23 Aprel 2024
"Ərdoğanı prezident seçkilərində məğlub edə biləcək yeganə rəqib odur" - "Blomberg”in ŞOK TƏHLİLİ

"Ərdoğanı prezident seçkilərində məğlub edə biləcək yeganə rəqib odur" - "Blomberg”in ŞOK TƏHLİLİ

08 İyun 2022
Baxış: 499

Türkiyədəki iqtisadi böhran və gələn il üçün planlaşdırılan seçkilər öncəsi ABŞ-ın nüfuzlu media orqanlarından olan “Bloomberg” geniş təhlil hazırlayıb.

Məqalədə “İnflyasiya Ərdoğanın yeganə rəqibidir, qiymətlər isə anketlərdə Ərdoğanı geri çəkir” başlığı ilə yer alıb.

AJMEDİA.İNFO xəbər verir ki, "Bloomberg" diqqəti müxalifətin hələ də konkret rəqib müəyyən edə bilməməsinə çəkir. Qeyd edilir ki, parlamentar sistemə qayıtmaq istəyən müxalifətin yaratdığı “altılıq” koalisiyası hələ 2018-ci ildə bütün hakimiyyəti əlində cəmləşdirmiş Ərdoğana qarşı namizəd irəli sürməyib.

Agentliyin yazdığına görə, Ərdoğanın qərarları ilə artan inflyasiya Türkiyə Prezidentinin 20 illik hakimiyyəti üçün ən sürətli təhlükəyə çevrilib. Son rəy sorğularında AKP və Ərdoğana dəstəyin azaldığı bildirilir. Həmçinin bildirilir ki, koronavirus qiymətlərin artmasına və bütün dünyada olduğu kimi tədarük zəncirində problemlərin yaranmasına səbəb olub. Türkiyədəki inflyasiya probleminin arxasında Prezident Ərdoğanın Mərkəzi Bank qərarlarına müdaxiləsinin dayandığı bildirilir. O cümlədən, Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı qərarlarına Prezidentin müdaxilə etdiyi vurğulanır.

“Normal halda inflyasiya iqtisadiyyat üçün problemə çevrildikdə, Mərkəzi Bank faiz dərəcələrini artırır və qiymətləri aşağı salmağa çalışır. Amma Türkiyə bunun əksini etdi”, - deyə məqalədə qeyd edilir.

Məqalədə aprel ayında Türkiyədə inflyasiyanın 70 faiz səviyyəsinə çatdığına diqqət çəkilir. Bu səviyyə 20 il əvvəl - Ərdoğanın seçkilərdə qələbə qazandığı vaxt belə yüksək olub. Ərdoğanın tikinti və daşınmaz əmlak sektoruna əsaslanan böyümə modelinə üstünlük verdiyi və ucuz puldan istifadə etdiyi vurğulanıb.

"Ərdoğan böyük iqtisadi eksperimentini dayandırmaq üçün heç bir siqnal vermir ki, bu da oxuduğunuz bütün iqtisadiyyat kitablarında yüksək faiz dərəcələrinin yüksək inflyasiyaya səbəb olması fikrinin əksinədir. Müxalifət partiyaları da vəzifəyə başlayacaqları təqdirdə Mərkəzi Bankın etibarlılığını və müstəqilliyini təmin edəcəklərinə söz verirlər. Həbsxanaya düşməsələr, bunu edə bilərlər”, - deyə məqalədə bildirilir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsxanaya göndərilməsi ehtimalının olduğu vurğulanarkən, Canan Kaftancıoğluna verilən cəza da xatırladılıb.

Qeyd edək ki, Türkiyədə artmaqda olan inflyasiyanın iqtisadi böhrana səbəb olacağı ehtimalı var. Bu isə ölkədə son vaxtlar hökumətdən artan narazılığın daha da güclənməsinə səbəb ola bilər. İnflyasiyanın, qiymətlərin və işsizliyin artması fonunda diqqət 2023-cü ilin avqust ayında Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə yönəlib.

Türkiyədə iqtisadi problemlərin dərinləşməsində əsas səbəblərdən birinə çevrilmiş koronavirus pandemiyası artıq başa çatmaq üzrədir. Yəqin ki, yaxın aylarda bütün dünyada pandemiyanın başa çatdığı elan ediləcək. Lakin iqtisadiyyatın zəifləməsinə görə müxalifət Ərdoğan iqtidarını ittiham edir. Belə ki, Prezidentin Qərblə qarşıdurma siyasətinin Türkiyəyə qarşı sanksiyaların tətbiqinə gətirib çıxartması artan inflyasiyanın əsas səbəblərindən biri hesab edilir.

Eyni zamanda, cənab Ərdoğanın iqtisadiyyata, xüsusilə də Mərkəzi Bankın fəaliyyətinə siyasi və bürokratik müdaxiləsi başlıca tənqid hədəfidir. Ona görə də müxalifət hakimiyyətə gələcəyi təqdirdə, Qərblə yaxınlaşma kursunu bərpa edəcəyini və iqtisadi şəffalığa üstünlük verəcəyini vəd edir. Ancaq Türkiyənin xarici ticarət dövriyyəsində idxaldan asılılığı uzun müddətdir əsas problemlərdən biri olaraq qalır.

Türkiyə Statistika Qurumunun hesablamalarına görə, pensiyaçıların təqaüdləri və işçilərin maaşları 5 ayda 35,64 faiz dəyərdən düşüb. Ən aşağı məmur maaşının alıcılıq qabiliyyəti minimum əməkhaqqının altına düşüb. Minimum əməkhaqqının alıcılıq qabiliyyəti isə 3 min 136 lirəyə enib. Rəsmi statistikaya əsasən, cari ilin əvvəlində 5 min 972 lirəyə yüksələn ən aşağı rütbəli məmurun alıcılıq qabiliyyəti may ayının sonunda 4 min 403 lirəyə enib.

Maaşı 6 min 660 lirə olan müəllimin alıcılıq qabiliyyəti 5 ayda 4 min 910 lirəyə, 7 min 460 lirə maaş alan tibb bacısının alıcılıq qabiliyyəti isə 5 min 500 lirəyə düşüb.

Təqaüdə çıxmış dövlət məmurunun minimum alıcılıq qabiliyyəti inflyasiya nəticəsində 1081 lirə əriyərək 3 min 35 lirə olub. Təqaüdə çıxmış fəhlə, ticarətçi və fermerlərin aylıq pensiya gəliri minimum 2 min 500 lirəyə qədər artırılsa da, hazırda alıcılıq qabiliyyəti 1843 lirəyə enib. Prezident Ərdoğan iyul ayında inflyasiyanın qarşının alınması üçün ciddi addımların atılacağını vəd edib:

“İlin sonunda biz bütün işçilərin vəziyyətini nəzərdən keçirəcəyik və hər kəsin haqqını almasını təmin edəcəyik. Sosial yardım paketimizi genişləndirməklə heç bir vətəndaşımızın əziyyət çəkməsinə imkan verməyəcəyik”.

Ümumiyyətlə, son 24 ildə Türkiyədə ən yüksək inflyasiya baş verib. Artıq Mərkəzi Bankın ABŞ dolları qarşısında hər gün dəyərini itirən lirənin məzənnəsini sabit saxlamaq üçün 30,6 milyard dollar valyuta ehtiyatı qalıb. İqtisadçılar bu məbləğin dolları saxlamaq üçün kifayət etmədiyini, bu səbəbdən ölkə rəhbərliyinin valyuta axtarışında olduqlarını bildirirlər. Son məlumatlara görə, Türkiyənin ehtiyacını görən ixracatçılar vəziyyətdən istifadə edərək Mərkəzi Banka valyuta satışının faizini 25-dən 40-dək artırıblar.

Bütün bunlar isə ölkədə narazı elektoratın sayını artırır. Əgər Ərdoğan hökumətin inflyasiyanın qarşısını ala bilməsə, yaxın aylarda bu göstərici 100 faizi ötə bilər. Nəticədə, növbəti dönəm seçikərdə AKP-nin və Ərdoğanın məğlubiyyəti qaçılmaz ola bilər.

Məsələn, artan inflyasiya gənclər arasında işsizliyin və yoxsulluğun səviyyəsinin artmasına səbəb olub. Bu baxımdan, müxalifət gənclərin səsinə ümid bəsləyir. 2023-cü ildə 7,5 milyon gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Onlar işsizlik və təhsil haqqını ödəyə bilməmək kimi ciddi problemlərlə qarşılaşıb. Ərdoğan iqtisadi sabitliyi təmin etməsə, milyonlarla gənc müxalifət üçün potensial elektorata çevriləcək. Bu da Qərbin, ilk növbədə isə Ərdoğanın hakimiyyətdən getməsində maraqlı olan ABŞ-ın maraqlarına uyğundur.

Ukraynada gedən müharibə fonunda NATO və Rusiya arasında mövcud gosiyasi qarşıdurmada Türkiyənin neytral mövqe tutmaq cəhdləri ABŞ-la gərginliyi bir qədər də artırıb. Türkiyənin həm NATO üzvü olması, həm də müharibənin getdiyi Qara dəniz regionunda yerləşməsi strateji əhəmiyyətini artırıb. Yəni Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmasına Qərb koalisyasının ciddi ehtiyacı yaranıb. Lakin Ərdoğan iqtidarı münaqişədə tərəfsizlik nümayiş etdirməklə, yəni daha çox Rusiya və Ukrayna arasında vasitəçi rolunu öz üzərinə götürməklə 2003-cü ildən yürütdüyü müstəqil xarici siyasət kursunu qoruyub saxlamağa çalışır.

NATO ilə Rusiya arasında de-fakto müharibənin getdiyi bir vaxtda rəsmi Ankaranın müstəqil mövqe tutması və manevr imkanlarını əldən verməmək cəhdi hərbi müttəfiqlərini qane etmir. Ona görə də ABŞ başda olmaqla, Qərb Türkiyəyə qarşı iqtisadi təzyiqləri artırmaqla Ərdoğanın hakimiyyətdən getməsinə nail olmağa çalışır.

Rusiyalı politoloq Stanislav Tarasov isə hesab edir ki, Türkiyədə müxalifət o qədər də təsir gücünə malik deyil.

Məhz buna görə də Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti müddətə yenidən dövlət başçısı seçilmək şansı yüksəkdir.

Ekspertin fikrincə, son aylarda inflyasiyanın artmasına baxmayaraq, Ərdoğanın əsas üstünlüyü iqtisadi sahədə nəticələr əldə etməkdən ibarət olacaq.

“Bütün göstəricilərə görə, təcrübəli oyunçu kimi Ərdoğanın 2023-cü il seçkilərində qalib gəlmək üçün hər şansı var. Təcrübəm deməyə əsas verir ki, o birinci turda kiçik səs fərqi ilə qalib gələcək. Baxmayaraq ki, ikinci turu istisna etmək olmaz. Lakin bu, fors-major, daxili və xarici siyasət şəraiti ilə bağlı olacaq”.

Onun sözlərinə görə, Ərdoğanın şəxsiyyəti çox populyardır. Ərdoğanın bütün hökumətləri çox güclü iqtisadi bloklarda olub və 10 il ərzində Türkiyə ümumi daxili məhsulunu 70 faiz artırıb.

"Lakin son vaxtlar qlobal böhran və sanksiyalar səbəbindən Türkiyədə iqtisadi vəziyyət daha da pisləşib, inflyasiya baş verib, investisiyalar azalıb. Ərdoğan Türkiyənin xarici siyasətini qurub. Türkiyəni regional güc mövqeyinə çıxarıb, "G20"-nin üzvü edib. Moskva, Pekin, Avropa paytaxtları ilə müzakirələrdə bərabərhüquqlu mövqeyə sahibdir. Bu daxili və xarici siyasət balansında o, qalib gələ bilər. Müxalifət partiyaları hələ ki, öz namizədlərini irəli sürməyiblər.

Bir müddət əvvəl Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu təmsil etdiyi 6 müxalifət partiyasının blokunun vahid namizəd irəli sürmək niyyətində olduğunu bildirmişdi.

Tarasov iddia edir ki, eyni zamanda müxalifət koalisiyası da parçalanıb.

“Hakim partiyanın yaradılmasında Ərdoğanın müttəfiqlərindən biri olan keçmiş iqtisadiyyat naziri Əli Babacan altı müxalifət partiyasından namizəd ola bilər. Məsələ burasındadır ki, müxalifətdəkilər Ərdoğanın keçmiş həmkarlarıdır. Onlar müxalifətdə olandan sonra partiya yaratmağa başladılar. Müxalifət parçalanıb. Onlar iqtisadi sahədə cəmiyyətdə qəbul edilən tənqidlərlə yanaşı, öz xarici siyasət doktrinalarını ortaya qoymurlar. Daha doğrusu, Ərdoğanın xarici siyasətinə şübhə ilə yanaşırlar”, - politoloq belə deyib.(Cebhe.info)

Teqlər: Bloomberg