26 Aprel 2024
Erməni diasporu İsraili hədəf alıb

Erməni diasporu İsraili hədəf alıb

29 Noyabr 2022
Baxış: 341

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı erməni diasporunu ciddi narahat etməyə başlayıb. Xüsusilə də son zamanlar Azərbaycanla İsrailin yaxınlaşması, iki ölkə arasında münasibətlərin yeni müstəviyə qədəm qoyması Ermənistanda təşvişə səbəb olub. Bu səbəbdən erməni diaspor təşkilatları təxribatçı əməllərini davam etdirərək, bu dəfə İsrail diasporunu hədəfə alıb.

Ermənilərin yəhudilərə və ümumilikdə İsrailə qarşı düşmən kəsilməsinin əsas səbəblərindən biri kimi bu ölkənin Azərbaycanın yanında olması, haqq işində ölkəmizi müdafiə etməsi göstərilir. Onlar İsraili Azərbaycana dəstək verməkdə günahlandırır və Bakı-Təl-Əviv dostluğunu pozmaq üçün bütün yollara əl atırlar.

Əvvəlcə onu bildirək ki, müsəlman ölkəsi olan Azərbaycan xristianlarla yanaşı, dünyanın ən güclü lobbisinə malik yəhudi icması ilə də dostluq münasibətlərini indiyədək qoruyub saxlayıb və hazırda bu əlaqələr yüksək səviyyədədir. Azərbaycan-İsrail dostluğunu qəbullana bilməyən Ermənistan müsəlman və yəhudilərin yaxınlaşmasını özünə böyük təhlükə kimi görür. Azərbaycanın 44 günlük Vətən müharibəsində İsraildən aldığı müasir silahlardan istifadə etməsi də erməniləri hiddətləndirən səbəblər sırasındadır. İsrail istehsalı silahlarla erməni işğalçılarının darmadağın edilməsi İrəvanda bağışlanmaz hesab olunur. Hansı ki, erməni rəhbərliyi bunun günahını özündə axtarmalı, İsrail kimi nüfuzlu dövlətlə əməkdaşlıqda maraqlı olmamasında görməlidir. Ermənistandan fərqli olaraq Azərbaycan dini və milli mənsubiyyətindən asılı olmayaraq, sivil ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə can atır.

modern.az