vətəndaşlarımız üçün də bu, böyük əhəmiyyətə malikdir. Çünki insanlarımızın böyük əksəriyyəti nə Xudafərini, nə Hadrutu, nə Tuğu görüblər”.

R.Mobili Qafqaz Albaniyasına məxsus tarixi irsimizin zəngin olduğunu bildirir: “Biz irsimizi yalnız Şərqlə müqayisə etməliyik. Bizim irsimiz çox zəngindir: islam, iudaizm, xristianlıq, katolisizm, protestantlıqla bağlı qədim tarixi abidələrimiz, IV-V əsrdən əvvələ aid tarixi məkanlarımız var.

Bütün bu məkanlara turist cəlb etmək, onları turizm bölgələrinə çevirmək üçün infrasrtruktur olmalıdır. Məsələn, biz udilərin yaşadığı Nic qəsəbəsində məbədlərin bərpasından sonra turistlərin səfər etməsi, gecələməsi, yerli mətbəxlə maraqlanması üçün şərait yaratmışıq. Qafqaz Albaniyasına məxsus abidələrin yerləşdiyi bütün bölgələrdə turizm üçün belə şərait yaradılmalıdır”.

Turizm şirkətləri yubanıblar

Mütəxəssislər qədim Alban mədəniyyətinin izi ilə yaranacaq turizm marşrutunun ölkəmizin tanıdılması istiqamətində mühüm rol oynayacağını istisna etmirlər.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir ki, Alban dövlətinin varisləri olan udilər, dağ kəndlərində yaşayan başqa alban xalqları indi də Azərbaycan ərazisində yaşayırlar: “Alban mədəniyyəti 26 tayfanı birləşdirirdi. Bu mədəniyyətin 52 hərfdən ibarət əlifbası olub. Alban mədəniyyətinə məxsus abidələr də ölkəmizdə çoxdur”. M.Ağakərimov alban abidələri olan ərazilərə turizm marşrutlarının təşkil edilməsini vacib hesab edir: “Turizm şirkətləri, əslində, bu addımı atmaq üçün yubanıblar. Bunu çoxdan etmək lazım idi. Turistlər üçün Alban abidələri, mədəniyyəti haqqında geniş məlumat hazırlanmalıdır. Bunu kor-koranə və ya həvəskar şəkildə deyil, tarixçilərin məsləhəti ilə etmək lazımdır”. M.Ağakərimov Alban mədəniyyətinin izlərinin Dağlıq Qarabağda daha geniş olduğunu qeyd edir: “Turistlərə Azərbaycanın qədim insan məskənlərinin yeri olduğu haqda ətraflı məlumat vermək lazımdır. Bu turizm marşrutunun ideoloji əhəmiyyəti olacaq. Vaxtilə erməni kilsələri alban kilsələrini özlərinə birləşdirib və onların mədəniyyətini özününküləşdirib. Ermənilər alban abidələrinə xaç nişanlarını vurub və onu öz abidələri kimi təqdim ediblər. Ancaq tarixi mənbələr sübut edir ki, Alban etno-mədəni irsi Azərbaycan dövlətinin sələfidir”. Turizmçi hesab edir ki, bu tarixi faktlarla bağlı həqiqətləri bildirmək üçün turizm şirkətlərinin təmsilçilərinin iştirakı ilə elmi konfrans da keçirilməlidir: “Turizm mütəxəssislərini cəlb edib bu istiqamətdə təşviqat və təbliğat işlərini elə qurmaq lazımdır ki, ermənilərin yalan danışdığı sübut olunsun. Bu istiqamətdə turizm marşrutu da böyük rol oynayacaq”.

Tarixin düzgün təbliği üçün

Turizmçi Ceyhun Aşurov sözügedən turizm marşrutlarının hazırlanmasını dəstəkləyir: “Əvvəllər də bizdə Qafqaz Albaniyası dövrünün memarlıq abidələri bəzi turizm marşrutları üzərinə salınırdı. Tarix kitablarımızda da bu barədə qeyd olunur. Ermənilər daim Qafqazdakı abidələri öz adlarına çıxmağa cəhd ediblər. Bu baxımdan, belə bir turizm marşrutunun olması həm yerli, həm də xarici turistlərə həqiqi tariximizin çatdırılması baxımından təbliğat vasitəsi olacaq. Bu tip marşrutlar olmalıdır ki, tarix düzgün təbliğ olunsun”. Turizmçinin fikrincə, bu istiqamətdə turizm marşrutlarının təşkili təkcə turistik nöqteyi-nəzərdən əhəmiyyət kəsb eləmir, eyni zamanda tariximizi, mədəniyyətimizi, həmin ərazilərdə yaşayan xalqların qədimliyini, adət-ənənəsini tanıtmaq baxımından da vacibdir: “Hesab edirəm ki, bu destinasiyanı turizm marşrutu kimi düzgün təqdim edə biləcəyik. İşğal olunmuş ərazilərdə saxtalaşdırılmış onlarla alban abidəsinin Azərbaycana məxsusluğunu da yalnız doğru təbliğat və təqdimatla sübut edə bilərik”.
Yüz eşitməkdənsə...

Qafqaz Alban mədəniyyəti turizm marşrutunun yaradılması iqtisadiyyatımıza da faydalı olacaq. Sadəcə, turistləri cəlb etmək, tariximizlə bağlı məlumatlandırmaq, həqiqətlərimizə inandırmaq, Azərbaycanı tanıtmaq üçün ortaya mükəmməl və davamlı iş qoyulmalıdır. O zaman bu marşrut turistlər üçün “yüz eşitməkdənsə, bir dəfə görmək” məsəlinin layiqli isbatı, ermənilərə isə tutarlı cavab ola bilər...