20 Aprel 2024
Kəlbəcərdən sonra hədəf Qubadlıdır? – Qəfil hücumun SƏBƏBLƏRİ

Kəlbəcərdən sonra hədəf Qubadlıdır? – Qəfil hücumun SƏBƏBLƏRİ

26 Avqust 2021
Baxış: 666

“Ermənistanda yetərli qədər maraqlı qüvvələr var ki, məğlubiyyətlə barışmaq istəmir, revanşist idealarla yaşayırlar. Hiss olunur ki, dövlət bu qüvvələri tam şəkildə idarə edə bilmir. Bu qüvvələr mütəmadi olaraq xaricdə yaşayan ermənilər və müəyyən maraqlı dairələr tərəfindən maliyyələşdirilir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri modern.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov erməni hərbçilərin dünən Qubadlıda törətdiyi təxribatdan danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistandakı təxribatçı qüvvələr Cənubi Qafqazda stabilliyi pozmağa çalışır: Vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr var. Paşinyan yaxşı başa düşür ki, onların başqa cür çıxış yolları yoxdur. Ermənistanın bir çıxış yollu var, o da Azərbaycanın şərtlərinə uyğun olaraq yaşamaqdır. Paşinyanın iqtidarı o qədər güclü deyil ki, ölkəsinin niyyətlərini yerinə yetirsin.

Parlamentdəki davalar onu göstərir ki, seçkilər keçsə də, dövləti idarə edə bilmir. İstər Qubadlıda, istərsə də başqa yerlərdə təxribat törətmələri ondan xəbər verir ki, Ermənistanın daxilində problemlər var, belə halların qarşısını ala bilmirlər. Əlbəttə, bu kimi təxribatların olması istisna deyil.

Ancaq Azərbaycan ordusu qarşısına qoyduğu bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Ermənistan tərəfindən atılan təxribatçı addımlara adekvat cavab veriləcək. Düşmən yenə itkiyə məruz qalacaq. İndiyə kimi törədilən təxribatlar onu göstərdi ki, Ermənistan zəifdir. Sərhəddən Azərbaycan əsgəri nə qədər erməni qulduru yığıb. Bu, belə olub, belə də olacaq. Düşünürəm ki, narahatlığa heç bir səbəb yoxdur. Azərbaycan ordusunun döyüş qabiliyyəti hər zaman yüksəkdir, lazım olan silahlarla təchiz olunub. Ermənistanın hər bir təxribatına qarşı istənilən yerdə – rus sülhməramlılarının olduğu və ya sərhəddə cavab verməyə qadirik Hər şey Azərbaycanın nəzarəti altındadır”.

Siyasi ekspert Elman Vəliyev isə bildirib ki, Ermənistan tərəfi üçün artıq çəmbər daralır. Onun fikrincə, İrəvanın təxribatçı addımları ermənilər üçün böyük problemlər yaradacaq: “Baş nazir Nikol Paşinyan Azərbaycanla müzakirə aparmağın mümkün olduğunu deyir. Ancaq cəbhədə təxribatlar səngimir. Ermənistanı sülhə razılıq verməsi üçün təhrik edirlər. Rusiya da sülhə meyillidir. Ermənistan tərəfini silahlandıraraq həm bölgədə “balansı” qorumağa çalışır, yəni Ermənistanın tam çökməsini istəmir, çünki Ermənistan hələ Rusiyaya lazımdır, həm də bu ölkəni qızışdırır ki, təxribatlar törətsin. Ermənistan da belə təhrikə gedərək propaqandalar etməklə Azərbaycan tərəfini güc tətbiqinə məcbur edir. Paşinyan da öz hakimiyyətindən ehtiyat edir. Yanlış addım atılaraq təzyiqlərə, təxribatlara məruz qalmaqdan çəkinir. Ermənistan parlamentindəki dava daxili çaxnaşmaların bir nümunəsidir. Digər bir məsələ Paşinyanın sovet xəritələri əsasında danışıqların ola biləcəyini dilə gətirməsidir, ancaq hansı sovet xəritələri?

1920-ci illərdəki sərhədlər olarsa, biz razıyıq. Çünki həmin dövrdə Ermənistanın əraziləri kiçik seqmentdən ibarət idi. Ancaq SSRİ-nin dağılma dövrünü nəzərdə tutursa, bununla razılaşmaq olmaz!

Zənn etmirəm ki, tərəflər arasında yeni genişmiqyaslı müharibə olsun. Ancaq Ermənistan tərəfi yenə destruktiv mövqe nümayiş etdirərsə, Azərbaycan tərəfi güc tətbiq edəcək. Ermənistanın bu cür yanaşması konfrontasiyaya səbəb ola bilər, bu da rəsmi İrəvan üçün böyük problem yaradacaq”.

Qeyd edək ki, 25 avqust saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıb. Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur.