20 Aprel 2024
Gənc əsgərlərin və tək oğulların xidmətə cəlb edilmə mexanizmləri - peşəkar ordu sistemi gündəmdə

Gənc əsgərlərin və tək oğulların xidmətə cəlb edilmə mexanizmləri - peşəkar ordu sistemi gündəmdə

09 Avqust 2022
Baxış: 407

Gənc əsgərlərin həssas bölgələrdə, ön xətdə və vacib döyüş tapşırıqları yerinə yetirilən ərazilərdə xidmətə cəlb edilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Buna səbəb ötən həftə Laçında həlak olan əsgərlərdən birinin cəmi 3 ayın əsgəri olmasıdır. Bir çoxları deyir ki, gənc əsgərləri belə həssas bölgələrdə posta çıxarmaq doğru deyil. Bəs qanunvericilik nə deyir? Bu proses necə tənzimlənməlidir?

Digər bir məsələ evin tək oğlu olan şəxslərin ön xətdə deyil, arxa cəbhədə xidmət etməsi məsələsinin gündəmə gəlməsidir. Bunun da səbəbi şəhid olan əsgərlərimizdən birinin evin tək oğlu olmasıdır. Ümumiyyətlə, bu məsələlərə hərbi və qanuni baxış nədən ibarətdir? Necə olmalıdır? Dünya təcrübəsində necədir?

Bu arada, Azərbaycanın peşəkar ordu sisteminə - müqaviləli hərbi xidmət - keçməsi məsələsi müzakirə edilir. Bu haqda əslində illərdir danışılır. Bu haqda hərbi ekspertlərin təklifləri nədən ibarətdir?

Hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib: “Nə əsgərlərin harasa çıxarılması, nə də ki, xidmət etməsi ilə bağlı ”Azərbaycan Respublikasının Silahlı Qüvvələr haqqında" Qanununda hər hansı məhdudiyyət qoyulmayıb. Qanunvericiliyə əsasən çağırışçı orduya çağırılandan sonra əsgərin andiçmə mərasimi keçirilir. Andiçmə mərasimində hansı xidməti aparması ilə bağlı tələblər var. Bu birinci sənəddir. Orada nə gənc əsgər sözü yoxdur, nə başqa yerdə xidmət etmək haqqında söz yoxdur. Andiçmə mərasimindən sonra tam hüquqi əsgər kimi fəaliyyət göstərməlidir. Bizdə qanunvericilikdə döyüş proqramında əsgər çağırılandan sonra gənc əsgər kursuna cəlb edilir. 72 saatlıq bu kursda lazım olan məşğələlər keçirilir. Ondan sonra andiçmə mərasimi keçirilir. Yəni qanunla yanaşsaq, andiçmə mərasiminə kimi gənc əsgər artıq kursu keçmiş olur. Kursu keçəndən sonra əsgərlər ixtisaslara bölünürlər və həmən ixtisas kursu keçirlər. İxtisas kursu keçən əsgərlər hərbi hissələrdə öz vəzifələrinə təyin olunurlar.

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də

Şair Ramaldanov: “Komandirlər biləndə ki, evin tək uşağıdır, çalışırlar bunu nəzərə alsınlar, Müdafiə Nazirliyinin rəhbərliyi də komandirlərin belə qərarına müsbət yanaşır”

Gənc əsgər kursu ilə ixtisas kursu bir yerdə üç ay müddətinə başa gəlir. Ona görə əsgərlər 3 ay ərzində hərbi hissədə bu proqramı tam mənimsəyirlər. Qanunda belə bir məsələ yoxdur ki, bu əsgər burada xidmət etməlidir, o biri əsgər başqa yerdə. Əsgər tərxis olundu, tərxis olunanların yerinə başqa əsgərlər təyin olunur. İnsanlar məlumatsızlıqdan sosial şəbəkələrdə şəhidimizlə bağlı çağırışlar edirlər. Əlbəttə, mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Bir yanaşma kimi buna anlayışla baxmaq olar. Amma qanunvericilikdə üç aydan sonra əsgərin istər ön səngərdə, istər hansısa tapşırığı yerini yetirməsində, istərsə də döyüşdə hər hansı bir məhdudiyyəti göstərilməyib. Komandirlər də təbii ki, qərar verə bilərlər, ancaq əsgərin gənc olması ilə bağlı yox, əsgərlərin individual xüsusiyyətlərinə görə. Məsələn, biri fiziki cəhətdən zəif olarsa, bu zaman qərar verilə bilər".

Ş. Ramaldanovun sözlərinə görə, statistik məlumata əsasən, nisbətən gənc əsgərlər arasında itki daha azdır, nəinki ondan artıq xidmət edən əsgərlər: “Bu da ondan irəli gəlir ki, təcrübəsi az olan əsgərlər daha ehtiyatlı davranırlar. Daha təcrübəli əsgərlər o mühitə uyğunlaşaraq ehtiyatsızlıq da edirlər, bəzən düşmən tərəfindən atılan atəşin nəticəsində xəsarət alırlar”.

Hərbi ekspert evin tək oğullarının xidmətə cəlb edilməsi məsələsinə də münasibət bildirib: “Bizdə bir müddət əvvəl belə qayda var idi. Amma ki, qanunvericiliyi əsas götürsək, bununla bağlı heç bir məhdudiyyət yoxdur. Konstitusiyada yazıldığı kimi, 18 yaşı tamam olan kişilər vətənə borcunu verməlidir. Səfərbərlik xidmətində hər il hesablamalar aparılır. Məlum olub ki, indi ailədə uşaqların sayı əvvəlkindən çox fərqlənir. Əvvəllər bir evdə 5-6 uşaq olurdu, indi ailədə bir, ya iki övlad var. Çox vaxt da iki uşaqdan biri oğlan olur. Belə olduğu halda, çağırış resursu ola bilsin ki, yetəri qədər olmasın. Misal üçün, 10 min əsgər çağırılmalıdırsa, əgər biz tək uşaq, tək oğul məsələsini ortaya qoysaq, bu zaman səfərbərlik xidməti o sifarişi yerinə yetirə bilməyəcək. Hazırda bunun qanunda öz əksini tapmamasının səbəbi da ailələrin az uşaqlı olması ilə bağlıdır. Səfərbərlik xidməti əsgər sifarişini yerinə yetirə bilsə, ondan sonra bu məsələyə baxıla bilər. Yerlərdə isə bildiyim qədər, komandirlər biləndə ki, evin tək uşağıdır, çalışırlar bunu nəzərə alsınlar. Müdafiə Nazirliyinin rəhbərliyi də komandirlərin belə qərarına müsbət yanaşır. Bəzən deyirlər, övladı ön xətdə yox, arxa cəbhədə xidmət etsin. Bizdə ön xətdən aralı olan hərbi hissələr çox azdır. İndi demək olar ki, hərbi hissələrin 80 faizi ya dövlət sərhədi boyunca, ya da Rusiya sülhməramlı qüvvələri yerləşən ərazilərdə yerləşir. Elə bir ərazi yoxdur ki, əsgərləri orada saxlayaq”.

Hərbi ekspert "rus"a görə adını dəyişdi, indi o, Ruslan yox, Alparslandır  ÜSTƏLİK.. - son xeberler

Alp Arslan İmamqulu

Hərbi analitik Alp Arslan İmamqulunun da “Yeni Müsavat”a dedikləri diqqət çəkir: “Hərbi xidmət keçmək haqqında əsasnamədə kimin harada və necə xidmət aparacağına dair hər hansı bir müddəa yoxdur. Ona görə də xidmətə cəlb olunan şəxslər qanunvericiliyə uyğun olaraq xidmət keçmək üçün müəyyən istiqamətlərə göndərilə bilər. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlər daim diridir. Onlar müqəddəsdir. Torpağı vətən edən məhz şəhidlərimizdir. Bir neçə gün öncə hərbi xidmət keçərkən müxtəlif səbəblərdən (qəza nəticəsində, özünə qəsd, ehtiyatsızlıqdan və sairə) dünyasını dəyişənlər olub. Şəhid Anar Kazımov bölgədə olan silahlı qruplaşmaların törətdiyi cinayət nəticəsində şəhid olub. Onun xidmət keçdiyi yer ön xətt olmayıb. Azərbaycanın daxili ərazisidir. Bu, bir terror aktıdır. Terror aktı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Bakı və ya Şəkidə - hər yerdə ola bilər. Anarın xidmət keçdiyi bölgədə hazırda qayıdış planı çərçivəsində inşaat işləri gedir, logistika fəaliyyətləri həyata keçirilir. Həmin bölgələrdə Azərbaycan Ordusu ilə yanaşı, əli silah tutan digər qurumların əməkdaşları da xidmət edirlər. Onlar təhlükəsizliyimizin təminatçısı olaraq müqəddəs vəzifəni yerinə yetirirlər”.

Ekspert yeni hərbi xidmətə qatılan şəxsin Laçın, Kəlbəcər və digər ərazilərdə xidmət keçməsinə dair müzakirələrin aparılmasının yanlış olduğunu dedi: “Cəmiyyətdə gənc və ya köhnə əsgərlərə dair çox yanlış müzakirələr aparılır. Hərbi qulluqçuların müəyyən xidmət yolu var və təməl hazırlıqları keçdikdən sonra xidmət yerlərinə göndərilirlər. Yerindən asılı olmayaraq, istənilən ərazimizdə təhlükəsizliyi və asayişi təmin etmək üçün ordumuz və digər müvafiq qurumlar xidmət aparırlar. Əlavə olaraq bildirim ki, qanunvericiliyimizdə yeni əsgər və ya evin tək oğlu olması səbəbləri ilə daha rahat xidmət yeri müddəaları yoxdur”.

Hərbi analitik peşəkar ordu sisteminə keçidlə bağlı verilən suala da cavab verib: “Ümumiyyətlə, Azərbaycan Ordusu artıq uzun illərdir ki, professional orduya keçid ərəfəsindədir. Amma mövcud vəziyyətdə bunu yüz faiz etmək mümkün deyil. İstənilən halda kimliyindən asılı olmayaraq hərbi qulluqçularımıza qarşı törədilmiş əməllər terror aktıdır və layiqli cavablarını aldılar”.



“Yeni Müsavat”

Teqlər: əsgər