25 Aprel 2024
Koronavirusun evdə müalicəsi zamanı hansı səhvlərə yol verilir? - İnfeksionistdən AÇIQLAMA

Koronavirusun evdə müalicəsi zamanı hansı səhvlərə yol verilir? - İnfeksionistdən AÇIQLAMA

17 Noyabr 2021
Baxış: 643

“COVID-19 xəstəliyi təsdiq olunan istənilən şəxsi mütləq şəkildə həkim müalicə etməlidir. Təbii ki, bu işi bu sahədə ixtisaslaşmış mütəxəssis görməlidir. Həkim çoxdur, kiməsə bu, asan iş kimi gəlsə də, təcrübə önəmlidir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov canlı yayımda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan şəxslərin əksəriyyəti evdə müalicə alır:

“Virusa yoluxan şəxslər 20 % halda xəstəliyi ağır, 5 % halda kritik həddə keçirir. Böyük əksəriyyəti isə xəstəliyi yüngül və orta ağırlıqda keçirir. Xəstələrin çoxunda yuxarı tənəffüs yollarının zədələnməsi halları olur. Böyük əksəriyyətində isə heç ağciyərlər zədələnmir. Belə olan halda müalicənin əsasını hərarətsalıcı, burun tutulmasına qarşı yüngül dərmanlar kifayətdir. Evdə müalicənin əsas qüsuru müxtəlif növ antibiotiklərin külli miqdarda istifadədir. Əksinə antibiotik bədəni zəiflədir və xəstəliyin orqanizmi daha da ağırlaşdırmasına səbəb olur. Xəstəliyi yüngül keçirən xəstələrin müalicəsində ağır dərmanlara ehtiyac yoxdur, bu, ona fayda vermək yerinə, daha da ziyan olur. İkinci tərəfdən isə o qədər antibiotik istifadə edilir ki, vəziyyət ağırlaşanda xəstəxanaya gələn pasiyentə həkim dərman təyin etməkdə çətinlik çəkir. Belə hallara yol vermək olmaz. Antibiotiklər xüsusi göstərişlər zamanı həkim tərəfindən təyin olunmalıdır.

Evdə müalicənin digər qüsurlarından biri qandurulaşdırıcı müxtəlif dərman preparatlarından istifadədir. Nəzarətsiz bu dərmanlardan istifadə qanaxmalara səbəb ola bilər. Mədə-bağırsaq yolunda hər hansı problem - mədə xorası və s. varsa, qanaxma riski böyükdür. Həkim tövsiyəsi olmadan bu dərmanların qəbulu ölüm hallarına qədər apara bilər. Odur ki, heç kim başqa xəstəyə yazılan dərman bir başqa xəstəyə faydalı ola bilməz. Çünki dərmanlar xəstəyə individual olaraq yazılır. Müalicə təyin edən həkim pasiyentin paralel xəstəliklərinin olub-olmamasını və digər bir neçə məqamları yoxlamalıdır. Təəssüf ki, bəzən tibb bacıları da xəstəyə müalicə yazır. Bu kimi hallar yol verilməzdir”.