19 Aprel 2024
Nobel mükafatı almış azərbaycanlı

Nobel mükafatı almış azərbaycanlı

30 Aprel 2020
Baxış: 3548

Lev Landau Azərbaycan torpağının elm dünyasına bəxş etdiyi ən böyük alimdi. O, 1908-ci ildə Balaxanı qəsəbəsində yahudi ailəsində anadan olmuşdur. 14 yaşında imtahan verərək eyni anda, Azərbaycan Dövlət Universitetinin ”Fizika-Riyaziyyat” və ”Kimya” fakültələrinə daxil olur. Amma 1 il sonra özünə gələcəkdə inqilablar edəcəyi yolu seçərək, Kimyanın daşını atır. 1924-ci ildə (16 yaşında) ADU-da çıxışları ilə fərqlənən və əla qiymətlərlə oxuyan gənc müəllimlərinin köməyi ilə SSRİ-nin elmi mərkəzi sayılan Leninqrad Dövlət Universitetinə köçürülür. 1926-ci ildə təhsil aldığı zaman ilk elmi əsəri olan ”İkiatomlu molekulların spektrləri nəzəriyyəsi”-ni çap elətdirir. 1927-ci ildə LDU-nun aspiranturasına qəbul olur. Burada təhsil aldığı müddətdə Kvant Mexanikasına yeni anlayış (Sıxlıq Matrisası) gətirir. 1928-ci ildə Moskvada Fizika qurultayında ”Modern Fizikada Səbəbiyyət” və başqa mövzular ilə çıxış edərkən, sonralar ömrü boyu öz müəllimi adlandıracağı Niels Bohr tərəfindən kəşf edilir.

Landau 21 yaşında olarkən Berlində Albert Eynşteynlə görüşmək şansı əldə edir. Albert Eynşteyn onu öz evinə dəvət edir. Görüş zamanı (hər nə qədər Eynşteyn qəbul etməsə də) gənc fizik ona Qeyri Müəyyənlik Prinsipinin Kvant Nəzəriyyəsinin əsası olduğunu isbat etməyə çalışır. Dövrün siyasi hadisələri ilə əlaqədar olaraq onlar bir daha görüşə bilmirlər. 1930-cu illərdə Kopenhagendə bir neçə dəfə Bohrun seminarlarına qatılan Landau onunla Kvant Fizikası ilə bağlı söhbətlər edir, hal-hazırda ”Landau Diamaqnetizmi” kimi bildiyimiz mövzu haqqında elmi əsər yazaraq məşhurlaşır.

Əldə etdiyi uğurlara görə ona heç bir dissertasiya müdafiə etmədən elmlər doktoru, 1 il sonra (27 yaşında) isə professor adı verilir. Bu illərdə gənc istedad ”Fazaların ikinci növ dəyişmələri” və ”Yüksəkkeçiricilərin aralıq halları” nəzəriyyələrini yaradaraq, bu mövzular haqqında olan bütün çatışmazlıqlara son qoyur.

Təəssüflə qeyd etməliyik ki, Landau da bir çox elm nümayəndələri kimi o dövrdə hökm sürən Stalin repressiyalarının qurbanı olur və həbs edilir. Həbsxanada olan zaman qeyd edir ki, ”Buranın bir yaxşı xüsusiyyəti var ki, Stalini istədiyin qədər söyə bilirsən”. Amma başda Nils Bor olmaqla bir çoxları Stalinə məktub yazaraq, onu 1 il sonra (1935-ci ildə) azadlığa buraxılmasına nail olurlar. Həbsdən azad edildikdən sonra: ”Ora elə də pis yer deyil, mən bir çox kəşflərimi orda olarkən etmişəm” şəklində müsahibə verir. 1940-cı illərdə ”Maye Heliumun Yüksəkaxıcılığı Nəzəriyyəsi”-ni yaradır və bu sahə haqda olan bütün suallara aydınlıq gətirir, yeni Kvant Mayesi Nəzəriyyəsinin banisi olur, dövrün ən çətin problemi olan ”Plazma Mövzusu”-nu işləyir və elmə ”Landau sönməsi” terminini daxil edir. Landau o zaman dünyanın ən güclü alimlərini logarifmik bir şkalada yerləşdirmişdi. Ona görə ilk sırada Nyuton gəlirdi, Albert Eynşteyn isə yarımsinifə aid edirdi.

Qeyd edək ki, Landau ”Kondenslənmiş Maddələr” xüsusilə ”Maye Helium” üzərində gördüyü işlərə görə Nobel mükafatına laiq görülüb. O,1968-ci ilin aprel ayının biri 60 yaşında Moskvada vəfat edir.