19 Aprel 2024
İndoneziyada koronavirusun yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görüləcək

İndoneziyada koronavirusun yayılmasının qarşısını almaq üçün daha ciddi tədbirlər görüləcək

26 May 2020
Baxış: 433

İndoneziya hökuməti koronavirusun yayılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərə nəzarəti gücləndirmək üçün ordunu və polis qüvvələrini cəlb edəcək.

AJM xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti mayın 26-da İndoneziya prezidenti Coko Vidodoya istinadla məlumat yayıb.

Bildirilir ki, ilkin mərhələdə bu tədbirlərə 340 min polisin və silahlı qüvvələrin nümayəndələrinin cəlb edilməsi planlaşdırılılr. Həmin qüvvələrin Cakarta, Qərbi Sumatra, Qərbi Yava və Qorontalo əyalətlərində yerləşən 25 şəhərdə insanların daha çox toplaşdığı yerlərə nəzarət edəcəyi qeyd edilir. Paytaxt Cakartada həmin tədbirlərin artıq bu gündən tətbiq olunacağı bildirilir.

Prezidentin sözlərini sitat gətirən qəzet yazır: “Hərbçilər və polis əməkdaşları bu gündən başlayaraq metro stansiyalarında yerləşdiriləcək. Onlar hamının sanitar qaydalara əməl etməsinə nəzarət edəcəklər”.

C.Vidodo qaydaları pozanlara qarşı intizam tədbirləri görüləcəyini də deyib.

Xatırladaq ki, ötən həftə Cakartanın hakimiyyət orqanları aprelin 10-dan tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin müddətini iyunun 4-dək uzadıb. Paytaxt qubernatoru Anies Basvedanın bu gün bildirdiyinə görə, məhdudiyyətlər həmin müddət başa çatdıqdan sonra yenə uzadıla bilər.

Əlavə olaraq bildirək ki, son məlumatlara görə İndoneziyada 23 min 165 nəfər koronovirusa yoluxub. Onlardan 5 min 877 nəfərin sağaldığı, 1418 nəfərin isə öldüyü bildirilir.

Teqlər: İndoneziya