28 Mart 2024
"Meyitxanaya getdik, qətlə yetirilənlərin siyahısını gizlincə çəkdik" - Deqatinin 20 Yanvar XATİRƏLƏRİ

"Meyitxanaya getdik, qətlə yetirilənlərin siyahısını gizlincə çəkdik" - Deqatinin 20 Yanvar XATİRƏLƏRİ

20 Yanvar 2022
Baxış: 427

Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Reza Deqati 20 yanvar faciəsi günlərində Bakıda apardığı çəkilişlər barədə xatirələrini bölüşüb.

AJMEDİA.İNFO AzərTAc-a istinadən xəbər verir ki, 1990-cı il yanvarın 20-də Parisdə olduğunu xatırladan dünya şöhrətli fotoqraf Reza Deqati deyib:

“Axşam saat 4-5 radələrində o vaxt UNESCO-da fəaliyyət göstərən, bu yaxınlarda dünyasını dəyişmiş Ramiz Abutalıbov mənə zəng edib dedi ki, Bakıda böyük faciə olub, bununla bağlı mənimlə görüşmək istəyir. Mən dərhal getdim. Ramiz müəllim dedi ki, Sovet ordusu Bakıda qırğın törədib, yüzlərlə insan qətlə yetirilib, yaralanıb. Bizdə məlumat azdır, jurnalistlərin Bakıya getməsinə icazə vermirlər. Bunu eşidib Bakıya getməyə qərar verdim. Sovet hakimiyyəti dövründə beynəlxalq jurnalistlərə vizanı Moskvada verirdilər. Odur ki, oraya getməli oldum. Yanvarın 21-də axşam saatlarında Moskvaya çatdım. Orada dedilər ki, bütün yollar bağlıdır, Bakıya getmək mümkün deyil. Moskvada məndən başqa da Bakıya getmək istəyən bir neçə jurnalist vardı. Azərbaycanın Moskvadakı nümayəndəliyində mənə dedilər ki, bizə kömək edə bilərlər. Bakıya yalnız qatarla getmək olar. Qatar Moskvadan Bakıya 48 saata çatırdı. Başqa çarə olmadığından mən dostlarımla birgə qatarla yola düşdük. Vaqona yoxlama gələndə gizlənirdim. Bakıya çatanda gördük ki, vağzalda hamını yoxlayırlar. Moskvadan mənimlə gələn dostlarımız bizi vağzaldan gizlincə çıxardılar.

Mən üç gün Bakıda qaldım. Əvvəlcə meyitxanaya getdik. Ölən insanların siyahısını gizlincə çəkdik. Sonra yaralıların olduğu xəstəxanaya getdik. Sovet əsgərləri xəstəxanaya gedib gələnləri yoxlayırdı, heç kəsi içəri buraxmırdılar. Biz Azərbaycandan olan dostlarımızın köməyi ilə içəri girə bildik. Mən fotoşəkil çəkirdim, Türkiyədən olan Əhməd adında dostum isə kiçik kamerası ilə çəkiliş aparırdı.

Sonra Şəhidlər xiyabanına getdik. Oraya minlərlə insan yığışmışdı. Faciə zamanı qətlə yetirilənləri orada dəfn edirdilər. Biz çəkiliş apardıqdan sonra böyük çətinliklə Bakı-Moskva təyyarəsinə bilet ala bildik. Gecə Moskvada qaldıq, sabahısı gün Parisə yola düşdük. Oraya gələndə gördük ki, Bakıda baş verən qanlı hadisələrdən Avropada heç kimin xəbəri yoxdur. Ona görə Fransada bir agentlik vasitəsilə çəkdiyim fotoları televiziya kanallarına göndərdik. 18 telekanal həmin fotoları göstərdi və bu barədə məlumat yaydı. Sonra xəbər tutdum ki, o vaxt iki jurnalist Fransadan Bakıya getmiş və 20 Yanvar faciəsi ilə bağlı çəkilişlər aparmışdı. Buna görə Azərbaycan təhlükəsizlik orqanları təzyiqə məruz qalmışdı. Nə edəsən, jurnalist peşəsi belədir. Bir neçə il sonra Xocalı faciəsi törədildiyi dövrdə də Bakıya gəldim və çəkilişlər etdim”.