19 Aprel 2024
"İran sərhəd məsələsində İsrail-Azərbaycan münasibətlərinə görə belə davranır" - Partiya sədri

"İran sərhəd məsələsində İsrail-Azərbaycan münasibətlərinə görə belə davranır" - Partiya sədri

19 May 2021
Baxış: 1008

Tehranın xarici qoşun yuxusu: “Yeni qonşu”, “transregional” qüvvə nə deməkdir?

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnuri Azərbaycana qarşı qərəzli açıqlama verib. Ermənistan mediasına açıqlama verən Zonnuri işğalçı dövlətin sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləyib.

“İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmirik, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır”, – deyə iranlı deputat deyib.

Bəyanatda Ermənistanın mövqeyinin müdafiəsi aydındır, amma diqqətçəkən başqa bir məqam da var. Parlament yetkilisi deyir ki, “sərhədlərimizin yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik”, “sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir”.

İranın bəyanatından bu da anlaşılır ki, sanki Azərbaycan sərhəddə hansısa xarici qüvvə yerləşdirmək istəyir. İran niyə Azərbaycanın illərdir işğal səbəbindən sərhədlərimizə nəzarəti ələ almasından bunca narahatdır? Verilən bəyanatdakı “yeni qonşu”, “transregional” qüvvə nə deməkdir? Cənub qonşumuzda nəyə işarə edirlər?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu fikirlərin Azərbaycana qarşı hörmətsizlik olduğunu bildirib:

“İlk öncə deyim ki, İran parlamentinin deputatı belə fikirlər səsləndiribsə, bu çox qüsurludur. Digər tərəfdən, başqa bir ölkənin daxili işlərinə qarışmaq bu ölkəni şantaj etməkdir, qonşusuna qarşı hörmətsizlikdir. Həm də bu bir müsəlman ölkəsinə qarşı edilmiş şantajdır. Əgər İran parlamentinin deputatı sərhədlərin toxunulmazlığından bu qədər narahat idisə, o zaman 30 il Azərbaycan ərazisini işğal edən, bu illər ərzində Azərbaycanın sərhədlərini pozan, az qala 130 kilometr Azərbaycan ərazisində öz sərhədini qurub İranla ”qonşuluq” edən Ermənistana niyə səsini qaldırmırdı? Təəssüflər olsun ki, Ermənistan Azərbaycan ərazisində məscidlərdə, inanc yerlərində donuz saxlasa da, həmin yerləri təhqir etsə də, İran adlı bir müsəlman dövlətinin bu deputatı və digərləri öz etirazlarını bildirməyiblər. Amma alınlarına möhür qoyub namaz qılırlar. Azərbaycan ərazisində olan məscidlərə elə özləri əl gəzdiriblər və bununla Azərbaycanın izini itirmək istəyiblər. Təbii ki, bizim yaddaşımızdan bunlar silinməyib. Amma biz İranla dinc qonşuluq siyasəti yürüdürük. Azərbaycan öz suveren ərazisində nə hərəkət edirsə, özü edəcək. Ermənistanla sərhəddə isə ölkəmiz sovetlər dönəmində mövcud olan sərhədlərini bərpa edir. Əgər bu sərhədlər Ermənistan ərazisinə 20-30 kilometr girməyi nəzərdə tutursa, Azərbaycan Ordusu həmin ərazilərə girməyə qadirdir. Bunu edən zaman isə rəsmi Tehrandan hər hansı bir icazə almağı düşünmür. Biz cənub qonşumuzun daxili işlərinə qarışmırıq, onlar da bizim daxili işlərimizə qarışmasınlar. Bu birmənalı şəkildə belədir”.

AJMEDİA.info yeni müsavata istinadən xəbər verir ki, deputat bir ehtimal irəli sürdü: “Düşünürəm ki, iranlı deputatın dilindən səslənən bu mövqe həm də ola bilsin ki, Azərbaycanla İsrail arasında olan münasibətlərdən qaynaqlanır. Bizim İsraillə münasibətlərimiz yaxşıdır. Qarabağ müharibəsində bu ölkə yanımızda dayandı. İsrail Azərbaycana silah təchizatını yerinə yetirdi, ölkəmizə ən müxtəlif beynəlxalq instansiyalarda köməklik göstərdi. Bunun üçün də biz İsrail dövlətindən razıyıq. Təəssüflər olsun ki, biz bu kimi addımları bir sıra analoji müsəlman dövlətlərindən gözləmirik. Məsələn, Fələstin muxtariyyəti bəzən Ermənistanı müdafiə edən bəyanatlar, ifadələr səsləndirib. Hətta bu gün xalqımızda belə bir fikir yaranıb ki, din qardaşımız olan fələstinlilərin, yoxsa İsrailin yanında dayanmalıyıq? Şəxsən mən Milli Məclisin deputatı, əlavə olaraq, Milli Cəbhə Partiyasının sədri kimi, müxalifət partiyasının rəhbəri olaraq, İsraili seçirəm və bu ölkənin yanında dayanıram. Amma bu o demək deyil ki, mən orada yaşanan qarşıdurmaların tərəfdarıyam. Sadəcə istəyirəm ki, orada olan ərəblər də əziyyət çəkməsin, heç kim həyatını itirməsin, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma son məqama, siyasi baxışlara gələndə məcburuq ki, İsrail dövlətini müdafiə edək. Eyni zamanda, İsraildən xahiş edək ki, nə qədər mümkündürsə, maksimum dərəcədə mümkün imkanlarla münaqişəyə son qoysun, Fələstinlə münasibətlərinin danışıqlar masasında yaxşılaşması üçün əlindən gələni etsin”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə qısaca olaraq, İrana bu mesajları ünvanladı: “İşğalçıya, məscidləri dağıdan bir xalqa, ölkəyə dəstək verənin, məncə, kimliyindən asılı olmayaraq, kim olduğu bəlli olur. Eyni zamanda onların nəyə xidmət etdikləri, niyyətləri bəlli olmamış deyil. Çox təəssüflər olsun ki, onlar öz xislətlərini göstərirlər. Bir faktı bilməlidirlər ki, Azərbaycan bütövdür, ərazi bütövlüyü əbədidir. Onu da çox gözəl bilirlər ki, Şuşa müsəlman dünyasının mədəniyyət mərkəzi olacaq. Qarabağ da Azərbaycandır!”