23 Aprel 2024
Hərb tariximizin 44 günlük nəticəsi - Vətən müharibəsi

Hərb tariximizin 44 günlük nəticəsi - Vətən müharibəsi

10 Noyabr 2021
Baxış: 915

Daim yenilənən və sürətlə inkişaf edən dünyada müstəqil olan bütün dövlətlərin gücünü bir neçə amil şərtləndirir. Düzgün siyasət, davamlı və hərtərəfli inkişaf, güclü iqtisadiyyat, nizamlı ordu quruculuğu və s. Bu amillər içində ən çox diqqət çəkən, ölkələrin gücünü və siyasi arenada yerini bəlli edən əsas amillərdən biri, yaxud birincisi onun ordu quruculuğudur.

Rəqəmsallaşma əsrində artıq dövlətlər ordu quruculuğunda müasir yanaşmaya üstünlük verirlər. İndi ordu quruculuğu nə qədər güclü silah-sursat, hərbi texnika hesabına formalaşsa də, modern idarəetmə, texnoloji yeniliklərdən və bu yeniliklərə bələd savadlı kadrlardan da bir o qədər asılıdır. Biz bunun ən yaxşı nümunəsinə müasir və güclü Azərbaycan Ordusunun timsalında 44 günlük şanlı Vətən müharibəsi zamanı şahid olduq və dünyaya sübut etdik.

Şərqin ilk demokratik hökuməti olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) həmin dövrdə ordu quruculuğuna da başlayıb.1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. Lakin 1920-ci ildə AXC-nin süqutu və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bolşevik hökuməti ilk Milli Ordunu ləğv etdi. 70 illik əsarətdən sonra SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin bərpa edildiyi illərdə ölkədə yaranan siyasi və hərbi böhran vəziyyətinə 1993-cü ilin iyunun 15-də ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə son qoyuldu. Elə ordu quruculuğu sahəsində dirçəliş də tarixə ümummilli lider Heydər Əliyevin adı ilə yazıldı. Ulu öndərin təşəbbüsü ilə qısa zamanda ilk dəfə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu addım daha sonra yaradılacaq hərbi məktəblər və hərb sahəsi üçün ilkin və laübd addım idi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü Ordusudur. Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində mütəmadi olaraq Ordumuzun arsenalına ən müasir silah və texnikalar daxil edilib. Yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən qurğular, döyüş təyyarələri, hərbi və nəqliyyat helikopterləri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri hərbi gücümüzün inkişafının göstəricisidir.

Ötən 30 il ərzində Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün hərtərəfli işlər görürdü. Həm beynəlxalq arenada, həm ikitərəfli formatda əlaqələrimizi gücləndirmək, həm iqtisadi güc toplamaq, həm də Ordumuzu müasir standartlara uyğun formada təşkil etmək əsas məqsədlərimizdən idi. Nəhayət, bütün bu hazırlıqlar öz nəticəsini hərb tariximizin şərəfli səhifələrinə çevrilən 44 günlük Vətən müharibəsində göstərdi. Lakin hələ müharibə başlamamış 2020-ci ilin 12 iyul tarixində Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. Üç gün çəkən döyüşlərdə Azərbaycan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və iki mayor olmaqla 11 hərbçisi erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid oldu. İyul hadisələri Azərbaycan xalqını yenidən ayağa qaldırdı, hamı bir nəfər kimi döyüşmək, torpaqlarımızı işğaldan azad etmək və şəhidlərin qisasını almaq üçün Ali Baş Komandanın ətrafında toplaşdı. Vətənin bütün bölgələrindən minlərlə cəsur oğul və qızlar könüllü olaraq Orduya yazıldı. Təkcə bir neçə gün ərzində artıq könüllü olaraq Orduya yazılanların sayı 150 min nəfəri keçirdi. Çünki hər bir Azərbaycan gənci anlayırdı ki, müharibə bu gün də, yarında ola bilər. Vətənin bütövlüyünü qorumaq, keşiyində durmaq hər bir azərbaycanlının ümdə vəzifəsidir. Beləlikə, Tovuz döyüşləri Vətən müharibəsinə başlanğıcın ilk qığılcımları oldu.

Qısa müddət sonra 27 sentyabrda başlayan Vətən müharibəsində Ordumuzun yüksək texnologiyalı silahlardan peşəkarlıqla istifadə etməsi hərbi əməliyyatların gedişatını tezliklə leyhimizə həll etməyə imkan verdi. Döyüşlər zamanı Ordumuz sərəncamındakı ən müasir silahlardan, idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından, o cümlədən öz hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalardan uğurla və koordinasiyalı şəkildə istifadə edib. Hərb tarixində yeniliklərə imza atan Ordumuzun müharibəni qısa zamanda uğur əldə etməsi düşmən tərəfini qorxuya saldı. Müharibədə yalnız “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etdi. Bundan başqa, “AN-2” təyyarələri döyüşlərdə “tələ yem”i kimi istifadə olundu və unikal taktiki gediş quruldu. Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən operativ–taktiki raket kompleksləri, zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri dəqiqliklə məhv edildi.

Lakin müharibənin ağırlığı heç də bütünlüklə texnoloji cəhətdən yüksək idarə olmunmaya malik hərbi texnika, silah-sursatların üzərinə düşmürdü. Bizə ən ağır döyüşlərdəki qələbəni Ermənistanı bütünükdə qorxuya salan, kabusuna çevrilən hərbçilərimiz qazandırıb. Silahlı Qüvvələrimizin bütün qoşun növləri üzrə şəxsi heyəti böyük şücaət və mərdliklə döyüşərək yeni qəhrəmanlıq tarixi yazdılar. Orduya yazılmış minlərlə gənc döyüşlər zamanı göstərdiyi igidliklə fərqləndilər. Ordu sıralarımızda nəinki əsgərlər, eyni zamanda həkimlər, tibb işçiləri də gözünü qırpmadan od-alovun içinə girərək döyüşçülərlə birlikdə vəzifələrini yerinə yetirdilər. Dünyanın ən intizamlı, ən ağır tapşırıqlarını yerinə yetirə bilən və çətin hərbi qüvvəsi Xüsusi Təyinatlı Qüvvələr (XTQ) hesab edilir. Azərbaycan Ordusunun da XTQ-i müharibə zamanı xüsusilə fərqləndilər. XTQ Vətən müharibəsi zamanı düşmənin arxasında, bəzən 100 km dərinlikdə özünəməxsus tapşırıqları yerinə yetirib, Murov yüksəkliklərini, Xudafərini, Şuşanı azad etmək üçün heç bir texnikanın köməyi olmadan qayalıqlara, zirvələrə dırmanaraq, əlbəyaxa döyüşlərlə düşməni məhv edib.

Biz artıq Birinci və İkinci Qarabağ müharibələrindəki şəhidlərimizin qisasını aldıq və mübarizəmizi döyüş meydanında qələbə ilə tamamladıq. Bu müharibə haqqın nahaq üzərindəki qələbəsi, xeyirin şəri məğlub etməsi idi. Baxmayaraq ki, 44 günlük döyüş tarixi payız aylarına təsadüf etdi, lakin təbiət də, hava da sanki Azərbaycan Ordusunun haqq savaşının tərəfində idi. Nəticədə, bütün dünya Azərbaycanın hərbi gücünün, Ermənistan isə özü üçün yaratdığı "yenilməz" mifinin necə darmadağın olduğunun şahidi oldu. Lakin dövlət başçısının dediyi kimi, bizim hərbi gücümüz bundan sonra da artacaq və Ordumuz ən müasir silahlarla təmin ediləcək.

Dünyanın ən nüfuzlu hərbi reytinq hesabatı olan “Global Firepower 2021” hesabatına əsasən, Azərbaycan 2021-ci ildə də hərbi gücünə görə qlobal mövqeyini sabit saxlayaraq 140 ölkə arasında 64-cü yerdə qərarlaşıb.

44 günlük Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun illər ərzində formalaşan və güclənən hərb tarixinin nəticəsi idi. Bundan sonra nəinki Ermənistan, hətta ölkəmizə qarşı edilən bütün digər təhdidlərə lazımi zamanda cavab vermə qabiliyyətinə malik hərbi gücümüzün olduğu hər kəsin barışmalı olduğu reallıqdır. Zəfərin mübarək, şanlı Ordumuz!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev