25 Aprel 2024
Mun Ce-in: Koreya Respublikası KXDR ilə dialoqun bərpasına hazırdır

Mun Ce-in: Koreya Respublikası KXDR ilə dialoqun bərpasına hazırdır

11 Yanvar 2021
Baxış: 1166

Koreya Respublikasının Prezidenti Mun Ce-in hökumətinin Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqun istənilən vaxt, istənilən yerdə, hətta virtual formada bərpasını arzuladığını açıqlayıb.

AJM yerli KİV-lərə istinadla xəbər verir ki, Yeni il münasibətilə xalqa müraciətində bu məsələyə toxunan dövlət başçısı deyib: “Koreya yarımadasında sülh prosesinin açar qüvvəsi dialoq və qarşılıqlı faydalı əməkdaşlığıdır”, - deyən Mun Ce-in ölkəsinin Şimali Koreya ilə dialoqa hazır olduğunu bildirib.

Cənubi Koreya lideri KXDR-ə COVID-19 pandemiyasına qarşı regional əməkdaşlığa qoşulmağı təklif edərək, iki ölkənin bu istiqamətdə əlaqələrinin digər sahələrdə də əməkdaşlığı gücləndirə biləcəyini deyib.

Mun Ce-in ölkəsinin Co Baydenin ABŞ-in prezidenti kimi vəzifəsinin icrasında başlamasından sonra Birləşmiş Ştatlarla KXDR arasında dialoqun bərpasına çalışacağını da bəyan edib.

Bir neçə gün əvvəl Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə əlaqələrin 3 il əvvəlki səviyyəyə qayıda biləcəyini, amma bunun Seulun davranışından asılı olacağını deyib.

Qeyd edək ki, 1910-cu ildə Yaponiyanın tərkibinə daxil olan Koreya yarımadası İkinci Dünya müharibəsindən sonra ABŞ və keçmiş SSRİ-nin təsir zonalarına bölünüb. Yarımadanın 38-ci paraleldən cənubu ABŞ-ın nəzarəti altına keçib və 1948-ci il avqustun 15-də burada Koreya Respublikası qurulub. SSRİ-nin nəzarəti altında qalan şimalda isə kommunist hakimiyyəti formalaşdırılıb - 1948-ci il sentyabrın 9-da burada Koreya Xalq Demokratik Respublikası elan olunub.

1950-1953-cü ildə baş verən Koreya müharibəsi atəşkəs razılaşması ilə dayanıb. Sülh sazişi imzalanmadığı üçün münaqişə tərəfləri hazırda formal olaraq müharibə vəziyyətindədirlər. Ötən illərdə iki ölkə arasında münasibətlərin normallaşması üçün liderlər səviyyəsində görüşlər də daxil olmaqla, bir neçə cəhd olsa da, konkret nəticələr əldə edilməyib.

Teqlər: Mun Ce-in