29 Mart 2024
“Ermənilər bizim kimi 28 il səbr etməyəcəklər, qisas almağa çalışacaqlar“ -  Konfliktoloq

“Ermənilər bizim kimi 28 il səbr etməyəcəklər, qisas almağa çalışacaqlar“ - Konfliktoloq

15 Noyabr 2021
Baxış: 631

Ötən gün Şuşada erməni terrorçusunun tərətdiyi təxribat və Rusiya sülhməramlılarının olaya nəinki seyrçi qalması, terrorçunu tutub terroru təşkil edənlərə təhvil vermələri Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb.

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ətrafında konfliktoloq Elxan Mehdiyev fikirlərini bölüşüb. Onun Moderator.az-a müsahibəsini təqdim edirik:

– Elxan bəy, Şuşa ətrafında baş verən bu hadisəni necə qəbul etdiniz?

– Mənim yanaşmam budur ki, biz bu cür terror və diversiya hadisələrinə hazır olmalıyıq, çünki ermənilərin terror kültürünə xas olması belə halların gələcəkdə daha çox olacağına arqument verir. Üstəlik, son bir il ərzində Ermənistanda və xüsusən erməni nəzarəti altında olan Xankəndidə aparılan nasist təbliğatı bu cür hadısələrin baş verməsi üçün münbit baza yaradır. İkinci bir tərəfdən, həm Ermənistanda və həm də bizim Qarabağda müxtəlif dərnəklər altında indidən terror qurplarının hazırlanması istiqamətində mətbuata da xəbər verilən proseslər gedir. Burada həm oğlanlar və həm də qızlar terror və diversion əməliyyatları aparmaq, silah və qumbara ilə işləmək, gecə şəraitində əməliyyatlar aparmaq, dözümlülük və kəşfiyyat sahəsində təlimlər keçirlər. Yəni bu təlimlərə bu işlərlə məşğul olmaq istəyən könüllü gənclər gəlir və məqsəd də azərbaycanlılar yaşayan ərazilərə girib qətllər törətməklə qisas almaqdır. Bir müddətdən sonra onlar artıq daha münbit şəraitdə fəaliyyətə keçməyə də can atacaqlar.

Üçüncüsü, siz əgər fikir versəniz bu dəqiqə Qarabağda yaşayan hər bir erməninin evində ən azı bir neçə silah və qumbara var. Müharibənin gedişi zamanı o qədər silah və qumbaralar çöllərdə qalmışdı ki, silah əldə etmək problem daşımırdı. Həm də özünü müdafiə adı ilə hər bir ailə silah əldə etmişdi. Bir də fikir verin ki, rəsmi olaraq ermənilər 10 mindən çox fərari olduğunu söyləyir . Və bu fərarilər silahları ilə yox, silahlarını ataraq və bu kəndlərdə və Xankəndidə yaşayanların evlərində qoyaraq qaçmışlar. Xarici TV -lərin Martunidən verdiyi reportajda ermənilərin çarpayılarının altında hər birinin avtomat silahı olduğunu özləri göstərirdilər. Yəqin ki bir neçə bu faktlar nə qədər silah olduğu haqqında müəyyən təsəvvür üçün kifayət edər.

Digər tərəfdən, Azərbaycan öz sərhədinə nəzarət edə bilmir . Laçın yolu açıqdır. Və erməni terrorçu dəstələrinin yüngül silahla ordan gəlməsinə və ya geri getməsinə heç bir maneə yoxdur. Rus qüvvləri onları dedektor ilə yoxlamır. Uzağı onların pasportuna baxır və ya ən yaxşı halda maşının baqajına baxır. Heç kim də baqajda silah gətirmir. Silah gərirməyə də heç bir ehtiyac da yoxdur. Çünki bu cür işlər üçün Qarabağda hər türlü silah və sursat N qədərdir.

– Bəs siz erməni terrorçunun Rus qüvvələri tərəfindən separatçı qüvvələrə təhvil verilməsinə necə baxırsınız?

– Mən hesab etmirdim ki, onlar bu terrorçunu Azərbaycana verəcək. Ən yaxşı halda Ermənistan hökümətinə veriləcəyi güman edilərdi. Yəqin ki, Azərbaycan tərəfi onun bizə verilməsini tələb etmişdir. Amma onlar Azərbaycanı qulaqardına vuraraq heç Ermənistana yox, bilavasitə tam da yerli separatçılara verdilər. Bu da onların yerli separatçılarla münasibətlərinin hansı dərəcədə isti olduğunun göstəricisidir. Bu çür gediş çox pis və dəhşətli presedent yaradır və yaradacaq. Eyni 90-çı illərdə olduğu kimi. Terrorçuları cəzasızlığa sürükləndirir. Onlar bu terrorçunu Xankəndidə oturan baş terrorçu Vitali Balasanyana təhvil veriblər. Buna artıq heç şərh yoxdur.

Bilmək lazımdır ki, 1990-cı illərdə ermənilərin Azərbaycan hökümətini vecinə almaması, yavaş-yavaş əl-ayaq açmasının və cəzasızlığının səbəbi bilavasitə Azərbaycan mərkəzi hökümətinin cinayət və terror törədən ermənillərə qarşı Moskvadan çəkinərək, qorxaraq heç bir tədbir görməməsi idi. Yəni heç bir dövlət və suverenlik mexanizmlərinin işləməməsi idi. Bundan faydalanan ermənilər günü gündən zorakılığı artıraraq silahlı hərəkətlərə baş vurdular və Azərbaycanın sovet və sonra yeni müstəqil höküməti onların qarşısında qətiyətsizlik üzündən aciz qaldı. Nəticə də məlumdur. Mən təbii indi belə bir ssenarinin olacağına inanmıram və inanmaram. Amma bu hərəkətə Azərbaycan höküməti və hüquq mühafizə orqanları elə bir sərt şəkildə cavab verməli və tədbirlər görməlidirlər ki, terror xülyasında olan ermənilər öz talelerini öncədən görsünlər. Sizi inandirmaq istərəm ki, Azərbaycan xüsusi təyinatlılarının keçən ilin dekabrında erməni qüvvələrini Hadrutun kəndlərində əsir alıb Bakıya gətirməsi erməniləri müharibə qədər qorxutmuş və onların o zaman hər hansı bir revanşa cəhd xülyalarını tamamilə məhv etmişdir. Çünki nəticəsini millət olaraq gördülər və hələ də görürlər. Bu baxımdan, bu hadisə sükutla buraxılmamalı və inanıram ki, bizim xüsusi orqanlar daha da tədbirli işlər görəcək. Onlar buna qadirdirlər.

– Azərbaycan nə etməlidir?

– Hesab edirəm ki, Azərbaycan ilk növbədə Laçın yolunda öz sərhəd pasport məntəqəsini qurmalıdır. Bu, Azərbaycanın 1 nömrəli təhlükəsizlik məsələsidir. Yoxsa bizim Azərbaycanın təhlükəsizliyindən və ya suverenliyindən danışmaq yersiz və özünü aldatmaq olacaq. Təhlükəsizliyimiz bunu tələb edir, yoxsa dövlətin təhlükəsizlyi havadan asılı qalacaq.

Rus qüvvələri Laçın yolunu qorumaqda beş il səlahiyyətlidirlər, sərhədləri yox. Sərhəddən keçən əhalinin və ya avtomobil və ya yük maşınlarının təhlükəsizliyi 9 Noyabr bəyanatına görə onlara həvalə edilir. Amma sərhədi qorumaq onlara həvalə edilməmişdir. Bu Azərbaycan dövlətinin danışıqsız və qeydsiz -şərtsiz hüququdur. Belə çıxır ki, Azərbaycan Türkiyə, İran, Rusiya və ya Gürcüstan kimi dost ölkələrlə sərhəd – pasport məntəqəsi qurmuş, sadəcə düşmən ölkə olan Ermənistan ilə sərhədini açıq qoymuşdur. Düşmən ölkə ilə sərhəd açıqsa, o zaman hansı təhlükəsizlikdən söhbət gedə bilər?.

Dünya praktikasında heç bir sülh məramlı qüvvə sərhədləri qorumur. Bu ancaq ölkənin tələbi olduqda olur. Məsələn, baş tutmamış ölkələrdə belə olur. Sərhədlər silah qaçaqmalçılığı və ya narkotik üçün istifadə olunduqda və ölkə onu qorumaq iqtidarında olmadıqda xaricdən kömək istəyir. Belə bir necə təcrübə olmuşdur, məsələn, son illərdə Afrika ölkəsi Mali bu məqsədlər Fransadan kömək istəmişdir.

Azərbaycanın ordusu indi yeni keyfiyyətlərlə zənginləşir və yeni yaradılmış qüvvələrlə gücləndilrilir. Amma bundan başqa bizim anti-terror qüvvələrə da ehtiyacımız olacaq. Biz indi İsraildən daha çox öyrənməliyik. Onlar bu cür Qarabağda baş verən terror halları ilə çox üzləşiblər və ona görə onların təcrübəsi də böyükdur. İlk növbədə onların praktikası terrorçunu yerindəcə məhv etməkdir. Bunu indi Azərbaycan xüsusi qüvvələri də etmək qabiliyyətindədir. Amma, bilavasitə xüsusi anti terror birliklərinin yaradılmasına yaxın gələcəkdə ehtiyac olacaq. Çünki ermənilər bizim kimi 28 il səbrli qalmayacaq, onlar yuxarıda dediyim kimi Azərbaycana qarşı terror və diversiya hərəkətləri ilə qisas almağa çalışacaq. Erməni terroru qisas üzərində qurulub.