18 Aprel 2024
Fransada gərginlik: Ordu Makronu anonim məktublarla HƏDƏLƏYİR

Fransada gərginlik: Ordu Makronu anonim məktublarla HƏDƏLƏYİR

12 May 2021
Baxış: 2999

Fransa ordusu bu günlərdə hökumətə ölkədə radikal islamçıların yaratdığı təhdid barədə daha bir xəbərdarlıq edib.

AJMEDİA.info xəbər verir ki, bu dəfə xəbərdarlıq hazırda xidmətdə olan hərbçilərin adından yayılıb, amma anonim şəkildə. Ordunun hər hansı formada siyasətə qarışmasının konstitusiya ilə qadağan edildiyi Fransada bu məktublar ciddi narahatlıq və rezonans doğurub.

Fransa hərbçilərinin son bir ayda dərc etdikləri hakimiyyətə ünvanlanan ikinci açıq məktubunda deyilir ki, ölkədə radikal islamçılarla vətəndaş müharibəsi közərir. Anonim məktub bazar günü axşam ultra-mühafizəkar Valeurs Actuelles jurnalının saytında dərc olunub. Məktubun müəlliflərinin müxtəlif rütbəli və müxtəlif qoşun növlərində həqiqi xidmətdə olduqlarını yazılır. Saytın sayğacına əsasən, bazar ertəsi günortaya kimi təxminən 150 min nəfər sayta abunə yazılıb.

Məktubda, o cümlədən, deyilir ki, Fransada bir sıra rayon və dini icma yaranıb və onların üzvləri üçün bu ölkə “sadəcə, sarkazm, nifrət, kin obyektidir”.

“Fransada vətəndaş müharibəsi közərir və siz bunu yaxşı bilirsiniz […] Hərəkətə gəlin, xanımlar və cənablar […] İndi söhbət sizin vəzifənizdə qalmaq və ya yenidən seçiləcəyinizdən getmir, indi söhbət ölkəmizin – sizin ölkənizin – sağ qalıb yaşamasından gedir”, – məktub müəllifləri bəyan edir.

Müəlliflər təkid edirlər ki, onların arasında Əfqanıstanda, Malidə və Mərkəzi Afrika Respublikasında xidmət edən və Fransanın daxilində terrorçuluğa qarşı əməliyyatlarda iştirak edənlər də var.

Fransa xarici işlər naziri Gerald Darmanin məktubu yazanlari qətiyyətlə pisləyib. “Mən hesab edirəm ki, əgər sən orduda xidmət edirsənsə, gərək belə şeylər etməyəsən. Bu insanlar anonim çıxış edib. Bu igidlikdir, nədir?” – nazir BFM telekanalına deyib.

Qeyd edək ki, aprel ayında hərbi mövzulara həsr olunmuş saytda, daha sonra isə həmin Valeurs Actuelles jurnalında mahiyyətcə eyni olan belə bir məktub dərc olunmuşdu. İkinci məktubu yazanlar birinci məktubun müəlliflərinin haqlı olduğunu qeyd edib.

İlk məktubu bir neçə fəaliyyətdə olan zabit və 20-yə yaxın ehtiyatda olan general imzalamışdı və həm mülki hakimiyyət, həm hərbi rəhbərlik siyasətə qarışmaq cəhdinə görə onları cəzalandırmaqla hədələmişdi.

Həmin məktubun müəllifləri dolayısı ilə, həmçinin, onların bildirdiyi kimi, “ölkəyə, onun ənənələrinə, mədəniyyətinə nifrət edən və onun keçmişi və gələcəyini qopararaq dağıtmaq istəyənlərin” dəstəklədiyi irqçilik və müstəmləkəçilik irsinə qarşı mübarizə əleyhinə çıxış ediblər. Məktub müəlliflərinin fikrincə, bütün bunlar Fransada konstitusiya deyil, ehkamçılığın hökm sürdüyü ərazilərin peyda olmasına aparır.

“Ölkəmizi idarə edənlər mütləq bu təhlükəni aradan qaldırmaq üçün özlərində cəsarət tapmalıdırlar. Bunun üçün çox vaxt sadəcə mövcud olan qanunların istifadə olunması kifayətdir. Daha uzatmaq olmaz, əks təqdirdə sabah bu hərc-mərcliyə vətəndaş müharibəsi son qoyacaq və məsuliyyəti sizin boynunuza düşən qurbanların sayı minlərlə hesablanacaq”, – fransalı hərbçilər xəbərdar edir.

Baş nazir Jean Castex bu məktubu Fransa Respublikasının ”özülünə qəsd” adlandırıb, silahlı qüvvələr naziri Florence Parly deyib ki, müəlliflər siyasət və din mövzularında hərbçilərin çıxış etməsini qadağan edən qanunu pozduqlarına görə cəzalandırılacaqlar. Qərargah rəisi general François Lecointre dəqiqləşdirib ki, cəza tədbirləri müxtəlif ola bilər – inzibati töhmətdən istefayadək.

2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Emmanuel Macron çox güman ki, yenidən sağçıların lideri Marine Le Pen-ə qarşı mübarizə aparacaq. Fransa şərhçilərinin müşahidələrinə görə, son vaxtlar Macron hökuməti də islam və mədəniyyət müxtəlifliyi məsələlərində bir qədər “sağa meyllənib”.

Ötən ilin dekabrında Fransa hökuməti dünyəvi dövlət dəyərlərinin müdafiəsi haqqında qanun layihəsini təsdiq edib. Layihəyə əsasən, internetdə düşmənçiliyin qızışdırılması ilə mübarizənin daha da sərtləşdirilməsi, islam dininə aid ”qədim radikal əlyazmaların” tədris edildiyi gizli və yarımgizli məktəbləri işlətməkdə və çoxarvadlılıqda təqsirləndirilənlərə ölkədə yaşamaq icazəsi sənədini verməmək təklif olunur.

Bundan başqa, hökumət respublika dəyərlərini tanımaq istəməyən İslam təşkilatları üçün dövlət yardımının təqdim edilməsi qaydalarının sərtləşdirilməsini, eləcə də dinlə bağlı geyimlərə qadağaların genişləndirilməsini təklif edir: hazırda geyim qadağası dövlət qulluqçularına aiddir, lakin nəqliyyat, üzgüçülük hovuzları və bazar işçilərinə şamil edilməsi də təklif olunur.

Sosioloqların hesablamalarına görə, müsəlmanlar Fransanın təxminən 5 faizini təşkil edir. Buna dair rəsmi statistika yoxdur, bu qəbildən məlumatın toplanması Fransa qanunları ilə birbaşa qadağan olunur.

Xatırladaq ki, Fransada İŞİD və digər radikal islamçı qruplaşmalar tərəfindən dəfələrlə qanlı terror hücumları törədilib. Fransa şəhərlərində həqiqətən radikal islamçıların faktiki nəzarətində olan məhəllələr, rayonlar meydana çıxıb. Lakin bütün bunlara baxmayaraq Fransa başda olmaqla bir sıra Avropa ölkələrində islamafobiya meylləri də güclənməkdədir və indi Fransa hərbçilərinin hökuməti “radikal islamçılara qarşı daha qətiyyətli mübarizəyə” səsləyən bəyanatlarını həm də bu meyllərlə əlaqələndirmək olar. (virtualaz.org)